Fenomen müəllimlərin sosial media hesabları araşdırılacaq - Təhsil Nazirliyi hərəkətə keçdi

Türkiyə Milli Təhsil Nazirliyi (MTN) fenomen müəllimlərə qarşı yenidən hərəkətə keçib.

Sherg.az xəbər verir ki, buna əsasən, ölkə üzrə fenomen müəllim və rəhbər vəzifəli şəxslərin sosial media hesabları araşdırılacaq.

Əldə edilən məlumata görə, nazirlik CİMER və Milli Təhsil Nazirliyinin Əlaqə Mərkəzi vasitəsilə daxil olan çoxsaylı şikayətlərdən sonra yeni bir işə start verib.

Nazirlik 81 il üzrə təhsil idarələrindən sosial mediada izləyici sayı çox olan müəllim və rəhbərlərin siyahısını tələb edib.

Siyahıda yer alan şəxslərin sosial media hesabları ilə bağlı araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən, qaydalara uyğun davranmadığı müəyyən edilən müəllim və rəhbər şəxslər barəsində intizam cəzası tətbiq olunacaq.

Müəllimlik Peşə Qanununa görə, müəllimlər və rəhbər şəxslər şagirdlərin görüntülərini yalnız valideynin icazəsi ilə paylaşa bilərlər. Əks halda, şagirdlərə və tədris prosesinə aid səs və ya görüntüləri qanunvericiliyə zidd şəkildə paylaşan müəllimlərə “töhmət” cəzası verilir.

Töhmət cəzaları müəllimlərin şəxsi iş (xidmət) sənədində 5 il müddətində saxlanılacaq.