Qara lövhə yox, ağ ekran uşaqların həyatının lap dərinliyindədir
“Sosial şəbəkələrdə dolaşan öyrədənlər daha çox xarici həmkarlarını imitasiya edir və bu lazımsız imitasiyaları məktəb mühitinə, sinif otağına qədər gətirib çıxarırlar”
Ağlayan şagird, bullinq görüntüləri, sinifdə oyunbazlıq edən məktəbli, qəzəbli, şagirdə zor tətbiq edən müəllim, “arxalı” direktor… Son illər bu kimi görüntülər sosial şəbəkələrin “bəzəyi”nə çevrilib. Nümunəvi, tərbiyəvi xarakterli görüntülər də olur. Məsələn, 8 martda müəllimə təndirdə bişmiş çörək hədiyyə edilməsi, müəllimin də çörəyi bölərək sinif şagirdlərinə paylamasını əsk etdirən görüntülər izləyicidə xoş təəssürat yaradır. Yaxud müəllimin gözləmədiyi halda şagirdlərinin ona gül buketi hədiyyə etməsi və sair. IX sinif şagirdlərinin buraxılış imtahanından sonra da bəzi videolar yayılıb. Maraq doğuran məktəbli 3 qızın imtahandan arzuladıqları balı toplaya bilmədikləri üçün ağladıqları görüntülərdir. Müəllim şagirdləri sakitləşdirməyə çalışır, qızlarsa ağlaya-ağlaya “müəllim, biz qarşımıza məqsəd qoymuşduq ki, maksimum 300 bal toplayacağıq, buna əmin idik. Amma 300-ə çatmadı ballarımız…” deyir. Müəllim yenə də onları sakitləşdirməyə çalışır və bildirir ki, 297, 296 bal toplamaq da hər şagirdin hünəri deyil. Toplanmış bu balla istədikləri ixtisasa yiyələnə biləcəklər. Qarşıda hələ 2 illik təhsil də var. Bu cür videogörüntülər şagirdlərin çalışqanlığının, hədəfə can atmalarının göstəricisidir. Belə nümunəvi paylaşımlar müsbət tendensiya formalaşdırır.
Təhsil eksperti Elmin Nuri hesab edir ki, təhsil verənlər də, təhsil alanlar da sosial şəbəkələrdə paylaşım edərkən ehtiyatlı və diqqətli olmalı, paylaşımın hansı effekti yaradacağını əvvəlcədən düşünüb-daşınmalıdırlar:
- Sosial şəbəkələrin son illərdə həyatımıza ciddi şəkildə nüfuz etməsi müsbət hallarla yanaşı, mənfi tendensiyalarla da yadda qalmaqdadır. Təəssüf ki, bu faktor özünü həm də təhsil sahəsində göstərir. Halbuki, “Təhsilverənlərin etik davranış Qaydaları”nın əsas müddəalarından biri də müəllimlərin media, eləcə də sosial şəbəkələrdəki davranış və rəftarlarına xüsusi diqqət etmələri və cəmiyyətə yalnız müsbət nümunə sayılacaq hadisələrlə yadda qalmalarıdır. Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Pedaqoji kadrların “YouTube” platforması, eləcə də digər sosial şəbəkələrdəki fəaliyyətini məzmun etibarilə müsbət və mənfi kateqoriyaya bölmək mümkündür. Müsbət kateqoriyaya meyillənən müəllimlər qrupu daha çox maarifçilik məqsədilə paylaşımlar edən, öz ixtisasına aid bilgi və materialları daha geniş auditoriya üçün çatımlılığına can atan, həmçinin, milli-mənəvi dəyərləri, intellektual keyfiyyəti qorumağa çalışan, şagirdlərlə səmimi rəftarı, müəllim-şagird münasibətlərindəki müsbət tendensiyaları, uşaqların öyrənə biləcəyi, yaxşı mənada nümunə götürə biləcəyi paylaşımlar edənlərdir. Mənfi kateqoriyaya aid göstəricilərlə sosial şəbəkə fəaliyyətini formalaşdıran müəllimlərin sayı isə təəssüf ki, birinciləri xeyli üstələyir. Bu tip müəllimlərin sosial şəbəkə fəaliyyətləri şouya meyillilik, aşırı tanınmaq, daxili auditoriyanı genişləndirmək, auditoriyanın diqqətini cəlb etmək, kommersiya xarakterli təhsil xidməti (repetitorluq, təlimçilik) təklifləri etməklə sosial şəbəkə vasitəsilə qazanc əldə etmək, neqativ enerjinin təlqini ilə özünü göstərir. Bu kimi hallar “Təhsilverənlərin etik davranış Qaydaları” ilə yanaşı, təhsillə bağlı əsas qanunverici mənbə hesab edilən "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin (həmin maddədə müəllimlərin davranışlarında məsuliyyətli və etik olmaq vurğulanır – E.N.) pozulması deməkdir. Bu qaydaların pozulması müəllimin fəaliyyətinə son qoyulmasına tam əsas verir.
