Sumqayıt rəqəmsal mərkəzə çevrilə bilər - Azərbaycan üçün tarixi fürsət

  • Osman Gündüz: "Qazaxıstan milyonlarla investisiya cəlb edir, Azərbaycan bu fürsəti qaçırmamalıdır"

Rəqəmsal Orta Dəhliz layihəsi artıq reallığa çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışının reallaşması Çin və Mərkəzi Asiyadan gələn məlumatların Azərbaycan, Qazaxıstan, Gürcüstan və daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsini təmin edəcək. 

Layihənin faydaları barədə Sherg.-az-a danışan Azərbaycan İnternet Forumun Prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz əsas məqamları açıqladı: 

- Uzun illərdir haqqında yazdığım, hazırlıq və icra mərhələlərini izlədiyim Transxəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı oldu. Hər iki ölkənin dövlət başçıları Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən Fiber-Optik Kabel Xəttini onlayn formatda istifadəyə verdilər. Sumqayıt və Aktau arasında çəkilən təxminən 380 kilometrlik kabel saniyədə 400 terabitdən çox məlumat ötürmə qabiliyyətinə malikdir. Əvvəllər də vurğulamışdım ki, bu layihənin mürəkkəbliyi yalnız kabelin dənizin dibi ilə çəkilməsində deyildi. Burada texnoloji və coğrafi çətinliklərlə yanaşı, geo-siyasi maraqlar, qlobal maneçiliklər, illərlə uzanan razılaşdırmalar və tərəfdaş dəyişiklikləri də olub. Uzun illər Rusiya bu layihənin reallaşmasına maneçiliklər yaradıb. “Bu layihə heç zaman reallaşa bilməz” deyən xeyli sayda ciddi insanlar vardı. İndi həmin uzun yolun mühüm mərhələsi arxada qalıb. “Rəqəmsal İpək Yolu”nun əsas hissələrindən biri artıq real infrastrukturdur. Azərbaycan tərəfdən təşəbbüsü irəli aparan NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan AzerTelecom-un komandasının əməyini xüsusi qeyd etmək lazımdır. Dövlət başçılarının siyasi dəstəyi ilə bu mürəkkəb layihənin uğurla yekunlaşması təqdirəlayiqdir. Amma əvvəllər də dediyim kimi bir məsələni yenidən xatırlatmaq istəyirəm. Rəqəmsal tranzit ölkəsi olmaqla regional data və texnologiya mərkəzi olmaq arasında ciddi fərq var. Trafikin ərazimizdən keçməsi bizə tranzit gəliri və strateji üstünlük qazandırır. Daha böyük iqtisadi dəyər isə həmin bağlantının ətrafında data mərkəzləri, bulud xidmətləri, süni intellekt üçün hesablama infrastrukturu və texnoloji bizneslər formalaşdırmaqla yaranır. Qazaxıstan artıq qlobala şirkətlərlə birgə bu xətt üzərində güclü data mərkəz tikməyə başlayıb. Bu ölkə milyonlarla investisiya cəlb edib bu işlərərə. Biz də öz təşəbbüsümüzlə formalaşan bu rəqəmsal dəhlizin iqtisadi imkanlarından daha fəal yararlanmalıyıq. Kabelin Azərbaycanda quruya çıxdığı Sumqayıt bu baxımdan xüsusi fürsət qazanır. Etibarlı və rəqabətli enerji təminatı, beynəlxalq bağlantı və əlverişli investisiya mühiti bir araya gətirilərsə, şəhər sənaye potensialı ilə yanaşı, regional rəqəmsal mərkəz kimi də inkişaf edə bilər. İndi aidiyyəti qurumların və özəl sektorun qarşısında konkret vəzifə dayanır. Bu infrastruktur əsasında hansı qlobal şirkətləri cəlb edəcəyik, hansı xidmətləri ixrac edəcəyik, ölkədə hansı yeni iş yerlərini yaradacağıq, bu məsələlərə baxılmalıdır.