Dərs vəsaitində də bu amillərin nəzərə alınması düşünən şagirdi cəmiyyətə daha tez qazandıracaq
Bu gün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir! Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni, heç olmasa, həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır.
Bu mövzuya toxunan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, dərslər tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi keçirilməlidir:
“Zəka dünyasına yolçuluq kimi tədris edilsə, onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olar. Şahmatın tədrisi şagirdlərə manevr və sistemli hərəkətə öyrədən alqoritm olaraq çox əhəmiyyətlidir. Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması düşünən şagirdi cəmiyyətə daha tez qazandıracaq”.