E.Nuri qeyd etdi ki, daxili auditoriyasının böyüklüyü və paylaşımlarına verilən reaksiyalar baxımından həmkarlarından fərqlənən, sosial şəbəkə fenomeninə çevrilməkdə olan müəllimlərimiz də az deyil:
- Dünyanın bir çox ölkələrində xüsusən yutub platforması üzərindən məşhurluq qazanan və neçə milyonluq auditoriyaya sahib fenomen müəllimlər var ki, onların fəaliyyəti təhsil, onun təbliği və maraqlı təhsil bilgilərinin çatdırılması istiqamətindədir. Qardaş Türkiyədə bir xanım müəllim-Nurten Akkuş nümunəsində bunu görə bilərik. Tanınmış yutuber müəllimlər təhsilin inkişafı, təbliği üçün əllərindən gələni edir, ən ucqar ərazilərə, uzaq kəndlərə məktəbləri, dərs prosesini izləmək üçün yollanır, təhsilin fədakarlıq tərəfini, maarifçi yönünü insanlara təqdim edirlər. Azərbaycan virtual məkanında da, xüsusən “YouTube” platformasında bu cür müəllimlər olsa da, onların izləyici sayı təəssüf ki, təhsildənkənar, yalnız maraq və əyləncə dünyasına hesablanmış digər yutuberlərdən geri qalmaqdadır. Sosial şəbəkələr üzərindən böyük maraq qazanan yutuber müəllimlər daha çox xarici həmkarlarını imitasiya edir və bu lazımsız imitiasiyaları məktəb mühitinə, sinif otağına qədər gətirib çıxarmaqdan çəkinmirlər. Təəssüf ki, onların formalaşdırdığı bəzi “dəyərlər”, az qala, ümumən təhsil cameəmiz üçün meyar kimi qəbul olunur. Bu isə öz növbəsində təhsil və onun təbliği rolunda əlindən gələni edən, lakin reklam və tanıtım baxımından yutuberlərdən geri qalan bir çox fədakar müəllimlər üçün demotivasiyaya çevrilmiş olur. Müəllimlərin sosial şəbəkələrdən mənfi məzmunlu istifadəsi ilə bağlı problemlər bir çox ölkələrdə yaşanıb. Müəllimlərin şagirdləri ilə yanaşı, onların həmyaşıdları, eləcə də yaxın çevrələrinə təsiretmə üstünlükləri müəllimlərin daha məsuliyyətli və diqqətli istifadəçi olmasına zəmin yaratsa da, bəzən bu kimi amillərə diqqət edilməməsi cəmiyyət daxilində ciddi problemlərə gətirib çıxarıb. Bu səbəbdən də bir çox ölkələr məlum problemlərlə mübarizə məqsədilə müəyyən addımlar atmalı olublar. Məsələn, ABŞ-nin bir çox ştatlarında şagirdlərlə yanaşı, müəllimlərə də sosial şəbəkələrlə ünsiyyət qadağan edilib. Avstraliyada müəllim və şagirdlər üçün sosial şəbəkələrdən istifadə etmək qaydaları tətbiq edilib. Həmin qaydalar xüsusən müəllimlər üçün bir çox qadağaların tətbiqini qanuniləşdirir. İrlandiya bu istiqamətdə daha fərqli addım atıb. İrlandiyada Pedaqoji Şura müəllimlərə onların ciddi ictimai nəzarətə məruz qaldıqlarını xatırladaraq, internetdə şagirdləri, valideynləri və həmkarlarını müzakirə etməyi qadağan edib. Qonşu ölkələrdən isə Rusiyada