Üç universitetdə əyani tədris fevralın 15-dən bərpa olunacaq
"Çünki kimya, fizika, mühəndislik, xüsusən, tibb ixtisasında oxuyanlar üçün mütləq şəkildə tədrisin bərpası vacibdir"
Pandemiyaya görə ali təhsil müəssisələrində əyani formada tədris 2020-ci il mart ayının 2-sindən etibarən dayandırılıb. Həmin vaxtdan bəri dərslər onlayn formada təşkil edilir. Lakin elə ixtisaslar var ki, onlar mütləq təcrübə tələb edir. Bu da praktiki məşğələlər tələb olunan ixtisaslara - tibb, yaradıcılıq, mühəndislik və s. aid olan dərslərin ənənəvi formada keçirilməsini zəruri edir.
Təhsil Nazirliyi tərəfindən verilən qərara əsasən, 2021-ci il 15 fevral tarixindən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
Təhsil eksperti Kamran Əsədov isə "Şərq"ə açıqlamasında deyib ki, orta ümumtəhsil məktəblərindən fərqli olaraq, ali məktəblərdə dərslərin ənənəvi qaydada tədris edilməsi olduqca çətin bir prosesdir:
"Çünki ölkədə orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin çoxu evinə ən yaxın olan məktəbdə oxuyur və burada onlar valideynlərinin nəzarəti altındadır. Bu gün ölkəmizdə 51 universitet var ki, həmin müəssisələrdə ümumilikdə 182 min tələbə təhsil alır. Şagirdlərdən fərqli olaraq tələbələrin böyük əksəriyyəti müxtəlif ərazilərdə yaşayır. Dərsə gəlmək üçün onlar bir müddətlik kirayə ev tutur, yaxud yataqxanada qalırlar. Nəzərə alaq ki, pandemiya dönəmində yüksək hərəkətlilik o qədər də tövsiyə olunmur. Digər tərəfdən fevral ayı ərzində bərpa edilən ixtisasların sayı həftə ərzində maksimum 2-3 dərs təşkil edir. Məlum şəraitə görə, insanların bu qədər əziyyətə salınması məqbul hesab edilmir. Elə məhz bu səbəbdən Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərslər 15 fevral tarixindən əyani formada tədris olunmayacaq və dərslərə onlayn formada davam ediləcək. Doğrudur, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəyyən qədər istehsalata yaxın olan praktiki işləri özündə əks etdirən fənlər olsa da, orada təhsil alan tələbələrin əksəriyyətinin rayonlardan olduğunu nəzərə alaraq dərslərin onlayn qaydada təşkili məqsədəuyğun hesab edilib".
Kamran bəy hansı universitetlərdə dərslərin bərpa olunacağına da toxunub:
"Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tədris bərpa olunacaq. Çünki kimya, fizika, mühəndislik, xüsusən, tibb ixtisasında oxuyanlar üçün mütləq şəkildə tədrisin bərpası vacibdir. Çünki bu ixtisaslarda mövzular birbaşa, individual olaraq mənimsənilir. Qeyd etdiyim üç universitetdən başqa digərlərinin də bu sıraya qoyulacağını gözləyirik. Biz artıq proqramların üzərində işləyirik. Düşünürəm ki, tələbələrimiz üçün ən optimal variant müəyyənləşəcək. 15 fevral tarixindən əyani tədrisin bərpa olunacağı ali təhsil müəssisələrində vacib şəkildə sanitar-gigiyenik qaydalara riayət olunmalı, sosial məsafə gözlənilməlidir".
Aytac Ali