- Şagirdlər dərsi qoyub aqressiv kontentlərə baxırdı
Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.
Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: “Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında məktəblərdə Tiktok-a çıxışın məhdudlaşdırılmasını müsbət addlm adlandırdı: 
- Şagirdlər müvafiq sosial platformadan zərərli şəkildə istifadə edirdi. Ona görə də Tiktok platforması, həmçinin zərərli məzmuna malik 200-dən artıq görüntüyə çıxış bloklanıb. Təbii ki belə bir qərarın alınması olduqca əhəmiyyətlidir. Biz çox zanan müşahidə edirdik ki, şagirdlər dərsdən kənar ancaq müəyyən görüntüləri çəkərək paylaşmaqda maraqlı idilər. Dərs qalırdı bir kənarda, onlar zərərli məzmunlara baxır, izləyir, aqressiv oyunlara qoşulur, aqressiv kontentləri izləyərək eyni şeyi məktəb daxilində təkrarlamağa çalışırdılar. Nəticədə məktəb daxilində şagirdlər arasında gərginlik yaşanırdı, bullinqlərə şahid olurduq. Tiktok kimi palformalara çıxışın məıhdudlaşdırılması bu cür halların qarşısının alınmasına və şagirdlərin diqqətinin dərsə yönəlməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
E.Əfəndi bildirdi ki, valideynlər də diqqətli olmalı, övladlarının zərərli məzmunlardan uzaq durmalarını təmin etməlidirlər:
- Ağıllı telefonlar, texnolji alətlər var, hansı ki onların vasitəsiylə zərərli məzmunlar bloklana bilir. Bu alətlərdən istifadə edərək valideynlər də övladlarının bəzi platformalara girişini məhdudlaşdıra bilərlər. Valideynlər də bu məsələdə diqqətli olmalıdırlar ki övladları sosial plaformalarda narkotik maddələr, hansısa zərərli vərdişlər, aqressiya daşıyan görüntülər, cinayət hadisələri izləməsin, tədrisə, elmə yönəlsin. Zərərli vərdişlərdən uzaq durmaq üçün ən optimal yol elm, təhsil istiqamətində addımlamaqdır.