bu istiqamətdə son illərdə ciddi addımların atılmasına başlanılıb. Verilən qərarların məcburi surətdə, ciddi kütləvi etirazların nəticəsi olaraq atılması faktı mütləq nəzərə çatdırılmalıdır. Rusiyada xüsusən də xanım müəllimlərin özlərinə məxsus sosial şəbəkə hesablarında pedaqoq kimliklərinə yaraşmayan açıq-saçıq paylaşımları valideynlərdə xüsusi narazılıq yaradıb və məsələ ölkənin ali təhsil qurumu səviyyəsinə qədər gedib çıxmışdı. Nəticədə Rusiyanın Elm və Təhsil Nazirliyi müəllimlərin internetdə korporativ davranışlarına dair qaydaların hazırlanmasına qərar verdi. Bu qərarlar içərisində diqqətçəkən məqamlardan biri də artıq bu ildən etibarən məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsidir. Doğrudur, bu qadağa əsasən şagirdlər üçün nəzərdə tutulsa da, telefonun istifadə edilmədiyi bir məkan daxilində müəllimlərin də onunla müdaxiləsinə ciddi təsir göstərəcək. Qardaş Türkiyədə isə müəllimlərə tətbiq edilən sosial media qadağası əsasən təhsil və onun məxfiliyi istiqamətindədir. Müəllimlər məktəblərdəki imtahan prosesi və suallarla bağlı hər hansı qeydləri sosial media hesablarında hallandıra bilməzlər. Həmçinin, Türkiyə Böyük Millət Məclisinin 2024-cü ilin mayında müəllimlərin etik davranış qaydaları ilə bağlı qəbul etdiyi sənəddə bir çox vacib və həssas məqamlar öz əksini tapıb. Məsələn, onlardan biri də valideynin icazəsi olmadan müəllimin şagirdlərin foto və videosunu, həmçinin, onunla bağlı bir başqa bilgiləri sosial şəbəkə hesabında paylaşmasıdır. Əks halda həmin müəllimə cəza olaraq töhmət veriləcək ki, həmin töhmətin də qüvvədə qalma müddəti 5 ilə bərabər olacaq. Başda bir maddəyə əsasən, şagirdin yanında, məktəb mühitində etik çərçivələrdən kənar danışan, xüsusi jarqonlardan istifadə edilən müəllimlərin aylıq əmək haqqısından tutulmalar tətbiq edilməsidir. Qonşu Gürcüstanda da 2024-cü il 1 iyul tarixində qəbul edilən qərara əsasən məktəblərdə şagirdlərin sosial şəbəkələrdən müdafiəsi və düzgün istifadəsi ilə bağlı çox sərt qaydalar tətbiq edilib. Dünya təcrübəsindən, müxtəlif ölkələrdə tətbiq olunan qaydalardan görünür ki, müəllimlərin sosial şəbəkələrdən istifadəsi ciddi nəzarətdə saxlanılan və xüsusi diqqət yetirilən məsələlərdəndir. Bunu qətiyyən müəllimə, təhsil işçisinə qarşı bullinq kimi qəbul etmək olmaz. Əksinə, bunu müəllim nüfuzunun daha da qorunması uğrunda edilən cəhdlər kimi də dəyərləndirmək lazımdır. Bu gün təbii ki, hər hansı müəllimin “YouTube”, “TikTok” eləcə də digər sosial şəbəkələrdən özünüreklam, şouya xidmət yox, sırf təhsilin piarı istiqamətində fəaliyyətinə hər birimizin ehtiyacı var.