Evdə təhsillə bağlı monitorinqlər aparılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı keçirilən operativ monitorinqlər başa çatıb.

Bu barədə Sherg.az-a BŞTİ-dən məlumat verilib.

Qeyd olunub ki, BŞTİ-nin təşkilatçılğı ilə yaradılan 7 komissiya tərəfindən aparılan monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılıb.

Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində karantin qaydaları, təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilib.

Qeyd edək ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili və şagirdlərin dərsə davamiyyəti vəziyyətinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir. Monitorinqlər xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə edib. Evdə təhsillə bağlı da monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlərin sistemli və ardıcıl şəkildə tədris ili ərzində davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.