Saxta saytlar təhlükə yaradır: Fırıldaqçılar “myGov” adı ilə şəxsi məlumatları ələ keçirməyə çalışırlar

Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları və Startap Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov saxta "myGov" saytları ilə bağlı sosial media hesabında xəbərdarlıq edib. O, rəsmi dövlət portalı olan my.gov.az ilə əlaqəsi olmayan vətəndaşları aldatmağa çalışan saxta saytların mövcudluğuna diqqət çəkib. E.Abbasov rəsmi saytın ünvanını paylaşaraq, şübhəli və saxta saytlardan uzaq durmağa çağırıb. O, həmçinin şəxsi məlumatların qorunması və təhlükəsizliyi ilə bağlı vətəndaşları xəbərdar edib.​
AİKTSA sədrinin sözlərinə görə, fırıldaqçılar guya dövlət yardımı və qeydiyyat adı ilə istifadəçiləri cəlb edərək onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə çalışırlar: “Vətəndaşlardan daxil olan məlumatlara əsasən, bir çox şəxs bu saxta sayta etibar edərək öz bank kartı və digər həssas məlumatlarını təqdim edib və nəticədə maddi və informasiya baxımından zərər çəkib”.
Sosioloq Elçin Bayramlı da Sherg.az-a açıqlamasında son dövrlərdə bu cür fırıldaqçılıq hallarının geniş yayılmasından narahat olduğunu deyib. O bildirib ki, insanların rəqəmsal mühitə adaptasiya olması ilə birlikdə, saxta və zərərli saytların fəaliyyəti də artıb: 
 "MyGov" portalına bənzəyən saxta səhifələrin yaradılması vətəndaşların şəxsi məlumatlarını ələ keçirmək üçün çox yayğın bir taktika halına gəlib. Vətəndaşları bu tip fırıldaqçılıq halları barədə maarifləndirmək çox vacibdir. İnsanlara dövlət xidmətləri və yardımlarına aid məlumatların yalnız rəsmi və etibarlı portallardan əldə edilməli olduğunu xatırlatmaq lazımdır. Hər hansı bir dövlətin və ya qurumun internet səhifəsi sadə və aydın olmalı, vətəndaşları şübhəli addımlar atmağa məcbur etməməlidir. Bank kartı məlumatları, şifrə və digər həssas şəxsi məlumatların yalnız etibarlı və mühafizə olunan platformalarda təqdim edilməsi vacibdir. Bankların və digər maliyyə qurumlarının heç vaxt telefonla və ya qeyri-rəsmi kanallarla şəxsi məlumatları soruşmadığını xatırlatmaq əhəmiyyətlidir. "MyGov" kimi dövlət saytlarının saxtalarını tanımaq üçün vətəndaşlar diqqət etməlidir ki, URL ünvanı hər zaman etibarlı və tanınmış olmalıdır. Şübhəli saytların ünvanı çox vaxt rəsmi domen adı ilə oxşar olur, amma fərqliliklər var. Həmçinin, saytlarda SSL sertifikatı (HTTPS) olub-olmaması da təhlükəsizlik baxımından önəmlidir. Dövlət orqanları və maliyyə təşkilatları, şübhəli fəaliyyətlərin qarşısını almaq üçün daha güclü təhlükəsizlik tədbirləri və sistemlər təqdim etməlidirlər. Bu, vətəndaşların məlumatlarının qorunmasını təmin edəcək və saxta səhifələrlə mübarizə aparmağa kömək edəcək.
Hər hansı bir saxta fəaliyyətin təsirinə düşən vətəndaşlar, dərhal əlaqədar orqanlara müraciət etməli və onlardan kömək almalıdırlar. Dövlət və maliyyə qurumları fırıldaqçılıq halları ilə bağlı maarifləndirmə işləri aparmalı və müvafiq hüquqi addımlar atmalıdır”.
Ekspert həmçinin qeyd edib ki, bu cür hallarda vətəndaşların ehtiyatlı olmaları, yalnız etibarlı saytlara daxil olmaları və həssas məlumatlarını yalnız güvənli kanallarla paylaşmaları ən effektiv müdafiə tədbiri olacaqdır:
 “Hər kəsin rəqəmsal təhlükəsizlik və şəxsi məlumatlarının qorunmasına qarşı daha çox diqqət yetirməsi vacibdir”.