Osman Gündüz: "Milyonlarla istifadəçisi olan bu şirkət kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb"
Fərid Pərdəşünas: "Azercell”in məqsədi odur ki, istifadəçilər ödəniş edəndə hər hansısa tarif planından birini seçsinlər"
1 iyul tarixindən etibarən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan mobil internet və danışıq tariflərində dəyişiklik ediləcəyi açıqlanıb. Rəsmi bəyanatda bu addımın məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi və istifadəçilərə daha əlverişli şərtlərin yaradılması kimi təqdim edilsə də, real mənzərə tamam fərqlidir. Sosial şəbəkələrdə və ictimai mediada yayılan reaksiyalar göstərir ki, əhali bu qərarı daha çox qiymət artımı və xidmətlərin əlçatmaz hala gəlməsi kimi dəyərləndirir. İstifadəçilərin şərhlərindən belə aydın olur ki, sim nömrə istifadəçisi xəttin açıq qalması üçün ayda ən azı 30 manat ödəməlidir.
İstifadəçilərin əksəriyyəti üçün dəyişikliklər “optimizasiya”dan daha çox əlavə maliyyə yükü anlamına gəlir. Artıq bəzi abunəçilər alternativ mobil operatorlara keçid etməyi düşünür, bu isə "Azercell" üçün müştəri itkisi riski yaradır.
Xüsusilə regionlarda yaşayan və aşağı gəlirli ailələr üçün mobil rabitə və internet xərcləri büdcənin mühüm hissəsini təşkil edir. Yeni tarif siyasəti isə bu ailələr üçün əlavə yük yaradır. Pandemiya dövründən sonra internetə çıxışın təhsil və iş həyatında zəruri hala gəldiyi bir vaxtda belə bir qərarın sosial məsuliyyət prinsiplərinə uyğun olmadığına dair fikirlər səslənir. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər rəqəmsal bərabərsizliyi daha da dərinləşdirə bilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sherg.az-a açıqlamasında deyib ki, "Azərcell" “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib. Ekspert həmçinin qeyd edib ki, "Azərcell" yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var, nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq:
“Son 2 gündə "Azərcell" yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib. Yeni açıqlamalarından da görsənir ki, nömrənin aktivliyi üçün "1 manat- 1 gün" sistemindən imtina ediblər.
Yəni nömrənin aktiv qalma müddətini məcburi olaraq balans artırma məbləği ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görsənir. Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub. İstənilən halda, "Azərcell"in son bir aydakı tarif dəyişikliklərinə, ümumiyyətlə, son aylardakı qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir, seçimlər məhdudlaşdırılır, abonentləri daha çox xərcləməyə təşviq edir. Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir. Ümumiyyətlə, düşünürəm ki, bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyəti qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili faydalı olardı.
Özləri açıqlamasa da, beynəlxalq hesabatlara baxanda görmək olur ki, "Azərcell"də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də, xərcləri hədsiz çoxdur. Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil”.
O. Gündüz hesab edir ki, əgər yeni tarifləri ictimaiyyətdə doğru anlaşılmayıbsa, "Azərcell" daha məntiqli izahat verməlidir. Ekspertin sözlərinə görə, digər ciddi məsələ isə odur ki, "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, "Azərcell" həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi yığılan” modellərə keçir:
“Bütün bunların fonunda sual yaranır: Dövlətə məxsus payla idarə olunan belə bir şirkət niyə bu qədər ifrat sərt ticarət davranışları nümayiş etdirir? Milyonlarla istifadəçisi olan "Azercell" kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir. Rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, "Azərcell" dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək.
O. Gündüz qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etmədiyini xatırladıb: “Maraqlı məqam həm də odur ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir. Yəni anlaşılan dillə desək, biz "Azərcell"də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik.
Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq”.
İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabındakı paylaşımında bu qərarın istifadəçilər tərəfindən düzgün başa düşülmədiyini bildirib. O qeyd edib ki, ay ərzində 30 manat ödənilməsi tələbi heç bir tarif paketinə qoşulmayan abunəçilərə aid ediləcək. Onun sözlərinə görə, hər hansı paketi aktivləşdirən istifadəçi an azı 2 manat ödəməklə sim nömrəsini açıq saxlaya biləcək:
“Çox adam belə başa düşür ki, 30 gün aktiv xətt üçün aylıq minimum 30 manat yükləmək lazımdır. Xeyr, bu, belə deyil. Ölkədə belə tarif yoxdur. Bunu eləsə-eləsə, Donald Tramp tarif siyasətində edər. İstifadəçi hər hansısa plana keçsə, həmin plan qədər xətt açıq qalacaq. Məsələn, 2 manatlıq tarif planı ilə 30 gün nömrə aktiv qalır. Əvvəl 30 gün aktivlik üçün 5 manat ödənilməli idi. İndi heç kim paketsiz və plansız nömrə istifadə etmir. Çünki çox baha başa gələr. “Azərcell”in məqsədi odur ki, istifadəçilər ödəniş edəndə hər hansısa tarif planından birini seçsinlər”.