- “Əlləri uzundur, internetdən sui-istifadə edirlər”
- “Bundan da betərdir, bütün hekayələri təhlil edə bilərəm”
“Azərbaycan dili” dərsliyinin tərtibində plagiatlığa yol verilməsi ilə bağlı mübahisələr bitmir. Bir neçə gün öncə Baku TV-nin efirinə dəvət edilən ittihamçı - şair, yazıçı və publisist Səhər Əhməd ilə ittiham olunan- “Altun Kitab” Nəşriyyatının direktoru, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılov arasında gərgin diskussiya yaşanıb.
Qəribədir ki, S.Əhmədin “Niyə plagiatlıq edirsiniz?” sualına hörmətli ziyalımız “Yaxşı edirəm” cavabını verib. Ötən müzakirələrdə də R.İsmayılov bir neçə yazarın plagiatlıq iddialarına cavab verərək mətnlər və hekayələrlə bağlı izahat vermişdi. Efirdə də R.İsmayılov dərslikdəki “Orxan və Təpəl” hekayəsinin plagiat olması ilə bağlı ittihamları qəbul etməyib.
Geniş rezonans doğuran mübahisələrə filologiya üzrə fəlsəfə doktoru, Təhsil İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış Könül Aydın münasibət bildirib. Mütəxəssis “Orxan və Təpəl” hekayəsinin plagiat olduğunu faktlarla sübut edib:
- Rafiq İsmayılov hekayənin plagiat olduğunu inkar edərək bu iddianı böhtan adlandırır və arqument gətirir ki, dərslik 2012-ci ilin dərsliyidir, mənimsənildiyi iddia edilən animasiya filmi isə 2014-cü ildə yayımlanıb. Amma internetdə bu arqumenti puç edən tutarlı fakt var: animasiya filmi 6 yanvar 2012-ci ildə müəllifin saytında komiks şəklində yayımlanıb. Rafiq müəllimin ironiya ilə vurğuladığı kimi, dərslik müəllifləri öncəgörən deyillər. Düzdür, öncəgörən deyillər, görsəydilər, bu günü görərdilər. Amma əlləri uzundur, təəssüf ki, internetin imkanlarından sui-istifadə edirlər. Hekayə, həqiqətən də, plagiatdır. Hansı səviyyədə? Məzmun və ideya səviyyəsində. Obrazlar oxşardır – hər ikisində axsaq it və axsayan oğlan var. Motivlər də oxşardır: hər ikisində itlə tanışlıq, topla oynamaq, oğlanın yıxılması, itin oğlana nümunə olması və sağalmasına təsiri təsvir edilir. Süjet qismən oxşardır: dərslikdə iti Orxan küçədən tapır, ailəsi onu qəbul etməkdə çətinlik çəkir. Komiksdə isə iti ana hədiyyə edir, oğlan onu qəbul etməkdə çətinlik çəkir. İdeya eynidir: komiksin ideyası budur ki, məhdudiyyət faciə deyil, bu vəziyyətdə də xoşbəxt olmaq mümkündür, dostluq şəfadır. Hekayənin ideyası da budur ki, məhdudiyyəti sevgi aradan qaldıra bilər. “Dost dosta tən gərək”. Dərslikdəki hekayədə qüsur da var: Orxan Təpəlin dalınca qaçanda beş addım gedən kimi yıxılır və ayağa dura bilmir. Sonra isə həkim ondan soruşur ki, idmanla məşğul olubmu. Yarım saata nə dəyişib ki, Orxanın vəziyyəti belə təəccüb doğurur? Bu, anlaşılmır.
K.Aydın qeyd edib ki, yazar Səhər Əhmədin adını çəkdiyi hekayələr plagiatdır, onların arasında tam köçürülmüş nümunələr də var:
- “Azərbaycan dili” dərslikləri tələsik yazılıb. Guya dərslik kimi təsdiq olunduğu üçün təhsilimizin səviyyəsi budur. Bundan da betərdir. Bütün hekayələrin plagiatlığını ətraflı təhlil edə bilərəm, amma bu, elm deyil deyə, vaxtımı israf etmək mənə maraqlı deyil.