Şagirdlərin hərbi forma geyinməsinə isti baxılmır? - “Sülh vətənpərvərləri yetişdirməliyik”

  • Asəf Quliyev: "Bu, mənim subyektiv fikrimdir, kimsə etiraz edə bilər"

Zəfər Günü ilə bağlı orta məktəblərdə keçiriləcək tədbirlərdə şagirdlərin hərbi formadan istifadə etməsi məsləhət görülmür. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, bununla bağlı məktəblərə məlumat göndərilib. Həmin məlumatın kim tərəfindən hazırlandığı, hansı zərurətdən irəli gəldiyi və nələr nəzərə alınaraq belə bir göstəriş verildiyi məlum deyil.

İndiyədək 20 Yanvar, Xocalı faciəsi və Qarabağın işğal tarixlərinin anım mərasimlərində məktəbli oğlanlar hərbi forma geyinərək səhnəyə çıxırdılar. Valideynlər hətta azyaşlı oğlan uşaqlarına da hərbi forma geyindirirdilər. Bunun hərbi-vətənpərvərlik ruhunu yüksəltdiyi şübhəsizdir. Bəs nədən torpaqlarımızın işğaldan azad edilməsinin altıncı ilində belə bir təlimat verilir?

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, belə bir təlimatın haradan və hansı məqsədlə verildiyini bilmir. Lakin həqiqətən də belə bir göstəriş və ya tövsiyə varsa, bunu müsbət qiymətləndirir:

“Nə qədər ki torpaqlarımız işğal altında idi, övladlarımızı hərbi-vətənpərvərlik ruhunda böyütməyi zəruri hesab edir, buna çalışırdıq. Uşaqların hərbi forma geyinməsi də bu məqsədlə əl atdığımız vasitələrdən biri idi.

Amma Azərbaycan işğala son qoydu, ərazilərimiz işğaldan azad edildi. Hazırda yenidənqurma, abadlıq və tikinti işləri aparılır, vaxtilə işğal altında olan ərazilərimiz dirçəlir. İndi biz sülh vətənpərvərləri yetişdirməliyik. Hazırda xalq olaraq sülhə köklənmişik. Ona görə də uşaqları sülh vətənpərvərliyi ruhunda böyütməliyik. Bu, mənim subyektiv fikrimdir, kimsə etiraz edə bilər. Lakin mən hesab edirəm ki, biz sülh vətənpərvərləri yetişdirməliyik”.

5. Zəfər Günü tədbirlərində hərbi forma məsələsi gündəmdə – Yeni yanaşma nə ilə bağlıdır?