ASAN Süni İntellekt platforması

İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Dövlət qurumları və özəl sektor vahid rəqəmsal platformada toplaşır

Rəqəmsal hökumət istiqamətində səylər hər keçən gün artırılır, vətəndaşların bu sistemdən rahat istifadəsinin təmin edilməsi məqsədilə müxtəlif platformalar işə salınır. Onlardan biri də “mygov” platformasıdır ki, bununla vətədaşlara müxtəlif dövlət qurumlarına müraciət edib, lazımi sənədləri ünvana getmədən tez bir zamanda əldə etmək imkanı yaradılır.

Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır. Proses bu cür irəliləyir: İstifadəçi “mygov”un ana səhifəsində yerləşən xüsusi məktub işarəsi və ya “Daha çox” bölməsindən “Dövlət qurumlarına rəsmi məktub” funksiyasına daxil olur. Yeni müraciət yaradır və məktubun ünvanlanacağı qurumu, məktubun başlığını və məzmununu daxil edir. Ehtiyac yaranarsa, “Fayl yükləyin” düyməsi ilə məktuba əlavə sənəd yükləyir. Məlumatlar təsdiq edildikdən sonra məktub SİMA və ya ASAN rəqəmsal imza vasitəsilə imzalanır və avtomatik olaraq seçilmiş dövlət qurumuna göndərilir. Hər bir göndərilmiş məktub “Göndərilən” bölməsində saxlanılır.

Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur. “Vətəndaş - Dövlət” və “Dövlət – Vətəndaş” kommunikasiya modeli əsasında “mygov”da yaradılmış bu müasir funksionallıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə həyata keçirilir. Qeyd edilir ki, bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir. Bununla yanaşı, platforma üzərindən ilk ay ərzində təxminən 11 min məktub mübadiləsi həyata keçirilib. Ən çox məktub göndərən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öndə gəlir. Vətəndaşlar isə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və ASAN Xidmətə müraciət ediblər. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, "ASAN AI Hub" Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini birləşdirir və süni intellektəsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "ASAN AI Hub"un rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər. 14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un baş direktoru və həmtəsisçisi Steve Nouri isə “Günümüzdə generativ süni intellekt-2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib. Tədbir çərçivəsində "ASAN AI Hub" ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb. Həmin əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək. Sonra “Süni intellektdə açıq innovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib. “Apolitical” təşkilatının partnyorluqlar üzrə direktoru Katerin Miller Ueberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət-özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparılıb. Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. "ASAN AI Hub" açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.

Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında ASAN-nın təqdim etdiyi platformanın faydalı olacağını bildirdi: 

- Dövlət qurumları süni intellekt sahəsində səylərini gücləndirirlər. ASAN bu istiqamətdə maraqlı bir platforma təqdim edib. Bu platforma süni intellekt sahəsində bütün maraqlı tərəflərin səylərini əlaqələndirmək və təşviq etmək, potensialı gücləndirmək məqsədilə yaradılıb. Görülən işlər, səylər təqdirəlayiqdir. Lakin bəzi çatışmazlıqlar var. Dövlət satınalmalarının rəqəmsallaşdırılması, xüsusilə eSatınalma portalının (etender.gov.az) təkmilləşdirilməsi istiqamətində son illərdə müəyyən irəliləyişlər baş verib. Antiinhisar və İRİA bu sahədə bir sıra addımlar atıb və artıq satınalmalar elektron şəkildə həyata keçirilir. Lakin bir müddət əvvəl araşdırma apararkən ciddi bir problemi qeyd etmişdim: tender iştirakçıları portal üzərindən tələb olunan bütün sənədləri elektron qaydada əldə edib sistemə yükləyə bilmirdilər. Ən diqqətçəkən məqam isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalma üçün vacib xidmətinin-inzibati cərimələrlə bağlı arayışın hələ də portala inteqrasiya olunmaması idi. Nazirlik o zaman bu problemi aradan qaldırmaq üçün öz saytında həmin arayışın elektron əldə edilməsi imkanını yaratmışdı. Yəni sahibkar real vaxtda eSatınalma portalından deyil, heç olmasa, Nazirliyin saytından həmin sənədi alıb portala yükləyə bilirdi. Məsələni yenidən araşdıranda həqiqətən çox təəccübləndim. Nazirliyin saytındakı bu elektron xidmət də tamamilə dayandırılıb. Artıq hüquqi şəxslər inzibati cərimələr haqqında arayışı nə eSatınalma portalından, nə də Nazirliyin öz saytından elektron şəkildə əldə edə bilmirlər. Bu arayışı almağın yeganə yolu – ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinə kağız formada müraciət etməkdir. Bu isə dövlət idarəetməsində geriyə doğru addımdır. Həm də ölkənin ən çox rəqəmsal transformasiya olunan qurumunda belə bir absurd halın yaşanması çox düşündürücüdür. Normalda süni intellekt texnologiyalarının tətbiqi ilə bu cür arayışlara ümumiyyətlə ehtiyac qalmamalı idi. Sistem bütün məlumatları özü müəyyənləşdirməliydi. Bizdə isə əksinə olaraq, “yarımrəqəmsaldan” kağıza doğru geriyə dönüş baş verib. Bir az araşdırdıqda ortaya belə bir mənzərə çıxır: ƏƏSMN, əslində, xidməti rəqəmsallaşdırıb. Amma Antiinhisar Agentliyinin portalına inteqrasiya edə bilməyib. Səbəb olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin arayışın elektron formada verilməsi üçün lazım olan məlumatları Məhkəmə-Hüquq Şurasından ala bilməməsi göstərilib. Vəssalam, dairə qapanıb. Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti xidmətin elektron təqdimatını dayandırıb, xidmət Nazirliyin saytından da çıxarılıb və xidmətin təqdim edilməsi dədə-baba qaydasına keçirilib. Rəqəmsal transformasiyaya və rəqəmsal hökumətə cavabdeh mərkəzi qurum – RİNN, İRİA mövcud olduğu halda belə uyğunsuzluqların baş verməsi anlaşılmazdır. Əgər dövlət qurumu xidməti rəqəmsallaşdırıbsa, onun inteqrasiyası təmin olunmalıdır. Yoxsa bir qurumun “vermirəm”, digərinin isə “inteqrasiya edə bilmirəm” deməsi dövlət idarəçiliyinə yaraşan yanaşma deyil.

Daha pisi isə dövlət qurumlarının istədiyi an elektron xidmətləri bağlaması, aktivləşdirməsi, inteqrasiyadan çıxarmasıdır. Anlamıram ki, bu necə baş verə bilər? Vətəndaşlara qarşı yetərincə cərimələr müəyyən edən hökumətin məmurların bu tip ağlasığmaz addımlarına biganə yanaşması çox düşündürücüdür. Ümid edirəm İRİA, ƏƏSMN, Antiinhisar Agentliyi və Məhkəmə-Hüquq Şurası bu problemi qısa zamanda həll edəcək və dövlət satınalmalarında rəqəmsal hökumət prinsiplərinə uyğun, fasiləsiz və tam rəqəmsal proses təmin olunacaq.