Kipr rəsmisi: "Kibertəhlükəsizlik artıq lüks deyil, qlobal zərurətdir"

"Kibertəhlükəsizlik yalnız inkişaf etmiş ölkələr üçün yox, bütün dünya üçün zəruri hal alıb".

Oxu.Az xəbər verir ki, bunu Kipr Milli Tənzimləmə Qurumunun kommunikasiyalar üzrə komissarı Corc Mayklidis (George Michaelidesi) Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, inklüzivlik və dayanıqlılığa dair öhdəlik rəqəmsal transformasiyanın digər mühüm istiqaməti olan kibertəhlükəsizliyə də şamil olunur.

Komissar bildirib ki, müasir qarşılıqlı əlaqəli dünyada kibertəhlükəsizlik artıq lüks deyil, qlobal səviyyədə zərurətə çevrilib:

"Rəqəmsal inkişaf geniş imkanlar açsa da, ölkələri və təşkilatları iqtisadiyyatları iflic edə bilən, milli təhlükəsizliyi zəiflədən, həssas məlumatları təhlükəyə atan və rəqəmsal sistemlərə inamı sarsıdan ciddi kiberrisklərlə üzləşdirir".