Dünyada rəqəmsal texnologiyalar əsri davam edir -RƏY

Ona görə də bu sahə üzrə ixtisaslı məzunların artmasından narahat olmağa dəyməz

Bu sahəni elmi cəhətdən ətraflı öyrənənlər, bakalavr, magistr təhsil səviyyəsi alanlar, əlbəttə daha şanslıdırlar

  Tələbat artan ixtisaslarda son illər kifayət qədər fərqlilik görünür. 20 il əvvəl hüquq, fəlsəfə, politologiya, dövlət idarəçiliyi, xarici dillər prioritet sahələr hesab edilirdisə, son 10 ildə bu ixtisasları başqaları əvəz edir artıq. Bu sırada iqtisadiyyat, menecmentlik, sənayenin təşkili və idarə olunması,  biznesin idarə olunması, mühasibat uçotu, audit və əlbəttə ki, mühəndislik - komputer elmləri, informasiya texnologiyaları, qida mühəndisliyi -  ilk yerlərdədir. Dövlət sifarişli ixrtisaslar arasında da bu sadalananlara plan yerləri daha çox təklif edilir. Dövlətin yüksək ixtisaslı mühəndis kadrlarına ehtiyacı var. Lakin mühəndis deyildikdə sovet dönəmindəki inşaat və ya sənaye mühəndisləri deyil, məhz texnologiya sahəsi üzrə mühəndislər nəzərdə tutulur. Builki qəbul imtahanlarında da hansı ixtisaslara tələbat olduğu göründü. Qəbul imtahanlarını uğurla verənlər arasında kompüter və informasiya texnologiyaları sahəsini seçənlərin sayı daha artıqdır, nəinki digər ixtisaslara yönələnlərin. Burada müasir dövrün çağırışları nə qədər aktualdırsa, cəmiyyətdə hansısa ixtisasın “trend” olması amili də var. Məlumdur ki, cəmiyyətimiz dəbə qarşı həssasdır. Kiminsə müəyyən bir sahədə uğur qazandığını, məşhur şirkətlərdə çalışdığını, yüksək əməkhaqqı aldığını görən valideynlər övladlarını məhz həmin sahəyə yönləndirməyə çalışırlar. Amma unudurlar ki, heç də hamının naxışı “tutmur”. Bir sahəyə kütləvi axın həmin sahədə lazımsız kadr bolluğu və yüksək ixtisasa baxmayaraq  işsiz qalmaqla nəticələnə bilər. Bu sahə necə tənzimlənməlidir?  

  Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov “Sherg.az”a açıqlamasında hazırda kompüter və informasiya texnologiyaları sahəsinə maraq və ehtiyacın böyük olduğunu dedi:
 
- İnformasiya texnologiyaları əmək bazarında bu gün də ciddi tələbat olan ixtisasdır. Hər il bu sektorda kadrlara tələbat 20 faizədək artır. İstər Avropa ölkələri, istərsə də bizə qonşu ölkələr gələcək inkişaflarını informasiya texnologiyalarında görürlər. İnformasiya texnologiyaları süni intellekt, süni zəka ilə əlaqəli ixtisaslardır. Və bu sahə üzrə kadrlara hər bir ölkədə ehtiyac var.  Hazırkı əmək bazarında bu sahədə çalışanların yarısı başqa ixtisas məzunlarıdır, amma müəyyən kurslar, fərdi tədris, təlim vasitəsilə öyrəniblər, çalışırlar. Lakin bu sahəni elmi cəhətdən ətraflı öyrənənlər, bakalavr, magistr təhsil səviyyəsi alanlar, əlbəttə daha şanslıdırlar. Dünyada rəqəmsal texnologiyalar əsri davam edir. Ona görə də bu sahə üzrə ixtisaslı məzunların artmasından narahat olmağa dəyməz. Hazırda Çin, Hindistan kimi ölkələr dünyanın aparıcı İT şirkətləri üçün kadr bazası hesab olunur. Onlar  İT üzrə yüksək ixtisaslı mühəndislər yetişdirir. Bizim məzunların da İT sertifikatları qazanmaq, qlobal şirkətlərdə çalışmaq, əməkdaşlıq etmək imkanı hər zaman var. Sadəcə, öz ixtisasını, seçdiyi sahəni mükəmməl öyrənmək lazımdır.  

  E.Süleymanov bildirdi ki, dövlət sifarişli plan yerləri Elm və Təhsil Nazirliyinin  sifarişi ilə əlaqədar qurumlarla razılaşdırılır, Nazirlər Kabineti tərəfindən isə təsdiqlənir. Dövlət sifarişli plan yerləri belə müəyyənləşir. Hansı ixtisaslara nə qədər tələbat var, nə qədər qəbul həyata keçirilməlidir, müəyyən edilir:
- Təhsilin inkişafı dövlət strategiyasında mühəndis kadrların sayının  artırılması ilə bağlı bənd var. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əmək bazarı ilə bağlı müvafiq rəy təqdim edir. Dünyadakı tendensiyalar, müxtəlif hesabatlar  incələnir və yekun qərar verilir. Bu bir həqiqətdir ki, İT və iqtisadiyyat hazırda dünyada prioritet sahələrdir. Dövlət sifarişli yerlərin təyinində bütün bu amillər nəzərə alınır. Diqqət etsək görərik ki, builki məzunların böyük hissəsi dövlət sifarişli ixtisaslara qəbul olunanlardır. Bu da dövlətin təhsilə göstərdiyi qayğının təzahürüdür.