Elm və Təhsil Nazirliyinin addımı alqışlandı

Uşaqlar insanabənzər robotlarla məşğul olacaq

“Steam bir təhsil proqramıdır və müasir dünyada buna böyük ehtiyac var”

  Elm və Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi steam avadanlıqlarının satınalınması üzrə tenderə yekun vurub. Tenderin qalibi “Edumedia-Azərbaycan” MMC seçilib. 9 ədəd insanabənzər robot, 302 ədəd müxtəlif 3D printerləri, 4805 ədəd müxtəlif elektrik mühəndisliyi təcrübələrini aparmaq üçün dəst, 140 ədəd lazer kəsim,3D print və lazer oyma dəzgahının alınması ilə bağlı qalib şirkətə 1 milyon 822 min 43.9 manat ödənilib.

  İnsanabənzər robotlardan hansı məqsədlə, necə istifadə olunacaq? Orta məktəblərdə dərslik çatışmazlığı yaşandığı şəraitdə bu qədər vəsait steam avadanlıqları üçün xərclənməlidirmi? 

   “Şərq”ə açıqlamasında fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis Rafiq İsmayılov qeyd etdi ki, steam təhsil proqramı olduğu nəzərə alınsa, göstərilən məbləğ heç də böyük sayılmaz: 

- Steam bir təhsil proqramıdır və müasir dünyada buna böyük ehtiyac var. Hazırda dünyada süni intellekt, proqramlaşdırma, kodlaşdırma əsas ixtisaslardır. Müasir təhsili, ümumiyyətlə, müasir dünyanı bunlarsız təsəvvür etmək mümkün deyil. Robotların hansı görünüşdə olması əhəmiyyət kəsb etmir. Sadəcə, onlara uşaqlar üçün cəlbedici olsun deyə, insanabənzər forma verirlər. Bu, uşaqlarda maraq oyatmaq üçündür. Və bir qədər də müştəri cəlb etmək üçün. Bizim gündəlik həyatda qarşılaşdığımız elektron cihazların hamısı robotdur. Bir dəmir qutuya yaxınlaşıb, ödəmə həyata keçiririk, “o” bizə qəbz verir. Hansısa düyməni basmaqla bilet alırıq və sair. Bunlar hamısı robotlardır. Amma başqa-başqa şəkillərdə, formalarda. Bu avadanlıqlar təhsil müəssisələri üçün alınır deyə, onların insanabənzər formalı olması daha məqsəduyğöun hesab edilir. Şagird qarşısında sanki insan görür, onunla birgə fəaliyyətə başlayır. Robotlar süni intellekt tətbiq olunmuş sahədir. Onu insanabənzər formada istehsal etməklə cəlbedici edirlər. Məsələ, robotun hansı formada, hansı şəkildə olmasında deyil, onun bacarığındadır. Hesab edirəm ki, bu, gələcəyə yönəlik addımdır. Bu günün gənci robot texnikasını, proqramlaşdırmanı bilməli, bu sahələrdə bacarıqlar əldə etməlidir. Sadalanan avadanlıqların alınması da bu məqsədə yönəlib.

  R.İsmayılov bildirdi ki, avadanlıqların alınması nə qədər müsbət haldırsa, onların istifadəyə verilməsi, səmərəli şəkildə təcrübə üçün yönləndirilməsi də bir o qədər vacibdir: 

- Əsas həm də budur ki, bu avadanlıqlardan səmərəli şəkildə isitfadə edilsin. Texnologiya, proqramlaşdırma elə bir sahədir ki, onu yalnız kitab vasitəsilə öyrənmək olmaz. Uşağın qarşısında kompüter, müasir avadanlıqlar olmalıdır ki, müxtəlif proqramlar üzərində işləyə bilsin və yeni ixtiralar əldə etmək mümkün olsun. Ümid edək ki, alınmış avadanlıqlar təyinatı üzrə uşaqların istifadəsinə veriləcək.