Mobil telefonlar dərsi susdurur -RƏYLƏR

Finlandiya məktəblərindəki məhdudiyyətlər Azərbaycana da nümunə olmalıdır

Finlandiya Parlamenti, məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdıran yeni qanun qəbul edib.
Qanuna əsasən, 2025-ci il avqustun 1-dən etibarən, şagirdlər dərs zamanı yalnız müəllim və ya məktəb rəhbərliyinin icazəsi ilə, təhsil və ya sağlamlıqla bağlı səbəblərlə mobil cihazlardan istifadə edə biləcəklər. Qanun, məktəblərdə daha sakit və məhsuldar bir tədris mühiti yaratmağı, şagirdlərin rifahını və təhsil nəticələrini yaxşılaşdırmağı hədəfləyir.
Yeni qanun, müəllim və məktəb rəhbərlərinə dərs zamanı mobil cihazların istifadəsini məhdudlaşdırmaq və zəruri hallarda bu cihazları müvəqqəti olaraq müsadirə etmək səlahiyyəti verir. Məktəblər, dərs saatları, yemək vaxtları və fasilələrdə mobil cihazların istifadəsi və saxlanması ilə bağlı dəqiq qaydalar müəyyən etməlidirlər. 
Təhsil naziri Anders Adlercreutz, bu qanunun şagirdlərin dərslərə diqqətini artıracağını və məktəblərdə sakit və məhsuldar bir tədris mühiti yaradacağını bildirib. O, həmçinin, bu tədbirin şagirdlərin sosial bacarıqlarının inkişafına və mənalı qarşılıqlı əlaqələrin təşviqinə kömək edəcəyini vurğulayıb. Qeyd edək ki, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi mobil cihazların istifadəsinin məhdudlaşdırılmasının təsirlərini qiymətləndirmək üçün 2026-cı ilin sonuna qədər bir araşdırma aparacaq. Bu araşdırmanın nəticələri, gələcəkdə əlavə tədbirlərin görülməsi üçün əsas olacaq.
Məlumat üçün bildirək ki, Fransa da 2018-ci ildə məktəblərdə mobil telefonların istifadəsini qadağan edib.  Danimarka isə bu ilin əvvəlində məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdırmaq qərarı alıb. 

Finlandiya parlamentinin məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdıran qərarını tədrisin, qavramanın effektliyi baxımından doğru hesab edirəm. Bu sözləri Sherg.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Mobil cihazların istifadəsinin şagirdlərin, tələbələrin diqqətini yayındırdığını və sosial inkişaflarına mənfi təsir göstərdiyini vurğulayan Q.Məhərrəmli hesab edir ki, mütəxəssislər də bu məsələ ilə bağlı öz yanaşmalarını qeyd etməlidir: 
“Ali məktəbdə dərs deyir, mühazirələr oxuyuram, hətta ən maraqlı mövzuların tədrisi zamanı auditoriyadakıların 80-90 faizinin diqqətinin telefonda olduğunu görürəm. Diqqəti yayındırmaq səbəbindən belə hesab edirəm ki,  bizdə də bu addıma ehtiyac vardır. Auditoriyada, dərsdə mobil telefon məhdudlaşdırılmalıdır”.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da hesab edir ki, şagirdlərin məktəbdə dərs zamanı mobil telefondan istifadə etməsi onların tədrisə diqqətini zəiflədir, biliklərin mənimsənilməsini çətinləşdirir və sosial davranışlara mənfi təsir göstərir. O, qəzetimizə açıqlamasında bildirib ki, artıq bir sıra ölkələrin – xüsusilə də son nümunə olaraq Finlandiyanın – bu sahədə atdığı addımlar Azərbaycan üçün də nümunə ola bilər: 
“Məktəblər elm və tərbiyə məkanıdır. Mobil telefonlar şagirdlər arasında yayındırıcı faktor olmaqla yanaşı, onların psixoloji və sosial inkişafına da zərər verə bilər. Xüsusilə aşağı siniflərdə bu cür texnoloji vasitələrin istifadəsi minimuma endirilməli, hətta fasilə vaxtlarında belə nəzarət edilməlidir.
Azərbaycanda məktəb mühitinin daha məhsuldar və təhlükəsiz olması üçün müvafiq normativ sənədlər qəbul edilməli, təhsil müəssisələrində mobil telefonlardan istifadəyə aydın və konkret məhdudiyyətlər müəyyən olunmalıdır”.

Onun fikrincə, bu məsələ yalnız pedaqoji deyil, eyni zamanda hüquqi və texniki yanaşma tələb edir:
 “Burada məsələ təkcə şagirdin telefonla oynayıb dərsdən yayınması deyil. Məktəbdaxili nizam-intizam, kibertəhlükəsizlik, müəllimlərin nüfuzunun qorunması kimi məsələlər də mobil telefonlarla birbaşa əlaqəlidir. Ona görə də ümumilikdə qanunvericilikdə və məktəbin daxili qaydalarında bu məsələ öz əksini tapmalıdır”.

N.Qulamoğlu həmçinin, valideynlərin də bu məsələdə maarifləndirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi başda olmaqla aidiyyəti qurumlar tərəfindən vahid siyasət formalaşdırılmalıdır.