Dubay düyməni basdı: 2026-cı ildən uçan taksilər istifadəyə veriləcək

Dubay vəliəhdi Şeyx Həmdan Bin Məhəmməd Bin Rəşid Əl Maktum əmirliyin ilk uçan taksi stansiyasında işlərə başlandığını və uçan taksiləri 2026-cı ildə istifadəyə verməyi planlaşdırdıqlarını açıqlayıb.

Sherg.az xəbər verir ki, Dubay Beynəlxalq Hava Limanına yaxın tikiləcək vertiportun ildə maksimum 170 min sərnişin tutumuna sahib olması planlaşdırılır. Uçan taksilər sərnişinləri üç istiqamətə daşıyacaq: şəhər mərkəzi, Dubay Marina və Palm Jumeirah.

Dubayın baş nazirinin müavini və müdafiə naziri vəzifəsini də icra edən Əl Maktum X hesabında verdiyi açıqlamada bu sözləri deyib:

“Birinci fazasında şəhər mərkəzi, Dubay Marina və Palm Jumeirah dayanacaqlarını əhatə edəcək stansiya 2026-cı ildə istifadəyə veriləcək. Dubay innovasiya, təhlükəsizlik və davamlılığa sadiqliyi ilə qlobal mobilliyi formalaşdırmağa davam edəcək”.

3 min 100 kvadratmetr sahədə qurulması planlaşdırılan vertiportda dayanacaq yerləri, iki uçan taksi eniş-enmə zolağı, uçan taksi dayanacağı yerləri və enerji doldurma məntəqələri yer alacaq. Sərnişinlər üçün kondisionerli gözləmə otaqları da yaradılacaq.

Hər il orta hesabla 42 min uçan taksinin Vertiportaya enəcəyi gözlənilir.

Dubay rəsmilərinin verdiyi məlumata görə, şaquli şəkildə qalxıb enən Joby S4 tipli uçan taksilər ətraf mühitə səs də daxil olmaqla heç bir emissiya buraxmır. Maksimum 45 desibel səs çıxaran elektrikli uçan taksilərin helikopterlərdən əhəmiyyətli dərəcədə daha sakit işləməsi gözlənilir. 5 oturacaq, 6 pərvanə və 4 akkumulyator qutusu olan dizayn saatda maksimum 320 kilometr sürətlə 161 kilometr məsafə qət edə biləcək.

Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında avtomobillə 45 dəqiqə davam edən səyahətin uçan taksi ilə 12 dəqiqəyə endirilməsi gözlənilir.
Uçan taksilərin əmirlikdə tıxacları azaldacağı proqnozlaşdırılır.

Uçan taksilərdən başqa harada istifadə olunacaq?

Səudiyyə Ərəbistanı həmçinin 2026-cı ildən etibarən mühüm turistik məkanlarda uçan taksi xidmətlərini işə salmağı planlaşdırır.

Səudiyyə Ərəbistanının Aviasiya Nazirliyi tərəfindən verilən  açıqlamada, “Biz hədəflərimizə çox yaxınıq. Neom-da sınaqları uğurla başa vurduq"-deyilir.

Uçan taksilərin Həcc və Ümrə ziyarəti üçün krallığa gedən müsəlmanlara da rahatlıq yaradacağı gözlənilir. Uçuşlar Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanı ilə Məkkədəki otellər arasında həyata keçiriləcək.

Morgan Stanley, şaquli qalxan və enən elektrik təyyarələrinin (eVTOL) yaratdığı ümumi bazarın 2040-cı ildə 1,5 trilyon dollara çatacağını proqnozlaşdırır. Potensial müştərilərin hava yolları, nəqliyyat, ilk yardım, kənd təsərrüfatı, turizm və təhlükəsizlik xidmətləri kimi sektorlardan gələcəyi bildirilir.

Bu sahədə hazırlanmış bir çox təyyarə hələ sınaq mərhələsində olsa da, vasitələrin inkişaf mərhələləri kifayət qədər genişdir.