Tibb fakültəsinin açılması Qarabağ Universitetinin böyük gələcəyindən xəbər verir
Növbəti tədris ilində Qarabağ Universitetində tibb fakültəsi də açılacaq. Bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib. Rektor qeyd edib ki, Qarabağ Universiteti müasir standartlara uyğun qurulub, yeni dövrün mütəxəssislərinin yetişdirilməsi baxımından yeni məzmun hazırlanıb. “Komandamız peşəkarlardan ibarətdir. Bu səbəbdən Qarabağ Universiteti ən keyfiyyətli ali təhsil xidmətləri göstərəcək. İlk tədris ili üçün 1154 tələbə universitetə qəbul olub. Universitetdə isə 160 əməkdaş fəaliyyət göstərəcək. Qarabağ Universitetinin qarşısında xüsusi tapşırıqlar və vəzifələr qoyulub. Tələbələrimiz qəbul imtahanında yüksək bal toplayıb. Növbəti illərdə yeni ixtisaslar yaradılacaq. Qarabağ Universitetində növbəti tədris ilində tibb fakültəsinə tələbə qəbulu həyata keçiriləcək. Tamamilə fərqli bir məzmunda tibb təhsili veriləcək. Qarabağ Universiteti həm də tədqiqat yönümlü universitet olmağı planlayır”, - deyə o, bildirib. Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir. Bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Ötən əsrin 70-ci illərində Xankəndi Pedaqoji İnstitutunun tələbəsi olmuş, tarix üzrə fəlsəfə doktoru, professor, sabiq millət vəkili Həvva Məmmədova “Sherg.az"a açıqlamasında Qarabağ Universitetində tibb fakültəsinin açılacağı xəbərini sevinclə qarşıladığını və bu ali təhsil ocağının gələcəyinə böyük inamla baxdığını dedi:
- Qarabağ Universiteti 2024-2025-ci tədris ilində ilk tələbələrini qəbul etdi. Bu, tarixi bir hadisədir. Qarabağın daşıdığı tarixi əhəmiyyət çox böyükdür və orada təhsil alacaq tələbələr də, çalışacaq pedaqoji kollektiv də hansı tarixi hadisənin bir parçası olduqlarını dərindən dərk etməlidirlər. Hesab edirəm ki, Qarabağ Universiteti bütün digər ali məktəblərə örnək olmalıdır. Həm tədris baxımından, həm tələbələrə təqdim edilən imkanlar, yeniliklər, müasir tədris metodlarından istifadə baxımından. Bu universitet regionda lider olmağa səy göstərməlidir. Qarabağ Universitetində təqdim olunan ixtisasların əhatə dairəsi genişdir. Həm humanitar elmlər var, həm də iqtisadi elmlər. Fakültələr müəyyən edilərkən, əlbəttə, regionun tələbləri nəzərə alınıb. Qarabağ Universitetini incəsənətsiz, musiqisiz təsəvvür etmək çətindir, eləcə də turizm ixtisasının olması zəruri idi. Rektorun qeyd etdiyi kimi, növbəti tədris ilində tibb fakültəsi açılacaqsa, bu, çox müsbət və əhəmiyyətli bir hadisə olacaq. Bilirsiniz ki, mən Xankəndi Pedaqoji İnstitutunu bitirmişəm. Bu institut Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə yaradılmışdı. Amma o zamanlar fərqli idi. Təbii ki, Pedaqoji İnstitutda yuxarıda sadaladığım ixtisaslar yox idi. İndi isə vəziyyət tamamilə fərqlidir. Və cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universitetində müasir dövrün tələblərinə uyğun ixtisasların sayı da xeyli artırılıb. Tələbələrimiz müxtəlif ixtisaslar üzrə ali təhsil ala biləcəklər. Hamımızın istəyi budur ki, Qarabağ Universiteti digər ali məktəblərdən müsbət mənada fərqlənsin, burada yüksəkixtisaslı kadrlar yetişsin.
H.Məmmədova vaxtilə Xankəndidə Tibb Texnikumunun fəaliyyət göstərdiyini xatırlatdı:
- Mən hər zaman deyirəm ki, Qarabağın ötən əsrdə yüksəlişi Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdir. Qarabağda ali məktəblərin tarixi kökləri var və bu, Ulu Öndərin iradəsi sayəsində olub. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə isə filial müstəqil institut oldu. Bu da məhz Ulu Öndərin iradəsinin nəticəsi idi. Heydər Əliyev Qarabağda təhsilin inkişafına böyük əhəmiyyət verirdi, istəyirdi ki, Qarabağın azərbaycanlı əhalisi ali təhsil alsın. Hər kəs Bakıya ali təhsil ardınca gələ bilmirdi. Hər kəs də ali məktəbə qəbul oluna bilməzdi. Xankəndidə Pedaqoji İnstitut fəaliyyətə başladıqda isə qarabağlı gənclər ali təhsil almaq imkanı əldə etdilər. Qarabağın hər tərəfindən – Ağdamdan, Şuşadan, Bərdədən bu instituta təhsil almağa gəlirdilər. Pedaqoji İnstitut Aran Qarabağla Dağlıq Qarabağı birləşdirən bir körpü idi. Mən özüm də, Bərdənin Xanərəb kəndində anadan olmuşam, orta təhslimi başa vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutuna daxil oldum, tarix fakültəsinə. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişəm. Xankəndidə təkcə Pedaqoji İnstitut fəaliyyətə başlamadı. Xankəndidə Tibb Texnikumu da açıldı. Rəhmətlik Zəhra Quliyeva (Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri) uzun müddət Azərbaycan Tibb İnstitutunun rektoru olub. O, danışırdı ki, Heydər Əliyev ona zəng edib ən bacarıqlı, savadlı həkimləri Xankəndiyə göndərməsini tapşırırmış. Bilirsiniz ki, o zamanlar ali məktəbi bitirənlər təyinatla bölgələrə göndərilirdi. Heydər Əliyev isə tapşırırmış ki, savadlı kadrları Xankəndiyə göndərin. Çünki istəyirdi Xankəndidə milli kadrlarımız çox olsun, azərbaycanlılara öz həkimlərimiz xidmət etsin. Heydər Əliyev bununla Qarabağın azərbaycanlı əhalisinin qayğısına qalırdı. Yəni Qarabağda tibb təhsilinin də kökləri var. Bu ixtisas Qarabağ üçün yenilik deyil. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev də eyni siyasəti yürüdür. Qarabağ Universitetində tibb fakültəsinin açılacağı, şübhəsiz ki, cənab Prezidentin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləridir. Tibb fakültəsinin tələbələri illər sonra ali məktəbi yüksəkixtisaslı həkim kadrları olaraq bitirəcəklər. Və Qarabağda əhalinin sağlamlığının keşiyində dayanacaqlar.