Bu sual bu gün təhsil sisteminin, gənclərin inkişafının və gələcəyimizin ən aktual mövzularından biridir. Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatımızın demək olar ki, bütün sahələrinə təsir göstərir. Xüsusilə süni intellektin həyatımıza daxil olması təhsildə yeni imkanlarla yanaşı, müəyyən problemlər də yaradıb.
Bu gün universitet tələbəsinin gündəlik həyatını süni intellektsiz təsəvvür etmək getdikcə çətinləşir. Tələbələrin bir çoxu artıq ilk növbədə kitablara və kitabxanalara deyil, süni intellektə müraciət edir. Süni intellekt tələbələrə vaxta qənaət etmək, məlumat əldə etmək, xarici dilləri öyrənmək, mürəkkəb mövzuları anlamaq və akademik işlərini daha rahat hazırlamaq imkanı yaradır. Lakin bu imkanların arxasında müəyyən təhlükələr də gizlənir.
Bəzi tələbələr süni intellekti yalnız köməkçi vasitə kimi deyil, düşünməyin əvəzedicisi kimi görürlər. Hazır cavabları əldə etmək asanlaşdıqca, müstəqil düşünmək və şəxsi fikir formalaşdırmaq da çətinləşir. Süni intellektdən istifadə edən bütün tələbələri eyni şəkildə qiymətləndirmək də düzgün deyil. Çünki bir tələbə ondan yeni biliklər öyrənmək, digəri isə sadəcə tapşırığı daha tez bitirmək üçün istifadə edə bilər.
Bu gün süni intellekt vasitəsilə istənilən suala bir neçə saniyə ərzində cavab tapmaq mümkündür. Bir tərəfdən hər bir sualın cavabını saniyələr içində qarşımıza qoyan süni intellekt, digər tərəfdən isə bu rahatlığın arxasında tədricən zəifləyən müstəqil düşüncə və yaranan passivlik dayanır. Bəs bu rahatlıq tələbələrə necə təsir edir? Biz həqiqətən öyrənirik, yoxsa yalnız hazır məlumatları qəbul edirik?
Hazırda ChatGPT və digər süni intellekt vasitələri tələbələrin təhsil həyatının bir hissəsinə çevrilib. Mövzuların izahı, təqdimatların hazırlanması və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün bu vasitələrdən geniş istifadə olunur. Süni intellektin təhsildə istifadəsi mənfi hal deyil. Əksinə, o, tələbənin öyrənmə prosesini asanlaşdırır, mürəkkəb mövzuları daha anlaşıqlı şəkildə izah edir və yeni biliklər əldə etməsinə kömək göstərir.
Tələbə hər hansı mövzunu anlamaq əvəzinə, tapşırığı birbaşa süni intellektə həvalə etdikdə öyrənmə prosesi arxa plana keçir. Hazır cavab vaxta qənaət etsə də, müstəqil nəticəyə gəlmək bacarığını zəiflədir. Çünki düşünmək, araşdırmaq, sual vermək və səhvlərdən nəticə çıxarmaq təhsilin ən vacib hissələrindəndir.
Tələbə anlamadığı mövzu ilə bağlı süni intellektdən kömək alır, daha sonra əldə etdiyi məlumatları müqayisə edir və öz fikirlərini formalaşdırırsa, bu, öyrənməyə kömək edir. Ancaq tələbə araşdırma aparmadan hazır mətni olduğu kimi qəbul edirsə, bu, artıq texnologiyadan asılılıq təhlükəsi yaradır.
Süni intellektin təqdim etdiyi hər məlumatı doğru hesab etmək də düzgün deyil. Çünki bəzən yanlış və ya kontekstə uyğun olmayan məlumatlar verə bilər. Buna görə də tələbələr yalnız məlumat əldə etməklə kifayətlənməməli, həmin məlumatı təhlil etməyi və onun doğruluğunu yoxlamağı bacarmalıdırlar.
Məncə, burada əsas məsələ texnologiyanı təhsildən uzaqlaşdırmaq deyil, ondan düzgün istifadə qaydalarını formalaşdırmaqdır. Süni intellekt düşüncəmizi əvəz edən vasitəyə deyil, düşüncəmizi inkişaf etdirməyə kömək edən alətə çevrilməlidir. Çünki heç bir texnologiya insanın fərdi yanaşmasını və müstəqil düşüncəsini tam əvəz edə bilməz. Süni intellektdən öyrənmək, araşdırmaq və özünü inkişaf etdirmək üçün istifadə ediriksə, bu, faydalı vasitədir. Yox, əgər yalnız hazır cavab əldə etməyə çalışırıqsa, o zaman texnologiyanın yaratdığı rahatlıq düşünmək ehtiyacımızı arxa plana keçirir.
Beyin işləmədikcə zəifləyən bir sistemdir. Hər dəfə hazır həllə üz tutan insan öz analitik qabiliyyətini, problem həll etmək bacarığını və tənqidi təfəkkürünü bir qədər də itirir. Qarşılaşdığı ilk gözlənilməz çətinlikdə isə tamamilə çarəsiz qala bilər.
Düşünən tələbə isə bütün bunların əksinə olaraq, hazır məlumatı başlanğıc materialı kimi qəbul edir. O, qarşısına qoyulan hər bir fikrə şübhə ilə yanaşmağı, “Niyə?”, “Necə?” suallarını verməyi bacarır. Düşünən tələbə informasiya okeanında boğulan deyil, həmin okeanda öz marşrutunu müəyyənləşdirən kapitan kimidir. O, texnologiyadan öz beyninin əvəzedicisi kimi deyil, düşüncəsini daha da dərinləşdirmək üçün köməkçi vasitə kimi istifadə edir.
Əsas sual isə budur: Gələcəyin təhsilində süni intellektdən istifadə etməyən, yoxsa süni intellekt olmadan düşünməkdə çətinlik çəkən tələbələr üstünlük təşkil edəcək?
Unutmamalıyıq ki, süni intellekt insan düşüncəsini əvəz etmək üçün deyil, ona kömək etmək üçün yaradılmış vasitədir. Tələbə texnologiyadan istifadə edərkən öz düşünmək bacarığını da qoruyub saxlamalıdır. Gələcəyin uğurlu tələbəsi sadəcə süni intellektdən istifadə edən deyil, ondan istifadə edərkən müstəqil düşünməyi bacaran tələbə olacaq.
Beləliklə, süni intellektin həyatımıza daxil olması müstəqil düşüncəmizi yox etməməlidir. Çünki insanın düşüncəsi və fikirləri heç bir texnologiya ilə müqayisə olunmayacaq qədər dəyərlidir.
Xavər Hacıyeva,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi