Qəbul imtahanı sistemi və abituriyentlər arasında rəqabət mühiti, məcbur edir ki, repetitorluq fəaliyyəti olsun
Ekspert valideynlərə tövsiyə etdi ki, övladlarının bilik səviyyələrinin, riyazi təfəkkürün, dil bacarıqlarının inkişafına diqqət etsinlər. Bu, onların gələcəkdə təhsil və elm sahəsində daha müvəffəq olmalarına müsbət təsir edər
Dərslərdən sonra əlavə hazırlıqlar şagirdləri həddindən artıq yorur. Məktəblinin dərsdən kənar əyləncəyə, istirahətə demək olar ki, zamanı heç qalmır. Əlavə hazırlıqların – repetitor yanına qaçmağın uşaqları həm fiziki, həm də psixoloji gərginlikdə saxladığı, sağlamlıqlarına mənfi təsir etməklə yanaşı, biliklərə dərindən yiyələnmələrini deyil, əksinə, əzbərçiliyi öyrətdiyini təcrübəli pedaqoqlar da deyir, pediatrlar, psixoloqlar da. Amma illərdir ki, bu sahədə durğun vəziyyət eynilə davam edir. Sanki kimlərsə öncə valideynləri necəsə inandırıb ki, övladı repetitor yanına getməsə, ali məktəbə qəbul imtahanlarında müvəffəq olmayacaq, sonra da valideyn bunu övladının beyninə yeridib və beləliklə, repetitorluq təhsil sistemimizdə möhkəmlənərək tədrisin ən başlıca komponentinə çevrilib. O dərəcədə ki, bu gün təhsilimizi repetitorsuz təsəvvür etmək belə mümkün deyil. Səhər-axşam kürəyində çanta, əlində test kitabçaları şəhərin bu başından o biri başına “şütüyən” yorğun uşaqlara sadəcə, adamın yazığı gəlir. Valideynlərə də həmçinin. Qazandıqları pulu övladlarının sağlamlığına, istirahətinə, sevinə biləcəyi nəyəsə sərf etmək əvəzinə repetitorlara xərcləyirlər. Sonucun nə olacağını bilmədən. Peşmanlıq yaradan nəticələr o qədər olub ki. İllərlə repetitorlara pul tökən valideynin övladı qəbul imtahanlarında 150 bal da toplaya bilməyib. “Məktəblərimiz şagirdlərin əsas biliklərə yiyələnəcəyi məkan rolundan niyə çıxıb”, sualına cavablar çoxdur, mütəxəssislər dəfərlələ səbəbləri açıqlayıb.
Təhsil eksperti Elçin Süleymanov problemə fərqli yanaşma sərgilədi. “Sherg.az"a açıqlamasında ekspert bildirdi ki, repetitorun təhsilə, təhsilin keyfiyyətinə təsirini birmənalı qiymətləndirmək düzgün olmaz. Repetitorluğun həm müsbət, həm mənfi yönləri var:
- İlk növbətə bunu qəbul etməliyik ki, repetitorluq, əslində səbəb deyil, nəticədir. Qəbul imtahanları, qəbul imtahanı sistemi və abituriyentlər arasında rəqabət mühiti, məcbur edir ki, repetitorluq fəaliyyəti olsun. Bir sıra ölkələrdə qəbul sistemi daha çox orta təhsil sistemindəki qiymətləndirmə əsasında aparılır. Sadəcə, imtahanlar deyil, uzunmüddətli müşahidələr və bu müşahidələr əsasında formalaşan yekun göstərici – toplanan ballar və sair. Birincisi, düşünürəm ki, təhsilə yatırılmış investisiya faydalıdır. Repetitorluğun 2 istiqamətini düşünmək lazımdır. Məsələn, ingilis dili fənni üzrə imtahana hazırlıq, testlər və eyni zamanda ingilis dili bacarıqlarının artırılması. Dolayısıyla bir şəxsin repetitorluq sonrası dil bacarığının və ya riyazi qabiliyyətinin artması müsbət nüansdır. Amma orda repetitorluq fəaliyyəti elm öyrətməklə