Keyfiyyətli təhsil müəllimdən asılıdır: Bacarmayanlar ixtisara gedəcək

Azərbaycan müəllimləri beynəlxalq standartlara uyğun qiymətləndiriləcək

Azərbaycanda təhsil sisteminin yenilənməsi və müasir çağırışlara uyğunlaşdırılması istiqamətində aparılan müzakirələr son dövrlər daha da aktuallaşıb. Təhsilin məzmunu, fənlərarası yanaşma, müəllimlərin rolu və süni intellektin tədris prosesinə inteqrasiyası kimi məsələlər bu müzakirələrin əsas mövzularındandır. Elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində məhz bu məsələlərə toxunaraq, mövcud təhsil modelinin artıq dövrün tələblərinə cavab vermədiyini, köklü dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. Nazir təhsilin əsas məqsədinin şagirdlərin daha keyfiyyətli bilik və bacarıqlara yiyələnməsi olduğunu önə çəkərək, bu istiqamətdə müəllim hazırlığı, metodik yanaşma və yeni texnologiyaların tətbiqinin vacibliyini qeyd edib. O, təhsilin məzmunu ilə bağlı mövcud problemlərə toxunaraq, Azərbaycanda təhsilin məzmununun müəllimlərin maaşına bağlı olduğunu bildirib. Nazir bu məsələnin dəyişməsinin çətin olduğunu vurğulayıb və qeyd edib ki, fənlərarası dəyişikliklər müəllimlərin maaşını azaldacaq, bu isə təhsilin məzmununa birbaşa təsir edir: "Fənlərarası dəyişikliklər müəllimin maaşını azaldacaq. Məsələn, biologiya dərsini bir saat azaltsaq, bu, həmin fənnin müəlliminin maaşının 10 faiz azalması deməkdir".

Emin Əmrullayev ölkədəki təhsil sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb. O, 90-cı illərdə informatika fənninin tədrisinə başlandığını, amma indi süni intellektin təhsilə daxil olmasının artıq vacib olduğunu bildirib. Ancaq bunun üçün müəllimlərin fənlərarası əməkdaşlıq və təhsil məqsədlərini daha yaxşı başa düşməli olduğunu söyləyib: "Müəllimlər yalnız öz fənləri ilə bağlı düşünməməlidirlər. Əgər məqsəd yalnız dərs saatlarını keçib məktəbdən getməkdirsə, şagirdlər hərtərəfli inkişaf etməyəcək".

Nazir, həmçinin təhsil sisteminin əsas məqsədinin şagirdin yaxşı təhsil alması olduğunu qeyd edib: "Biz müəllimə maaş veririk ki, şagirdlər daha yaxşı öyrənsinlər. Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?".

Emin Əmrullayev son 10 ildə müəllimlərin peşə keyfiyyətlərinin artdığını, əvvəllər "müəllim" sözünü düzgün yazmayan şəxslərin artıq sistemdən kənarlaşdırıldığını vurğulayıb. Onun fikrincə, hazırda müəllimlər arasında ciddi rəqabət mövcuddur. Lakin o, gənc müəllimlərin sertifikatlaşdırma prosesinin mükəmməlləşdiyini və bu müəllimlərin çoxunun yüksək bal topladığını qeyd edib. Nazir, həmçinin metodik təkmilləşdirmənin də böyük əhəmiyyət daşıdığını əlavə edib.

Qeyd edək ki, nazirin “əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?" ifadəsi ictimai rezonans doğuraraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi fikri müəllim məsuliyyətinin artırılması baxımından düzgün hesab etsə də, digərləri təhsildə nəticənin yalnız müəllimin üzərinə qoyulmasının ədalətli olmadığını bildirib. Müzakirələrə qoşulan təhsil üzrə ekspertlər isə məsələni daha geniş kontekstdə dəyərləndirib, nazirin açıqlamasını təhsil sistemində məsuliyyət və hesabatlılıq mədəniyyətinin gücləndirilməsinə çağırış kimi dəyərləndiriblər.

Təhsil mütəxəssisi Elçin Əfəndi Sherg.az-a açıqlamasında bildirib ki, təhsil sistemi emosional və ya fərdi maraqlara deyil, şagirdin bilik və bacarıqlarının formalaşmasına xidmət etməlidir. Dövlət tərəfindən təhsilə ayrılan vəsaitlərin əsas hədəfi də məhz budur.Elçin Əfəndinin diqqət çəkdiyi əsas məqamlardan biri demoqrafik proses olub. Onun sözlərinə görə, doğum səviyyəsinin ildən-ilə azalması təhsil sisteminə birbaşa təsir göstərir. Birinci sinfə qəbul olunan şagirdlərin sayının azalması perspektivdə məktəblərin optimallaşdırılmasını, siniflərin birləşdirilməsini və nəticə etibarilə müəllim ştatlarının ixtisarını qaçılmaz edir. Bu reallıq fonunda müəllimlərin sadəcə diplom sahibi olması deyil, real nəticə göstərməsi, yəni şagirdin öyrənməsinə töhfə verməsi əsas meyara çevrilir:

