"Şahlar Əsgərov repetitorluqla bağlı problemi vaxtında qaldırmalı idi"  -  Elçin Əfəndi

“O, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduğu dövr ərzində bu məsələni niyə işıqlandırmırdı?"
 
“Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin inkişafına mənfi təsir edir”.

 Bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir. Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir. Repetitorluq həmçinin tərbiyəyə və vətənpərvərliyə imkan vermir. Biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir. Bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar:
 “Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında bildirib ki, Şahlar Əsgərov bu məsələ haqqında danışmaqda çox gecikib:

“O, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduğu dövr ərzində bu məsələni niyə işıqlandırmırdı? Halbuki, biz dəfələrlə bu barədə demişdik. Hörmətli Şahlar Əsgərov ilk olaraq bu suala cavab verməlidir. Bu problemləri vaxtında qaldırmaq lazım idi. İndi orada təmsil olunmadığı halda kənardan bu fikirləri səsləndirməyə nə vadar edir. Belə çıxır ki, nazirlik vaxtikən müəyyən məsələlərin işıqlandırılmasına veto qoyduğu üçün danışa bilmirdi?”.
Ekspert eyni zamanda repititorluqla bağlı fikirlərə də münasibət bildirib:

“Problem ondan ibarətdir ki, valideynlər 1-ci sinifdən 11-ci sinifə qədər övladlarının təhsilinə ayda 200-400 manat xərcləyirlər. Bu ailə büdcəsinə dəymiş ciddi ziyandır. Dövlət təhsil müəssisələrində vətəndaşlara pulsuz təhsil verilməlidir. Bu hər bir vətəndaşın konstitusiya ilə təmin olunan hüququdur. Ölkədə 4432 orta ümumtəhsil müəssisəsi və bununla yanaşı özəl məktəblər var. Kimin imkanı varsa gedib özəl məktəblərdə övladını oxuda bilər. Amma bu ölkənin hər bir vətəndaşı imkanlı deyil. Buna görə də Təhsil Nazirliyi və müvafiq aidiyyati qurumlar çalışmalıdırlar ki, təhsil müəssisələrində doğru-düzgün təhsil verilsin. Bu gün orta ümumtəhsil müəssisələrində çalışan bəzi müəllimlər var ki,  onlar müəyyənləşən iş vaxtını  - 17:00 gözləmir, 13:00-da sinfi tərk edib, gedib repititorluq fəaliyyəti ilə məşğul olurlar. Çünki onların orta məktəbdə aldığı əməkhaqqı qənaətbəxş deyil.  Və beləcə bu proses geniş vüsət alır. Bu gün biz buna göz yumuruqsa, əlbəttə ki, bu rüşvətə yol açacaq. Biz uşaqlarımızı pullu təhsilə öyrəşdiyimiz üçün onlar böyüdükdə məmur və ya nazir olarsa onun da rüşvətə meyli yaranacaq. 4432 məktəbdən heç olmasa müəyyən hissəsini ödənişli etsinlər. Valideyinlər də bilsin ki, övladları onların pul ödəməyinin qarşılığında mükəmməl təhsil ala bilirlər. Bundan sonra əlavə repititora da ehtiyac qalmaz. Düşünün, Yasamal rayonundan çıxan uşaq Əhmədliyə gedir, oradan da qayıdır evinə yenidən digər repititorun yanına gedir. Bu zaman aylıq ödənişdən əlavə onun gediş- gəişi  üçün müəyyən məbləğ xərclənir. Bunu yerinə valideynlər illik olaraq o pulu ödəyər məktəbə, məktəblərdə müəllimlərə kifayət qədər əməkhaqqı verər. Yekunda da valideyn məktəbdən tələb edər ki, mənim övladım ali məktəbə qəbul ola biləcək balı yığsın. Amma biz məktəblərdə normal şəkildə təhsilə imkan yaratmırıq və onlar sadəcə atestat vermək funksiyasını daşıyır. Şagird 11 il ərzində məktəbə getməsə belə sonda imtahan verib atestatını alıb, çıxıb gedə bilər. Görün, nə qədər bərbad vəziyyətdir. Məktəb təhsil vermədiyi üçün şagirdlər də digər vasitələrə üz tutur”.

Sənan İsmayıl