Təhsilimiz azı 20 il geriyə düşüb, savadlı kadrlar sistemin altında əzilir- Mütəxəssisdən sərt tənqid

  • “İstedadlı gənclər potensialını itirir, savadlı müəllimlər sistemdən uzaqlaşır”
  • "Təhsil sistemində radikal dəyişikliklərə ehtiyac var”
  • “Kağız üzərindəki uğur illüziyalarına son qoyulmalıdır”

Tanıdığım müəllim var, əsəbi tərzdə deyir ki sosialist inqilabından əvvəl məhkəmələrin qarşısında əyləşən mirzələr bizim qədər yazmırdı heç. Qələm barmağımızı “mazol” eləyib. Adam nə qədər jurnal, dərs planı yazar?!

Xatırladaq ki, son illərdə orta məktəblərdə tətbiq edilən elektron jurnal, summativ qiymətləndirmələr, KSQ, BSQ-lərin 100 ballıq şkala üzrə, “kriterial qiymətləndirilməsi”, müxtəlif sənədləşmə işləri müəllimlərin əsas zamanını bir xeyli zəbt edib. Sənədləşmə işində kağız-kuğuz içində itib-batan yorğun müəllimdən şagirdlərə fərdi yanaşma tələb etmək mümkündürmü?

Təhsil məsələləri üzrə ekspert Vüqar Məmmədov hesab edir ki, təhsil sistemindəki köklü problemlərə göz yummaq, keyfiyyətsizliyi normaya çevirmək əslində gələcək nəsillərin taleyi ilə oynamaq deməkdir. Müəllimləri əlavə işlərlə yükləmək onları tədrisdən yayındırır, təhsilin keyfiyyətini aşağı salır, şagirdlərə daha çox vaxt ayırmağa qoymur.

Ekspert Sherg.az-a açıqlamasında qeyd etdi ki, təhsilin əsl ürəyi sinif otağı və auditoriyadır. Lakin mövcud reallıqda müəllim tədris prosesindən çox, saysız-hesabsız sənədləşmə işləri, mənasız iclaslar və bürokratik tələblərlə üz-üzə qalır: 

- Müəllimi bürokratik yükün girovuna çevirəndə, şagird və tələbənin fərdi yanaşmadan məhrum qalması qaçılmazdır. Səthi hesabatlar real keyfiyyəti əvəz edə bilməz. Saysız-hesabsız sənədləşmə işləri, iclasların çoxluğu dərs keyfiyyətini yüksəltmir, əksinə, pedaqoji heyətin enerjisini sərf edir. İdarəetmədə peşəkarlıq meyarlarının gözlənilməməsi savadlı və təşəbbüskar kadrların sistemdən uzaqlaşmasına səbəb olur, müəllimin sosial rifahı və cəmiyyətdəki nüfuzu isə hələ də arzuolunan səviyyədən çox uqardadır. Nəticə acınacaqlıdır. İndiki mənzərə göstərir ki, biz təkcə cari illərdə deyil, həm də gələcəyə hesablanmış inkişaf templərində azı iyirmi il geriyə düşmüşük. İrəliyə doğru atılmalı olan addımlar yerində sayma, bəzən də geriyə addımlama ilə əvəz olunub. İstedadlı gənclərin potensialı düzgün istiqamətləndirilmir, savadlı kadrlar isə sistemin ağır yükü altında əzilirlər.

Mütəxəssis bildirdi ki, böhrandan çıxış yolu yalnız reallığı olduğu kimi qəbul etməkdən keçir: 

- Formalizmdən, kağız üzərindəki uğur illüziyalarından əl çəkilməli, təhsilin idarə olunması işi təsadüfi adamlara deyil, peşəkarlara, islahatçı düşüncəli insanlara həvalə edilməlidir. İdarəetmədə şəffaflıq təmin edilməli, təhsil sahəsi bürokratik mexanizmlərdən azad olunaraq əsl elm və intellekt mərkəzinə çevrilməlidir. Əks halda, itirilən hər bir tədris ili bizi gələcəkdən bir az daha uzaqlaşdıracaq. Təhsilə edilən hər bir laqeydlik birbaşa sabahımıza qəsd etməkdir və bu acı həqiqəti dərk edərək radikal addımlar atmağın vaxtı çoxdan çatıb.