“Birinci sinfə gedəcək 100 minlik şagird kontingentinə sahib olan ölkədə 10-15 il sonra bu say 50 minə düşəcək. Nəticədə 50 min şagirdin təhsil aldığı müəssisə bağlanacaq, orada dərs deyən müəllimlər isə ixtisara gedəcəklər. Dövlət məktəb binalarının tikintisindən tutmuş dərsliklərin çapına, müəllimlərin işə qəbuluna qədər bütün prosesi şagirdlərin keyfiyyətli təhsil alması üçün həyata keçirir. Bu zəncirin mərkəzində isə müəllim dayanır. Müəllim yalnız fənni bilməklə kifayətlənməməli, eyni zamanda müasir tədris metodikalarına yiyələnməli, biliyini şagirdə düzgün və effektiv şəkildə ötürməyi bacarmalıdır. Əgər müəllim bu missiyanı yerinə yetirə bilmirsə, onun sistemdə saxlanılması nə iqtisadi, nə də pedaqoji baxımdan əsaslandırıla bilər. Beynəlxalq təcrübə də bu yanaşmanı təsdiqləyir. Finlandiya, Çin və bir sıra Avropa ölkələrində müəllim peşəkarlığı, davamlı qiymətləndirmə və nəticəyönümlü yanaşma əsas prinsip kimi qəbul olunur. Həmin ölkələrdə müəllimin statusu yüksəkdir, lakin bu status real nəticə və məsuliyyətlə müşayiət olunur. Azərbaycan da təhsil keyfiyyətini artırmaq istəyirsə, eyni prinsipial mövqeni ortaya qoymalıdır”.

Ekspertin qənaətincə, şagird nailiyyətlərinin formalaşmasında əsas yük müəllimin üzərinə düşür:

“Valideyn tədris prosesində dəstəkçi tərəf olsa da, aparıcı qüvvə müəllimdir. Məhz buna görə də həm ixtisas biliklərinə, həm də güclü metodik bacarıqlara malik müəllimlərin seçilməsi və sistemdə saxlanılması prioritet olmalıdır. Bu yanaşma uzunmüddətli perspektivdə şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə, təhsil sisteminin səmərəliliyinin artmasına və bütövlükdə cəmiyyətin inkişafına xidmət edəcək”.

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə Emin Əmrullayevin təhsil sahəsində səsləndirdiyi “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” prinsipi üzərindən bütün dövlət idarəetməsi və məmur sisteminə şamil edərək geniş bir müqayisə aparıb. N.Cəfərli qeyd edib ki, ölkədə dövlət strukturlarında nəticəyə görə məsuliyyət sistemi tətbiq olunsa, məmurların əksəriyyəti işlərinin real nəticəsinə görə qiymətləndirilər və mükafatlandırılardı. Onun arqumentində iqtisadiyyat, hüquq-mühafizə, infrastruktur, elm və hətta baş nazir səviyyəsi də daxil olmaqla bütün sahələrdə nəticəyə əsaslanan maaş və bonus sisteminin tətbiqi məsələsi qabardılıb:

“Əsl fəlsəfi təməldir, bəyəndim, hətta təklif edirəm ki, bu prinsip bütün dövlət-hökumət məmurlarına şamil olunsun, məsələn, ÜDM lazımi templə artmırsa, inflyasiya azalmırsa, insanların rifahı yüksəlmirsə, iqtisadiyyatla məşğul olan hüquqşünas nazirlər niyə maaş alırlar, nədən xidməti maşınları var, nə səbəbə onların sürücü və katibəsi olmalıdır?

Əgər məhkəmə hakimi ədalətli qərar vermirsə, hakimin verdiyi qərar Avropa İnsan Hüquqları Məhkəməsində yanlış və ədalətsiz çıxırsa, onlar niyə maaş alırlar?!

Dünən çəkilən asfalt bu gün dağılırsa, infrastrukturla məşğul olan nazirlik və idarə rəhbərləri niyə yaxşı evlərdə yaşamalı, maaş-bonus almalıdırlar?!

Baş nazirin işi ancaq toyda-yasda iştirak etməkdirsə (yəni xaricdə rəhbər şəxs ölür, yasına gedir və ya, xarici ölkədə dövlət bayramı olur, ora göndərirlər), niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır ki?!

AMEA-da ən böyük "uğur", nə ciddi "kəşf" nərd oynayarkən stəkanla belə şeş-qoşa atan "alimlərimizin" olmasıdırsa, niyə AMEA var, nədən maaş alırlar, niyə ləğv edilmir?!

Siyahını uzada da bilərəm, amma Emin müəllimin təklif etdiyi təməl prinsiplə razıyam, bütün ölkədə, bütün nazirlik və dövlət idarələrində mütləq tətbiq edilməlidir, yəni nəticəyə görə maaş-bonus, qazanc sisteminə keçməliyik.

Belə bir sistemə keçsək, məmləkətdə son nəticəyə görə mükafatlandırma olsa, məmurların bir çoxu acından “oboy” yeyər...”