Bakı Şəhəri üzrə Təhsil İdarəsindən direktorun iddialarına REAKSİYA


Bir neçə gündür sosial şəbəkələrdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilli olmaması ilə bağlı xəbərlər reaksiyalara səbəb olur.

Həmin şəxs isə 01.09.2004-cü ildə bu vəzifəyə təyin olunub.

Məktəbin direktoru Almaz Həsrətova iddia edir ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım atmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir:

“Bildiririk ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.