Elm və Təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ilk müəllimini təbrik edib.
Foto sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Nazir ilk müəllimi haqda bu sözləri yazıb:
"Gülzar müəllim - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!
Müəllimlər Günündə bir daha sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllim! Bayramınız mübarək!"
Qeyd edək ki, nazir 7-ci sinfədək Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 saylı məktəbdə təhsil alıb. Sonra Fizika-riyaziyyat, informatika təmayüllü liseydə təhsilini davam etdirib və həmin liseydən məzun olub.
“Sherg.az” olaraq Gülzar (Kələntərova) müəllim ilə həmsöhbət olduq.
“Emin sadə, gözəl ailədə böyüyüb. Tərbiyəli, savadlı idi. Ondan heç bir mənfi hərəkət görməmişəm. Emin ən çox riyaziyyat fənnini xoşlayırdı. Elə vaxt olurdu ki, dörd suallı məsələni oxuyurdum. Mən bitirəndə o, artıq cavabı deyirdi.
Məktəbdən məzun oldu, xaricdə təhsil aldı. Amma həmişə əlaqə saxlayır, görüşür. Onunla fəxr edirəm”.
Gülzar müəllim dedi ki, nazir olduqca dərin biliyə malik şagird olub:
“Hətta məktəb təmir olunanda açılışda iştirak etmişdi. Onda da, gözəl çıxışı ilə yadda qaldı.
Müəllimlər gününü təbrik etməkdən ötrü evimizə gəlmişdi. Əvvəlki Emindir, sadə oğlanla söhbət edirdik.
Ona uğurlar arzulayıram. Emin istəyir ki, təhsilimizi daha yüksəklərə qaldırsın, yeniliklər gətirsin. Xüsusilə, ibtidai sinif müəllimlərinin savadlı olmasını arzulayır. Müəllim savadlı olarsa, sözsüz şagird də həmin yolu davam edəcək. Savadı olmayan müəllim uşağı bədbəxt etməsin".
Aygün Tahir