Onların təhsil proqramlarında olması bu qədər vacibdir?
Şagird öz dərsini tam mənimsəyə bilmirsə, əlavə dərs vəsaitləri ilə onu yükləmək düzgün sayılmaz.
Dərs ilinin başlanmasından bir ay keçər-keçməz uşaqlara verilən ev tapşırığının yükü, həcmi və çətinliyi artıq sosial şəbəkələrdə müzakirə mövzusudur. Valideynlər əlavə dərs vəsaitlərinin çox olmasından, onların ailə büdcəsinə əhəmiyyətli dərəcədə təsir etdiyindən gileylənir. Müəllimlərin əlavə dərs vəsaitləri, qayda kitabları, testlər toplusu, iş dəftəri tələbi haqlı olaraq valideynlərin narazılığına səbəb olur. Ailələrlə söhbət zamanı bildirirlər ki, elə birinci sinifdən başlayaraq müəllimlər onlardan əsas fənlərdən ən azı bir test, iş dəftərləri, qayda kitabı tələb edir. Narazılıq edəndə isə deyirlər ki, bunlar sizin uşaqlarınız üçündür, dərs vəsaitləri proqramı tam əhatə etmir. Bu isə valideynlər üçün kifayət qədər əlavə maddi yükdür. Axı elə ailə var ki, iki-üç uşaq məktəbə göndərir... Digər tərəfdən bu kitablar və sayı, adları bitib-tükənməyən əlavə vəsaitlər təkcə maddi yük deyil, həm də sözün əsl mənasında yükdür. Uşaqların daşımağa çətinlik çəkdiyi, əməlli fiziki ağırlıq yaradan yükdür. Bu, onların sağlığına da ziyandır. Valideynlər iddia edir ki, bu kitabların içində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən kitablar olsa da, müəllimlərin çoxu hazırda reklam olunan müxtəlif kursların kitablarını almağı tələb edir. Hər müəllim hansı kursla işləyirsə, onların da kitabını tələb edir. Onların sırasında "Hədəf" kurslarının, "Çinar" Yayımlarının, "İzə" nəşriyyatının, "Güvən" kurslarının, "Dahi" kurslarının, "EduGrata" kurslarının, Namazovun kitabları üstünlük təşkil edir. Bu kitabların çoxu satışda olsa da, bəzilərini elə kursların özündən almağa məcbur olurlar. Kurslar isə qeyd edirlər ki, kitablar nazirliyin təsdiqlədiyi proqrama uyğun çap edilib. Hər kitabın qiyməti isə minimum 5-6 manatdan başlayaraq 15-20 manata qədər artır. Niyə vaxtilə “gül kimi” olan təhsil sistemimiz çərxi-fələk kimi baş-ayaqdı? Uşaqlar da əzab çəkir, müəllimlər də, əlavə qazanc əldə edən repetitorlar da. Valideynlər, ümumiyyətlə, uşaq məktəbi bitirəndə əsl bayram edir. Nədir bu bəla?.. Son zamanların mənzərəsi belədir: məktəbli uşaqlar metroda yuxulayır, analar çanta daşıyır, yeniyetmələr avtobusda ayaq üstə dura bilmir, səntirləyib yıxılırlar. Son dövrlər övladlarını daha "yaxşı məktəbdə" oxutmaq dəb halını alıb, ibtidai sinifdən bu uşaqlar elə həmin kitabların ağırlığı ilə həm zehni, həm də fiziki yüklənir.