yanaşı, hətta bəzən bu, arxa planda qalır, daha çox texnikanın öyrədilməsidir. Bu, test sistemində daha çevik, operativ cavablandırma texnikasıdır. Ona görə də təkcə bizdə deyil, qonşu ölkələrdə də tənqid olunur ki, bu, şagirdin elmini artırmır, sadəcə, bildiklərinin tətbiqi bacarığını artırır. Hesab edilir ki, repetitor şagirdi bir yarışmaya hazırlaşdırır. Necə ki idmançılar məşqlər edərək yarışlara hazırlaşırlar, şagirdlər üçün də bu, bir məşqdir, bununla testləri sürətlə, çevik həll etmək bacarığına yiyələnirlər. Amma repetitorluq geniş məfhumdur, yəni burada ibtidai sinifdən başlayaraq orta siniflərdə dərs hazırlığı, çalışma, dil bacarıqlarının, məntiqi, riyazi bacarıqların öyrədilməsi olmalıdır. Arzu edilən budur ki, bu proses orta məktəbdə aparılsın. Orta məktəbdə olacaq bir işi, ondan kənar, təkrar başqa yerdə icra etmək və bunun üçün xüsusi maliiyyənin ayrılması doğru deyil. Məktəbdən kənarda repetitorluğun qarşısını almaq üçün ən əvvəl sistem yenilənməlidir. Son illər ali təhsildə dövlət plan yerləri getdikcə artırılır. Bu, çox müsbətdir və repetitorluğun zəifləməsinə gətirib çıxaracaq. İzah edim; repetitorluğun genişlənməsi, dediyimiz kimi, daha çox ali məktəblərə qəbulla bağlıdır. Abituriyentlər dövlət sifarişli ixtisaslara qəbul olunmaq üçün bal toplamaq yarışına girir. Bir neçə il əvvələ baxsaq, dövlət sifarişli və ödənişli yerlərin nisbətində ödənişli yerlər daha çox olurdu. 20 faiz dövlət plan yeri idisə, 80 faiz ödənişli yerlər idi. Nisbət 4-ün 1-ə idi. Lakin dövlət plan yerlərinin sayı getdikcə hər il daha çox artırıldığından bu nisbət dəyişir artıq, dövlət hesabına oxuyanların xeyrinə. Bura təhsil haqqından azad edilən güzəştli kateqoriyanı da əlavə etdiymiz zaman dövlət dəstəkli tələbələrin faizi daha da artır. Dəstəklə təhsil almaq istəyənlərə də dövlət tərəfindən dəstək mexanizmləri var. Təhsilə yardım fondları və sair. Bu o deməkdir ki abituriyentin toplayacağı bal az, aşağı olsa da, onun dövlət sifarişli ixtisaslara düşmək imkanı genişlənir getdikcə. Bu məntiqlə yanaşdıqda bir neçə ildən sonra repetitorluq aktuallığını itirəcək, valideynlər də, şagirdlər də repetitor hazırlıqlarından daha az istifadə edəcəklər. Müəyyən nöqtədən sonra repetitorluq fəaliyyəti getdikcə azalacaq. Repetitor hazırlığında məqsəd ali məktəbə qəbuldursa, dövlətin yaratdığı şərait bunun aktuallığını azaldır. Amma repetitorluğun tamam sıradan çıxacağını gözləmək lazım deyil. Bu, heç zaman bitməyəcək. Müəyyən bacarıqlara yiyələnmək, hansısa fənni daha dərindən öyrənməyə meyl edənlər həmişə olacaq. Ona görə də repetitorluğa birmənalı qiymət vermək çətindir.
E.Süleymanov valideynlərə tövsiyə etdi ki, övladlarını savad, bilik öyrənməyə yönəltsinlər:
- Valideynlərə tövsiyəm budur ki, övladlarının biliklərə yiyələnməsi, bilik səviyyələrinin, riyazi təfəkkürün, dil bacarıqlarının inkişafına diqqət etsinlər. Bu, onların gələcəkdə təhsil və elm sahəsində daha müvəffəq olmalarına müsbət təsir edər.