Direktoru vəzifədən azad etmək ən son addım olmalıdır - Təhsil eksperti

"Onların fəaliyyətinin illik qiymətləndirilməsi yalnız sənədlə yox, anonim müəllim və valideyn sorğuları ilə də aparılmalıdır"

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edən nazir bildirib ki, direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir. Direktorlar məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslərdir və strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələri vacibdir. E.Əmrullayev məktəb rəhbərlərinə vəzifə və səlahiyyətlərini xatırlatmaqla yanaşı onlardan əsas gözləntiləri də açıqlayıb: məktəblərdə pedaqoji prosesin düzgün təşkili, nizam-intizam qaydalarına əməl olunması, sağlam tədris mühitinin formalaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim-tədris prosesinə sistemli nəzarət mexanizminin qurulması, idarəetmə işinin təkmilləşdirilməsi və sair. 

Göründüyü kimi nazir müvafiq tapşırıq və tövsiyələr verib. Amma son illərdə məktəb direktorlarının barələrində sosial şəbəkələrdə yayılan səs yazıları, müxtəlif videolardan sonra vəzifədən uzaqlaşdırıldığı görünür. Nazirin məktəb direktorları ilə görüşü nəyi dəyişir?   

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, elm və təhsil naziri Emin Əmrullayevin Bakı, Sumqayıt və Gəncədə yeni təyin olunan məktəb direktorları ilə geniş tərkibdə görüş keçirməsi, onlara tövsiyə və mesajlarını birbaşa çatdırması əslində idarəetmədə vahid baxışın formalaşdırılması baxımından müsbət addımdır. Çünki məktəbin keyfiyyəti birbaşa direktorun idarəçilik bacarığından, komandaya yanaşmasından və məktəbdə formalaşdırdığı mühitdən asılıdır. Amma: 

- Cəmiyyətin haqlı olaraq verdiyi bir sual var: niyə biz çox vaxt hansısa səs yazısı yayılandan, sosial şəbəkədə qalmaqal yaranandan sonra reaksiya görürük? Niyə proses qabaqlayıcı yox, daha çox reaktiv xarakter daşıyır? Əslində məktəb direktorlarının fəaliyyəti tam nəzarətsiz deyil. Daxili monitorinqlər, regional təhsil idarələrinin yoxlamaları, maliyyə və sənəd dövriyyəsinə nəzarət mexanizmləri mövcuddur. Lakin problem ondadır ki, bu yoxlamalar çox zaman sənəd üzərində və formal xarakter daşıyır. Məktəbdə psixoloji mühit, valideyn-müəllim münasibətləri, etik davranış, kollektivin məmnunluq səviyyəsi kimi məsələlər isə rəqəmlə ölçülmür. Halbuki qalmaqalların əksəriyyəti məhz bu sahələrdən qaynaqlanır.

Ekspert qeyd etdi ki, daha effektiv model üçün bir neçə istiqamət vacibdir: 

- Birincisi, direktorların fəaliyyətinin illik qiymətləndirilməsi yalnız sənədlə yox, anonim müəllim və valideyn sorğuları ilə də aparılmalıdır. İkincisi, regional idarələr tərəfindən xəbərdarlıq mexanizmi qurulmalıdır – yəni problem mediaya çıxmamış əvvəlcə daxili araşdırma başlasın. Üçüncüsü, direktor postu sırf inzibati vəzifə deyil, liderlik və insan idarəetməsi vəzifəsidir. Ona görə də təyinatdan sonra davamlı idarəetmə və etik davranış üzrə təlimlər sistemli xarakter almalıdır.

Direktoru vəzifədən azad etmək ən son addım olmalıdır. Əgər fəaliyyətində nöqsan varsa, əvvəlcə xəbərdarlıq, inkişaf planı, nəzarət müddəti tətbiq olunmalıdır. Əks halda biz hər dəfə sosial mediada yayılan bir səs yazısına görə qərar verən sistem görüntüsü yaradırıq ki, bu da idarəetmədə sabitlik hissini zəiflədir.

Məktəb idarəçiliyi emosiyalarla yox, institusional mexanizmlərlə tənzimlənməlidir. Əgər davamlı və şəffaf qiymətləndirmə mexanizmi qurularsa, nə qalmaqal gözləməyə ehtiyac qalacaq, nə də qərarlar cəmiyyət üçün sürpriz olacaq.