Məcbur olub, borc-xərc alırıq
Valideyn Fidan Sadıqova bizimlə söhbətində bu məsələnin çox ciddi olduğunu deyib: ”Uşaqları belə yükləmək olmaz! Bazardı, başqa heç nə! Valideyinlərin cibinə girmək uşaqları yormaqdır! İbtidai sinif elə bil universitetə hazırlaşır. Dərslikdə olan qaydanı öyrənmək əvəzinə, dərslikdən kənar yuxarı sinif qaydalarını da mənimsətməyə çalışırlar. KSQ, BSQ-lərə düşən suallar isə ayrı bir dərd! Bu məktəb oxumaq yox, zülm çəkmək deməkdir. Həm uşaqlar, həm də valideynlər üçün. Uşaqların məktəbə qarşı marağı yoxdur, heç bir ay deyil dərslər başlayalı, indidən yorulublar. Lazımsız kitablar, summativlər uşaqları bezdirib. Təhsil Nazirliyi ikili oynayır, deyir dərslər daha başadüşülən, asan olsun, çantalar yüngül olsun. İmtahan suallarını da elə salırlar ki, əlavə vəsait almadan öyrənmək olmur. Dərslikdə olan materiallarla imtahan sualları üst-üstə düşmür. Məcbur olub, borc-xərc alırıq.
Get rəsm çək, kağızdan nələrsə düzəlt, gətir. Bu uşaqlar gələcəyin sənətkarı, rəssamı olacaq ancaq?
Valideyn Əsmər Həsənova isə deyib ki, firma dərmanları kimi gündə bir “əlavə dərslik” markası çıxır, qiyməti baha, keyfiyyəti aşağı: “Çox gözəl mövzuya toxunmusunuz. Məktəbdən uşaqlara tökülən, illərin kitabları verilir. Amma keçən ilin iş dəftərini uşaq işlədə bilməz. Ona görə ki, hər il iş dəftəri təzələnir, proqram dəyişir. Necə proqram dəyişir ki, ancaq iş dəftəri dəyişilir. Namazov hər il yeni versiyasını çıxarır, səhifələr üst-üstə düşmür. Hər il yenisi alınmalı olur ki, müəllim tapşırıq verəndə bir də səhifə axtarmayasan. Uşaq bacısından, qardaşından qalanı rahat işlətsin, heç olmasa. Kitablar üzərində bu qədər böyük biznes düzgün deyil. Əvvəlki çap olunan kitablara baxın, indiki kitablara baxın. İbtidai sinif kitablarında çalışma yoxdur ki, uşağa tapşırıq işlədəsən, evə tapşırıq verəsən. Ona görə əlac kəsilir əlavə vəsaitlərə. O da ki dərsliklərlə uyğunlaşmır. Əlavə vəsaitlərdəki tapşırıqlar daha çətin olur. İndiki dərsliklərdə tapşırıq deyilən şey yoxdur. Məcburuq, uşaq tapşırıq etsin deyə, əlavə vəsait alırıq. Məktəbin verdiyi kitabda çoxu sadəcə şəkillərdi. Get rəsm çək, kağızdan nələrsə düzəlt, gətir. Bu uşaqlar gələcəyin sənətkarı, rəssamı olacaq ancaq? Heç uşaqlar da düzəltmir, valideyn edir, çünki balaca uşaqlar edə bilməz onları.
İki uşaq atası Xaləddin Məmmədov:
- İbtidai siniflərdə elə dərsliklərin hamısını çantaya qoyduqda usaqların beli əyilir, nəinki əlavə vəsaitlər. Təhsil almaq üçün uşaqlar gərək canlarından keçələr indiki zamanda. Uşaqların həm fiziki, həm mənəvi yükləri çoxdur. Kitabların sayı çoxaldıqca uşaqların oxumaq həvəsi azalır. Hələ ibtidai siniflərdəki təsvir, texnologiya, musiqi, informatika kitabı ümumiyyətlə lazım deyil. Onları oxuyub, yadda saxlaya bilmirlər. Musiqi kitabı var, amma məktəblərdə nə musiqi aləti var, nə də musiqi öyrədən müəllim. İnformatika dərsində uşaqlar kompüter nədi bilmirlər. Sadəcə uşaqlara yükdü bu kitablar. Test almaqdandakı yorulmuşuq. Məktəb açılandan bilmirik hansı kitaba, testə pul çatdıraq. Hamısı da tələb edir. Aldığımız vəsaitlər də 2-3 dəfə işlənir qalır orda. Vallah, bilmirik uşaqların yeməyini düşünək, yoxsa kitablarını. Çox çətindir! Kitablar pulsuzdur, iş dəftərləri və testləri kitablardan çoxdur. Bezmişəm daha! İki uşağım var, hərəsinə də 4-5 əlavə kitab lazım olur. Hər kitabın da ən aşağı qiyməti 7-8 manatdır.
