Dərsliklərdə plagiat iddiaları böyüyür: Nazirlik niyə susur?

  • Əmrah Həsənli: “Mətnlərin mənbəyi peşəkar ekspertlər tərəfindən araşdırılmalıdır”
  • “Dərsliklərin hazırlanması prosesi tam şəffaf olmalıdır”

Orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərində verilmiş mətnlərlə bağlı mübahisələr getdikcə böyüyür. Bir neçə yazıçı və şair dərsliklərdəki bəzi hekayələrin onlara məxsus olduğunu, bəzi mətnlərin isə xarici ədəbi nümunələrdən köçürüldüyünü iddia edərək dərslik müəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovu plagiatlıqda ittiham ediblər. R. İsmayılov isə “Buyursunlar, məhkəməyə müraciət etsinlər”, deyə cavab verib.

Sosial şəbəkələrdə geniş müzakirə olunan məsələ ilə bağlı fikir bildirənlər dərsliklərin bədnam tərtibatından gileylənir, “Yazarlar iddialarında tamamilə haqlıdırlar. Azərbaycan dili dərsliklərində orijinal hekayə tapmaq müşkül məsələdir. Bir çox hekayə xarici mənbələrdən mənimsənilib”, – deyə yazırlar. Digərləri isə “Dərslik müəlliflərini övladlarımızı aldatdıqlarına, onların vaxtını keyfiyyətsiz təhsillə boş yerə aldıqlarına görə məhkəməyə verək”, – fikrini səsləndirirlər.

Qəribə olan budur ki, ittihamlar, iddialar və narazılıqlar fonunda Elm və Təhsil Nazirliyinin səsi çıxmır. Balalarımıza məktəb dərslikləri vasitəsilə nə öyrədilir, onlara hansı ideologiya aşılanır? Milli təhsilə cavabdehlik daşıyan qurum niyə bu məsələ ilə məşğul olmur, mütəxəssisləri araşdırma və tədqiqat aparmağa cəlb etmir?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirib ki, məktəb dərslikləri ilə bağlı son günlər ictimaiyyətdə və ədəbi mühitdə aparılan müzakirələr təhsilimizin hər bir detalının hamımız üçün nə qədər önəmli olduğunu göstərir. Onun sözlərinə görə, bu məsələyə laqeyd qalmaq olmaz:

“Dərsliklərin nəşr olunduğu nəşriyyatın rəhbərinin şagirdlərin yaş qrupu, psixologiyası, metodiki tələblər və dünya təcrübəsi ilə bağlı gətirdiyi arqumentlər başadüşüləndir. Lakin cəmiyyətin tanıdığı, dəyər verdiyi, ədəbi yaradıcılıqla məşğul olan şəxslərin, eləcə də mütəxəssislərin iradlarını, səsləndirdikləri plagiat iddialarını görməzdən gəlmək olmaz. Çünki ortada müəllif hüquqları kimi çox həssas və qanunla qorunan məsələ var.

Mən nə qeyd-şərtsiz kiminsə müdafiəçisiyəm, nə də dəyərli yazarlarımızın haqlı narazılığına kölgə salmaq niyyətindəyəm. Belə məsələlərdə birtərəfli mövqe tutmaq həm yaradıcı insanlara, həm də ümumilikdə təhsil mühitimizə qarşı haqsızlıq olar.

Əgər ortada konkret iddialar, qarşılıqlı ittihamlar və müəllif hüquqlarının pozulması kimi ciddi məsələ varsa, düşünürəm ki, bu cür həssas məsələlər sosial şəbəkələrdə status savaşına və emosional mübahisələrə çevrilməməlidir. Dərsliklərin keyfiyyəti, mətnlərin mənbəyi və intellektual mülkiyyət məsələləri peşəkar ekspertlərin iştirakı ilə araşdırılmalıdır. Haqsızlıq edən, qanunu pozan tərəf varsa, məsələ məhz hüquqi müstəvidə, məhkəmə qaydasında həllini tapmalıdır. Beləliklə, həm müəlliflərin hüquqları qorunar, həm də dərsliklərin hazırlanması prosesi gələcəkdə tam şəffaf və qüsursuz qurular”.