Mərdəkanda güclü yağışdan sonra 123 nömrəli tam orta məktəbin hasarı uçub.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub: "Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb”.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır:
“Xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir. Məsələn, bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Halbuki, bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür.Təhsil tədqiqatçısı Linda Darling-Hammond belə qeyd edir:
“Çevik təhsil modelləri və texnologiya vasitəsilə tədris prosesinin fasiləsiz davam etməsi vacibdir. Gözlənilməz hadisələrdə ənənəvi dərs formatından çıxmaq, şagirdlərin təhsilini kəsmədən təmin etməyin ən effektiv yoludur.””
Ekspert qeyd edib ki, Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər: “ Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir.
Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq”.