"Meta" hərəkətə keçdi! 16 yaşdan aşağı gənclərin sosial media hesabları silinir

"Meta" şirkəti, 10 dekabrda qüvvəyə minəcək sosial media qadağası çərçivəsində Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin Instagram, Facebook və Threads hesablarını bağlamağa başlayıb. Təxminən 150 min Facebook istifadəçisinin və 350 min Instagram hesabının təsirlənəcəyi gözlənilir.

“Meta”nın açıqlamasında bildirilib:

“Qanuna uyğunlaşma davam edən və çoxqatlı bir proses olacaq. “Meta” qanuna əməl etməyə sadiq olsa da, daha effektiv, standartlaşdırılmış və məxfiliyi qoruyan bir yanaşmanın lazım olduğuna inanırıq.”

Açıqlamada Avstraliya hökumətinin tətbiqlər yüklənərkən istifadəçilərdən yaş doğrulaması tələb etməli olduğu, həmçinin 16 yaşdan aşağı şəxslər üçün valideyn razılığının məcburi olması lazım gəldiyi vurğulanıb.

“Meta”nın üç platformasına əlavə olaraq, YouTube, X, TikTok, Snapchat, Reddit, Kick və Twitch də qadağadan təsirlənəcək sosial media platformaları arasındadır. Dünyada ilk olan Avstraliya sosial media qadağası 10 dekabrda qüvvəyə minərkən, şirkətlər 16 yaşdan aşağı şəxslərin hesab açmasının qarşısını ala bilməsə, 33 milyon dollar cərimə ilə üzləşəcəklər.

Qalereya