Müəllim olduğunu deyən Səbinə Zeynalova isə hesab edir ki, əlavə vəsait olmayanda uşaqlar sınaqları, monitorinqləri işləyə bilmir. Çünki dərsliklə sınaqdakı suallar üst-üstə düşmür. Sonra da valideyn narazılıq edir ki, nəticə zəifdi.
8 siniş şagirdi Həvva Quliyeva:
- Həə, vallah, hər gün məktəbə 7-8 kitab, əlavə də gündəlik aparmalı oluruq. Belim ağrıyır! Yay tətilində bel ağrım bir az keçmişdi. Məktəblər başlayandan təzədən başladı bel ağrılarım. Bel əyriliyinə görə bacımı masaja aparırlar, bacım qurtarsın, sonra da mən başlayacam.
Günel Zeynallı valideyn kimi hər il yeni dərs vəsaitləri almaq məcburiyyətində olduğunu bildirib:
"Kitabların çox olması övladımın çantasının ağırlığına səbəb olur. Demək olar ki, hər dərsdən əlavə kitablar aldırırlar. Bundan əlavə, hər il yeni dərs vəsaitləri almaq məcburiyyətindəyik. Bu maddi cəhətdən valideyn kimi mənə əlavə yükdür. Əgər, bir ailədə iki-üç uşaq varsa, bu vəziyyəti daha da qəlizləşdirir. Övladı azyaşlı olan valideynlər üçün bu daha da çətindir. Çünki, hər gün övladının kitabla dolu çantasını daşıyaraq məktəbə getməli olur”.
Görəsən əlavə dərs vəsaitləri nə üçün tez-tez, hətta ilbəil dəyişir? Onların təhsil proqramlarında olması bu qədər vacibdirmi? Şagirdlər fiziki ( çəki baxımından), valideynlər isə büdcə (artıq xərc) baxımından bu kitablardan necə azad ola bilərlər?...
Uşaqlar bəstəkarlar və musiqi haqqında daha çox bilirdilər, ta ki musiqi dərsliyi çıxana qədər...
Valideyn Arzu Əliyeva isə deyir ki, “iş dəftər”lərini yığışdırsaydılar, yaxşı olardı: “Bizim vaxtımızda sadəcə oxu kitabı vardı, indi 80 cür şey çap edirlər. Yorulmuşuq almaqdan, Dərslikləri də o qədər çətinləşdiriblər ki, küt olur uşaqlarımız.
Uşaqlar bəstəkarlar və musiqi haqqında daha çox bilirdilər, ta ki musiqi dərsliyi çıxana qədər. Daha gözəl şəkil çəkirdilər, təsviri incəsənət kitabı çap olunana qədər.
Şagirdlər daha gözəl əl işləri düzəldə bilirdilər, texnologiya kitabı çıxana qədər. Daha nə deyək! Sadəcə məktəbdə pulsuz verilən kitabların pulunu “iş dəftəri” və test kitabları vasitəsilə çıxarmaq istəyirlər. Bunun başqa izahı yoxdur! Səhər dövlət əsgər tapmayacaq vətəni qorumağa. Oğlanların əksəriyyəti cılızdı, çoxunun onurğasında problem var.
