Heç bir şagird təhsil sistemindən kənarda qalmamalıdır - Təhsil üzrə mütəxəssis

  • “Baş örtüyünə görə bir qızın təhsildən uzaqlaşdırılması cəmiyyətdən təcrid deməkdir”

Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində vahid məktəbli formasına digər elementlərin daxil edilməsini yasaqlayan qərarı cəmiyyətdə hələ də müzakirə olunmaqdadır. Bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması isə müəyyən narazılıq yaradıb.

Təhsil məsələləri üzrə mütəxəssis Vüqar Məmmədov hesab edir ki, cəmiyyətin gələcəyi sinif otaqlarından başlayır və heç bir qız təhsildən kənarda qalmamalıdır. Ekspert Sherg.az-a açıqlamasında bildirdi ki, məktəblərdə vahid geyim forması və dünyəvilik tələbinin tətbiqi son nəticədə ən həssas və taleyüklü bir məsələ ilə - şagirdlərin, xüsusilə də gənc qızların gələcək taleyi ilə üz-üzə gəlir. İnzibati qaydaların və hüquqi çərçivələrin qorunması vacib olsa da, bu məsələnin mərkəzində hər şeydən öncə uşaq, onun psixologiyası, mənəvi inkişafı və sosial gələcəyi dayanır: 

-Dini etiqad baxımından qızların baş örtüyü bağlaması həddi-büluğa çatması ilə əlaqələndirilir. Bioloji və fərdi xüsusiyyətlərdən asılı olaraq, bu mərhələ adətən 9–13 yaş aralığına təsadüf edir. Məhz bu dövr şagirdlərin ümumtəhsil məktəblərində ibtidai sinifdən orta təhsil pilləsinə keçdiyi, şəxsiyyət kimi formalaşdığı ən həssas zaman kəsiyidir. Ailəsinin dini inancı və ənənələri mühitində böyüyən qız uşağı üçün bu yaşda həm dini dəyərləri yaşatmaq, həm də məktəbin qəti uniforma tələbləri ilə qarşılaşmaq ciddi psixoloji gərginlik və daxili münaqişə yaradır. Övladın özünü ailəsi ilə məktəb arasında seçim etmək məcburiyyətində hiss etməsi onun sosiallaşmasına və mənəvi rahatlığına böyük zərbə vurur. Bu müstəvidə ən mühüm və birmənalı prinsip ondan ibarətdir ki, səbəbindən asılı olmayaraq, məktəbyaşlı uşaqların təhsil hüququnun məhdudlaşdırılmasına qətiyyən yol verilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığımız BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya"sı təhsili hər bir uşağın təməl və toxunulmaz hüququ kimi təsbit edir. Təhsil almaq sadəcə məktəb binasına daxil olmaq deyil; bu, uşağın cəmiyyətə inteqrasiyası, sosiallaşması və gələcəkdə müstəqil fərd kimi formalaşması üçün yeganə təminatdır. Bir qız uşağının baş örtüyünə görə təhsildən uzaqlaşdırılması və ya sistemdən kənarda qalmasına şərait yaradılması onu bilavasitə cəmiyyətdən təcrid edir. Təhsilsiz qalan qızlar erkən nikah riskləri, iqtisadi asılılıq və sosial passivliklə üz-üzə qalaraq, dövlətin formalaşdırmaq istədiyi savadlı, dünyəvi və cəmiyyətə faydalı vətəndaş modelindən uzaqlaşırlar.

V.Məmmədov bildirdi ki, Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qəbul etdiyi qərarlar və tətbiq edilən yeni uniforma standartları məktəblərdə vizual bərabərliyi və intizamı təmin etməyi hədəfləyir. Qaydalarda baş örtüyü xüsusi geyim elementi kimi nəzərdə tutulmasa da, bu qərarların icrası zamanı "uşağın ali mənafeyi" əsas meyar götürülməlidir. Qaydaların sərt inzibati metodlarla – uşağı sinifdən kənarlaşdırmaqla tətbiqi problemin həlli deyil, daha dərin sosial fəsadların başlanğıcıdır. Lakin mövcud vəziyyətdən optimal çıxış yolları inzibati cəzalandırmaya deyil, sosial uzlaşmaya və təhsilin əlçatanlığına əsaslanmalıdır: 

- Pedaqoji və sosial dialoq vacibdir. Məktəb rəhbərliyi, psixoloqlar və təhsili idarəetmə orqanları valideynlərlə davamlı dialoq qurmalı; məsələ qadağa və təzyiq dili ilə deyil, qarşılıqlı anlaşma və maarifləndirmə müstəvisində həll olunmalıdır. Kompromis və uyğunlaşdırılmış həllər təcrübəsi var. Beynəlxalq təcrübədə olduğu kimi, məktəbli formasının rənginə və dizaynına uyğunlaşdırılmış, vizual bütövlüyü pozmayan sadə, yığcam baş örtüklərinin istifadəsinə lokal səviyyədə müəyyən kompromislərin tətbiqi nəzərdən keçirilə bilər. Bu, həm vahid forma konsepsiyasını qoruyur, həm də dindar ailələrin övladlarının təhsildən kənarda qalmasının qarşısını alır. Ən əsası təhsilin davamlılığı təmin edilməlidir. Bütün hallarda uşağın tədris prosesində fasiləsiz iştirakı təmin edilməli, geyim məsələsi uşağın dərsə buraxılmaması üçün bəhanə və ya əsas olmamalıdır. Dünyəvi dövlətin və cəmiyyətin ən böyük gücü onun vətəndaşlarının savadında və mənəvi intellektindədir. Qızların məktəbdə elmi mənimsəməsi, gələcəyin savadlı anaları və peşəkar mütəxəssisləri kimi yetişməsi geyim detallarından qat-qat böyük dövlət və cəmiyyət əhəmiyyəti kəsb edir. Buna görə də qanunvericiliyin və daxili qaydaların tətbiqi zamanı heç bir şagird təhsil sistemindən kənarda qalmamalı, uşaqların təhsilə həvəsi qorunmalı və onların cəmiyyətə inteqrasiyası ali məqsəd kimi qəbul edilməlidir.