Bəzilərinə elektron attestat qəribə gəlir, amma - Təhsil eksperti

  • "...Bu, həm dövlətin maliyyə yükünü azaldır, həm də bir növ sistemli hala gətirir təhsil sənədərini. Bir platfrmada toplanır, rahat və əlçatan olur"

Builki məzunlara attestatlar yalnız elektron qaydada təqdim olunub. Kağız üzərində ənənəvi attestatlar verilməyəcək artıq. Bu, Elm və Təhsil Nazirliyinin məlum qərarına əsasəndir. Məzunlar öz sənədlərini myGov platformasındakı "Təhsil məlumatlarım" bölməsindən əldə edəcəklər. Valideynlərsə övladlarının sənədlərinə platformadakı "Övladlarımın təhsil sənədləri və məlumatları" vasitəsilə baxa bilər.

Sənədin həqiqiliyini üzərindəki QR kod vasitəsilə və ya Təhsil Nazirliyi portalındakı yoxlama bölməsindən yoxlamaq olar. Lakin bir çoxları attestatlarını kağız formatda tələb edib. Daha çox bunun, xarici ölkələrə təhsil almağa gedənlər tərəfindən istənildiyi bildirilir, amma ölkə daxilində də “attestatımızı əlimizə, “canlı” olaraq almaq istəyirik”, deyib onlayn deyil, kağız formatında attestat tələb edənlər də var.  

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, təhsil sənədlərinin elektronlaşdırlması prosesinə artıq başlanılıb, lakin bəzi şəxslər bunu kağız formatında əldə etmək istəyinə təbii qarşılamaq olar: 

- Biz cəmiyyət olaraq vərdiş etmişik ki, attestat, diplom kağız formatında, sənəd olaraq əlimizə verilsin. Ona görə də bəzilərinə elektron attestat qəribə gəlir. Amma bu, həm dövlətin maliyyə yükünü azaldır, həm də bir növ sistemli hala gətirir təhsil sənədərini. Bir platfrmada toplanır, rahat və əlçatan olur. Bu, nəinki dövlət büdcəsi üçün, istənilən halda cəmiyyətimiz üçün faydalı addımdır. Etibarlılığına şübhə edilməməlidir, çünki dövlət reyestrində yerləşdirilib, vahid platformada cəmlənir bütün sənədlər, istənilən şəxs orta ümumtəhsil məktəbini, yaxud orta və ya ali təhsil müəssisəsini bitirməklə bağlı sənədini vahid platforma üzərindən elektron variantını istənilən ünvana göndərə bilər.