Valideyn Eyyubova İlahə:
Müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Çantalar o qədər ağır olur ki, biz belə daşımaqda çətinlik çəkirik. Dərs yükü o qədər ağır olur ki, uşaqlar saat 22:00-23:00-dək ev tapşırıqlarını həll etməklə məşğul olurlar. Belə olan halda, 6-7 yaşlı uşaq nəinki əylənməyə və dincəlməyə vaxt tapmır, yuxu rejimi də pozulur. Yuxu rejimi pozulanda isə uşaqlar həm əsəbi olur, həm də digər xəstəliklərə qarşı meyilli olurlar.
Şagird öz tapşırıqlarını edə bilmir, üstəlik, “mənim bundan əlavə də dərs materialım, tapşırığım var” deyib həyəcan keçirir.
Uşaq psixoloqu Arzu Məmmədova isə hesab edir ki, yüklənmənin şagirdlərin mövzunu qavramasına köməyi dəysə də, başqa problemlərin meydana gəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, əlavə dərs vəsaiti hər uşağın potensialına uyğun şəkildə verilməlidir:
“Əlavə vəsaitlərdən dərs materiallarının verilməsinin müsbət cəhəti ondan ibarətdir ki, uşaq mövzunu kifayət qədər mənimsəyir. Şagirdin potensialı, qavrama qabiliyyəti nəzərə alınmadıqda isə uşaqlarda öyrənmə çətinliyi meydana gəlir. Bu da şagirddə öz dərsini kifayət qədər mənimsəməməyə, yaxud mənimsədiyi materialı öyrənməməyə gətirib çıxarır. Nəticədə diqqətsizlik yaranır, məktəbli diqqətini kifayət qədər materiala ötürə bilmir. Yəni əlavə dərs vəsaitlərindən hər uşağın potensialı nəzərə alınmaqla istifadə olunmalıdır. Şagird öz dərsini tam mənimsəyə bilmirsə, əlavə dərs vəsaitləri ilə onu yükləmək düzgün sayılmaz. Məsələn, şagird öz tapşırıqlarını edə bilmir və üstəlik, “mənim bundan əlavə də dərs materialım, tapşırığım var” deyib həyəcan keçirir. Bu təşviş, özgüvən əskikliyinə gətirib çıxarır. Özgüvəni əskik uşaq isə dərsdə və həyatda uğursuzluğa məruz qalır”.
Psixoloq deyib ki, ümumiyyətlə, 5-6 yaşlı uşaqların əlavə dərs materiallarıyla yüklənməsi yanlışlıqdır:
“Məktəbə yeni qədəm qoyan şagird üçün dərs, hərflər hələ yenidir. Əgər məktəbli 3-4-cü siniflərdə təhsil alırsa, bu zaman bu vəsaitlərdən istifadə oluna bilər. Ən böyük məsuliyyət isə pedaqoqların üzərinə düşür. Çünki onlar hansı uşağın hansı potensiala sahib olduğunu bilirlər. Bunu nəzərə alsalar, o qədər də ciddi problemlər ortaya çıxmaz”.
Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub
Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil, çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur:
“Beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən bir paraqrafda və bir səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur təmamilə kobud şəkildə pozulub. İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil. Bir paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil.
K.Əsədov deyir ki, məktəblilər üçün nəzərdə tutulan “iş dəftərləri”nin qiyməti olduqca bahadır:
“Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır.
Kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə uşaqları bu bacarıqlardan məhrum edir. Bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur”.
Ekspertin sözlərinə görə, iş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə deyil, həmçinin uşaqların gündəlik vəsaitləri daşımasına da ağırlıq edir:
“Qeyd etdiyim kimi, gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib-gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar. Müşahidələrimiz əsnasında onu deyə bilərik ki, çox ağır olduğu üçün əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur”.
