"Tələbə kolleci bitirəndə sadəcə diplom yox, konkret bacarıqla çıxmalıdır"
“Pedaqoji ixtisasların kolleclərdən tədricən çıxarılması artıq faktiki reallığa çevrilir və “fiziki tərbiyə müəllimliyi”nin də universitet səviyyəsinə keçirilməsi bu prosesin davamıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi. Kolleclərinin fəaliyyətinin qənaətbəxş olmaması fikrinə münasibət bildirən ekspert qeyd etdi ki, pedaqoji ixtisasların kolleclərdən çıxarılması prinsip etibarilə doğru yanaşmadır, çünki müəllim hazırlığı daha dərin akademik baza, daha güclü metodika və daha ciddi peşə standartları tələb edir. Bu baxımdan ali təhsil mühiti daha uyğun platformadır:
-Amma məsələ burda bitmir. Sualın ən kritik hissəsi də elə budur: bəs kolleclər nə olacaq? Kollecləri “xilas etmək” üçün ilk növbədə onların rolunu yenidən düşünmək lazımdır. Əgər kolleclər universitetlərin kiçik modeli kimi qalacaqsa, əlbəttə ki, zamanla aktuallığını itirəcək. Amma əgər onlar bazarın real ehtiyaclarına cavab verən, praktik bacarıqlar üzərində qurulan çevik təhsil mərkəzlərinə çevrilsə, əksinə daha da güclənə bilərlər. Hesab edirəm ki, kolleclərin əsas üstünlüyü məhz praktikliyidir və bu üstünlük kağız üzərində yox, real məzmun kimi qurulmalıdır. Yəni tələbə kolleci bitirəndə sadəcə diplom yox, konkret bacarıqla çıxmalıdır. Məsələn, idman sahəsində məşqçi, fitness təlimatçısı, reabilitasiya köməkçisi kimi daha tətbiqi istiqamətlər inkişaf etdirilə bilər. Eyni yanaşma digər sahələrə də tətbiq olunmalıdır.
Digər tərəfdən, kolleclər əmək bazarı ilə daha sıx inteqrasiya olunmalıdır. İşəgötürənlərlə birbaşa əməkdaşlıq, dual təhsil modelləri, istehsalat təcrübəsinin real iş mühiti ilə bağlanması – bunlar artıq seçim yox, zərurətdir. Bir məsələni də açıq demək lazımdır: kolleclər yalnız “ali təhsilə gedə bilməyənlərin alternativi” kimi qalarsa, bu model işləməyəcək. Onlar ayrıca dəyər yaradan təhsil pilləsinə çevrilməlidir. Yekunda isə belə deyərdim ki, pedaqoji ixtisasların universitetlərdə cəmlənməsi doğru addımdır. Amma paralel olaraq kolleclər ya yenilənəcək, ya da sıradan çıxacaq. Orta yol yoxdur. Bu gün verilən qərarlar əslində kolleclər üçün siqnaldır – ya praktik və güclü ol, ya da formal qal və tədricən sistemdən kənarlaş.