Şagirdlər inşa yox, esse yazmalıdır -REAKSİYA

Uşaqlar ən azından arzularını ifadə eləməyi bacarmalıdır


  Yeni tədris ili başlayan kimi valideynlərin də narazılığı baş qaldırıb. Sosial şəbəkələrdə ölkənin ümumtəhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər paylaşılır. 
Valideynləri narahat edən məsələlərdən biri də ibtiadi sinif şagirdlərinə məcburi qaydada  esse yazılmasıdır.  “3-cü sinif şagirdinə esse yazmaq tapşırığı verilib. 4-cü sinifdən birbaşa qəzetə işə götürmək lazımdır”. “İbtidai sinif şagirdlərinə esse yazdırmaq nə deməkdir? Biz görmüşük ki, hər özündən deyən yazıçı, şair, publisist belə esse janrına girişməyə risk etmir”.
“Şagirdə esse yazmağı tapşıran müəllimlərin əksəriyyəti essenin nə olduğunu bilmir. Onsuz da evə esse yazmaq tapşırığı veriləndə hamı inşa yazır, adını esse qoyanda noolur ki?” kimi paylaşımlar edilir.   
Mövzu ilə bağlı rəy bildirən təhsil ekspertləri isə hesab edir ki, qəribə olan  müəllimlərin şagirdlərə esse yazdırması yox, valideynlərin bu tapşırıqlara reaksiyalarıdır.
  Mütəxəssislərin fikrincə, çağdaş dünya təhsili test sualları ilə məhdudlaşmır. Şagirdlərdən  fikir, ifadə azadlığı, məntiqi mühakimə istəyir. Qapalı test sualları isə bunları vermək gücündə deyil. Versə belə, çox az qismini əhatə edir. Ona görə də  ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti esse yaza bilmir. Esse yaza bilməmək nə deməkdir? Bu o deməkdir ki,  həmin şagirddə  özünüifadə zəifdir. 
 
 Təhsil eksperti Nabatəli Qulamoğlu da  “Sherg.az"a açıqlamasında  deyib ki, müasir təhsilin tələbi essedir. Esse yazmaq üçün də ətraf aləmi duymaq lazımdır: 

“İnşa elədir ki, şagirdlərdən oxuduqları əsərləri təhlil etmək tələb edilir. Esse isə şagirdlərin öz yaradıcılığıdır. Bir pedaqoq olaraq deyirəm ki, inşa yazısından esse yaxşıdır. Həcmcə kiçikdir və düşünmək, tezis irəli sürmək qabiliyyəti yaranır şagirddə. Qiymətləndirmə formal olduğu üçün şagird də ruhdan düşmür.
  Şagirdlərin aşağı siniflərdən esse  yazmağa öyrəşməsinin tərəfdarıyam. Uşaqlar ən azından arzularını ifadə eləməyi bacarmalıdır. Bizim valideynlər hər şeyi problem edir. Essenin yazılışı yalnız bizdə deyil, dünyanın bütün sivil ölkələrində var. Bunun üçün də o, təhsil sistemində vacib həlqə rolunu oynayır”.
  
N.Qulamoğlunun sözlərinə görə, əvvəllər də şagirdlərdən esse yazısı tələb olunurdu, sadəcə başqa ad ilə: 
“Yadınızdadırsa, sərbəst inşa mövzuları olurdu, şagirdlərdən baharın gəlişini, yay tətili təəssüratlarını, yaxud da vətənpərvərliklə bağlı öz düşüncələrini yazmaq tələb olunurdu. Esse də həmin şeydir. Esse şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. Esse yaza bilməyən şagirdin gedib ali məktəbə sənəd verməyi ağlasığmazdır. Bu nöqteyi-nəzərdən esse yazılmalıdır. Riyaziyyatçı da, kimyaçı da, bir sözlə, bütün elm adamları şifahi və yazılı nitqi bilməlidir. Şagirdlərin yazı bacarıqlarının zəif olmasının səbəbi əzbərçilik prinsipinə riayət etmələri ilə bağlıdır. Ali məktəbə qəbul olan tələbə dərsi danışmaq üçün çıxış edə bilmir, lövhəyə çıxa bilmir. Biz buna qarşı mübarizə aparmalıyıq ki, şagirdlər özlərini rahat ifadə etməkdən qorxub, çəkinməsinlər. Bunun üçün də şagirdlərə esselər yazdırılmalıdır”.