Yolla gedərkən qarşıma çıxan uşaqların üzünə baxıram: üzlərinin rəngi bom-bozdur, gözlərinin altı qap-qara
Pediatr Vaqif Qarayev:
Elə bir valideyn tapmazsınız ki, uşağın təhsilinə görə narahat olmasın. Həmişə demişəm, yenə təkrar edirəm, uşaqlar həddindən artıq yüklənib. Məktəblilərin az qala 90 faizi skolioz xəstəliyindən əziyyət çəkir. Belləri əyilib uşaqların. Normal yuxu yatmırlar, normal qidalanmırlar, normal istirahət etmirlər. Uşaqların böyük əksəriyyəti səhər nahar etmədən məktəbə gedir. Mədə boş, beyinə qlükoza çatmır, enerji ehtiyatı sıfır! Uşaq fikrini cəmləyə bilmir, dərsi mənimsəyə bilmir. Məktəbə yata-yata gedir, məktəbdən repetitor yanına qaçır, evə də yata-yata gəlir. Bu nə müsibətdi?!. “Dünyanın hər yerində repetitorluq var” deyib, boş-boş sözlərlə özümüzü aldatmayaq. Dünyanın heç bir yerində belə kütləvi repetitorluq yoxdur. Məktəb normal tədris versə, bütün digər məsələlər avtomatik düzələcək. Repetitor yanına daha üstün bilik əldə etmək üçün gedəcək şagird, gündəlik tədris proqramını mənimsəmək üçün yox. Normal tədris proqramı tərtib edilsə, şagirdin tənəffüs zamanı normal şəkildə nahar etməsinə də vaxt qalacaq. Mən yolla gedərkən qarşıma çıxan uşaqların üzünə baxıram. Üzlərinin rəngi bom-bozdur, gözlərinin altı qap-qara. Bir səbəb ağır tədris yüküdürsə, bir səbəb də anormal qidalanmadır. Uşaq nə vaxt, harda, necə və nə yesin? Yuxarı sinif şagirdləri evdən nahar aparmayacaq. Bu bizim milli “mentalitetimizə” uyğun deyil. İndi heç balacalar da ev buterbrodu ilə qane olmur. Bunun əsl günahkarı həm də valideynlərdir, bunu da deyim. Valideynlərin günahı, onsuz da çoxdur.
Biri uşağı çantasında nahar aparmağa alışdırmamaqdırsa, biri də valideynlərin 99 faizinin övladını ali təhsil diplomu ilə təmin etmək istəyidir. Etməyin! Vacib deyil hamı ali təhsilli olsun. İnanın, bu dəqiqə kombi ustası axtaran, ali savadlı hüquqşünas axtaranlardan qat-qat çoxdur. Müasir dünyada yaşayırıq. Müxtəlif peşələrə tələbat gündən-günə artır. Əl çəkin, ali təhsil ənənəsindən. Digər əsas məsələyə keçim. Şagirdlərin məktəbdə normal qidalanması və sağlam böyümələri üçün nə lazımdır? Tədris proqramını yüngülləşdirmək, şagirdləri əlavə, lazımsız dərslərdən azad etmək, belədə dərs saatları azalacaq, tənəffüs vaxtını artırmaq imkanı yaranacaq, şagirdlər də normal şəkildə qidalana biləcəklər. Həmçinin məktəb bufetlərində isti yeməklər hazırlanmasını təmin etmək. Təhsilə dövlət büdcəsindən ayrılan vəsaitdən bir qədər də buna pul sərf etsinlər. Uşaqlarımız sağlam olsun, bilikləri yaxşı mənimsəyə bilsinlər. Uşağın dərsdəki yorğunluğu canından çıxmalıdır ki, yediyi naharın ona bir xeyri dəysin. Yorğun insan nə yeyir yesin, canına yatmayacaq, o yeməyin bir faydası da olmayacaq.
... faktlar valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir
Elm və Təhsil Nazirliyindən “Şərq”in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur:
“ETN-in tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur. Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar”.
Məlumatda o da qeyd edilib ki, valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir.