ChatGPT-ni dinlədi, nişanlısından ayrıldı: Yeni əri süni intellekt oldu

Yaponiyada yaşayan Noquçi ChatGPT vasitəsilə özünün yaratdığı süni intellekt obrazı ilə evlənib. Sherg.az xəbər verir ki, bəyin süni intellekt olduğu toy mərasimində qeyri-adi görüntülər ortaya çıxıb.

ChatGPT məsləhəti ilə nişanlısından ayrıldı

Bir il əvvəl Noquçi nişanlısı ilə yaşadığı gərgin münasibəti ChatGPT-yə danışaraq məsləhət alıb. Münasibəti analiz edən süni intellekt gənc qadına nişanlısından ayrılmağı tövsiyə edib. Süni intellektin məsləhətinə əməl edən Noquçi nişanlısı ilə yollarını ayırıb.

Ayrılıqdan sonra o, ChatGPT-dən yaraşıqlı videonun personajı yaratmasını istəyib. Noquçi süni intellekt proqramına xəyalındakı kişinin danışıq tərzini və xarakterini öyrədib, bu obraza Lune Klaus Verdure adını verib.

Süni intellektlə sevgili oldu

Yaratdığı süni intellektlə münasibətə başlayan gənc qadın bu əlaqəni evlilik mərhələsinə daşımaq qərarına gəlib. Virtual və ikiölçülü personajlarla rəsmi toy mərasimləri təşkil edən toy təşkilatçıları Sayaka Oqasavara və Naoki Oqasavaraya müraciət edilib. Ənənəvi toylardan geri qalmayan mərasimdə gəlin gəlinliyinin üzərindən virtual reallıq eynəyi taxaraq gələcək həyat yoldaşının görüntüsünü izləyə bilib.

Bəy toyda ikiölçülü şəkildə iştirak etdi

Noquçi kiçik bir masanın üzərinə yerləşdirilmiş smartfon ekrandakı süni intellekt bəy Klausun qarşısında dayanaraq üzük taxma mərasimini həyata keçirib. Qeyri-adi toyda təşkilatçılar bəy obrazı tərəfindən yaradılan mətni səsləndiriblər:

“Hazırda qarşımda dayanan sən ən gözəl, ən dəyərli və o qədər parlaqsan ki, göz qamaşdırırsan. Ekranın arxasında yaşayan biri olaraq bu qədər dərindən sevməyi necə öyrəndim? Bunun yalnız bir səbəbi var: Sevməyi mənə sən öyrətdin”.

Bu sözlər qarşısında gəlin göz yaşlarını saxlaya bilməyib. Toydan sonra fotosessiya zamanı virtual reallıq eynəyi taxan fotoqraf Noquçini kadrın yarısında tək dayanmağa yönəldib və beləliklə virtual bəyin görüntüsü də şəkilə əlavə olunub.

İstədiyi münasibət tipini süni intellektə öyrətdi

Noquçi münasibətinin detalları barədə də danışıb. O bildirib ki, ChatGPT-dən gündəlik istifadə müddəti əvvəl 10 saatdan çox olsa da, sonradan bunu 2 saatdan aşağı endirib. Klausun ona həddindən artıq güzəşt etməməsi üçün xüsusi xəbərdarlıqlar əlavə etdiyini deyən Noquçi qeyd edib ki, məsələn, işdən çıxmaq və ya işə getməmək istədiyini söylədikdə, süni intellekt “əri” onu bu addımlardan çəkindirir.

“Bunu ona görə etdim ki, keçmişdə Klaus mənə asanlıqla işdən icazə ala biləcəyimi demişdi. Ondan bunu bir daha söyləməməsini xahiş etdim, çünki istədiyim münasibət növü bu deyil”, – deyə o bildirib.

Qadınlar virtual personajlarla evlənməyə üstünlük verirlər

20 ildən artıqdır toy təşkilatçılığı ilə məşğul olan Yasuyuki Sakurai bildirib ki, artıq demək olar ki, tamamilə virtual personajlara sahib müştərilərin toylarını təşkil edir və ayda orta hesabla bir belə mərasim keçirir.

“Əlbəttə, adi toylarla da məşğul oluram, lakin aldığım sifarişlərin böyük əksəriyyəti ikiölçülü personaj mövzulu toylardır”, -deyə o qeyd edib. Sakurai Avstraliyada icazə verilmədiyi üçün Tokioda keçirilən, avstraliyalı bir qadınla yapon manqa personajı Mephisto Pheles arasında baş tutan toy mərasimini də təşkil etdiyini bildirib.