İmtahan yoxlamalarına ekspert çatışmır

Müəllimlər DİM-də vaxt itirmək istəmir

Çünki markerlik etsələr, tədris proqramı pozulacaq, repetitorlara da bu sərf etmir

  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda yazı işlərini yoxlayan ekspertlərin say azlığından gilyelənib. KİV-ə açıqlamasında M.Abbaszadə deyib ki, imtahan yazı işləri ən azı iki dəfə, müəyyən hallarda isə hətta üç dəfə yoxlanılır: “Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekspertlərin sayı çox azdı. Şagirdlər kifayət qədərdi, amma ekspertlər azdı. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı, məsələn, 20 min olsa, biz yoxlamanı daha tez həyata keçirərik". 

  Problemin yaranma səbəbləri barədə “Şərq”ə danışan Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov qeyd etdi ki, marker azlığı, ümumiyyətlə, mütəxəssis çatışmazlığı ilə bağlıdır: 

- Ölkədə, ümumiyyətlə, mütəxəssis çatışmazlığı var. Ali və orta ixtisas təhsili müəssisələri mütəxəssis hazırlığını lazımi səviyyədə icra etmir. Ona görə də bu cür problemlər yaranır. Marker çatşmazlığının əsas səbəbi bu sahə üçün mütəxəssis hazırlığının lazımi səviyyədə olmamasıdır. Digər səbəblər də var. Müəllimlərin böyük əksəriyyəti repetitor fəaliyyəti ilə məşğul olduğundan mütəxəssis kimi DİM-lə əməkdaşlıq edə bilmir. Çünki bu, onların vaxtını alır, tədris ili boyunca repetitorluqla məşğul olanları markerlik cəlb etmir. Markerlik etsələr, tədris proqramı pozulacaq, repetitorlara da bu sərf etmir. Müəllimlər DİM-də vaxt itirmək istəmir. İkincisi, ali məktəblərdə kurrikulum proqramının xüsusiyyətləri fənn kimi tədris olunmadığından ali məktəb tələbələri bunu bilmir. Onlara bunu öyrədən də yoxdur. Ona görə imtahanlarda da kurrikulum standartları ilə qiymətləndirməni bacarmırlar. İmtahan modelləri də mütəmadi dəyişdiyindən, onları əxz eləmək də çətindir. Problemdən çıxış yolu ali məktəblərin sırf markerlik üzrə mütəxəssis hazırlamasıdır. Mütəxəssis hazırlığı yüksək səviyyədə olsa, bu sahədə problem yaşanmayacaq. 

  K.Əsədov qeyd etdi ki, DİM imtahanlara cəlb edilən mütəxəssislərə, markerlərə yaxşı məvacib verir: 

- Hər suala görə çox yaxşı məbləğ ödənilir. DİM-in cəlb etdiyi mütəxəssislər, müəllimlər işə görə yaxşı əmək haqqı alırlar. Lakn bu, daimi deyil, mövsümidir deyə, müəllimlər daimi işlərini – repetitorluğu bir kənara qoyub DİM-də vaxt itirmək istəmirlər. Ştat vahidinə uyğun olmadığı üçün DİM onları daimi işə də götürə bilmir. Bu səbəblərdən imtahanlarda problem yaşanır.