Görmə qabiliyyəti zəif olan şəxslərə istiqamət verməyə kömək edən “Be My Eyes” tətbiqi Rusiyada bloklanıb
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, tətbiq görmə məhdudiyyəti olan istifadəçilərə videozəng vasitəsilə könüllülərlə əlaqə qurmağa, həmçinin süni intellekt alətləri vasitəsilə ətrafdakı obyektlər və mövcud vəziyyət barədə təsvir almağa imkan verirdi.
“Be My Eyes” xidmətinə çıxışla bağlı problemlər dekabrın əvvəlindən etibarən müşahidə olunmağa başlayıb. Şirkət bu faktı rəsmi şəkildə təsdiqləyib.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, məhdudiyyətlər “Be My Eyes”in bəzi texniki xidmət provayderlərinin Rusiyada bloklanması ilə əlaqəli ola bilər.
“Be My Eyes” görmə qabiliyyəti olmayan və zəif görən şəxslərə yardım göstərən ən böyük beynəlxalq pulsuz xidmətlərdən biridir.
Rusiyadakı istifadəçilər üçün alternativ olaraq oxşar funksiyaları yerinə yetirən “Robin Online” platforması təklif edilib, lakin o, “Be My Eyes” tətbiqini tam şəkildə əvəz etmir.