"TikTok" özbaşınalığına son! - Cəzasız hörmətsizlik dövrü bitir

Əxlaqsız paylaşımlar artıq bağışlanmayacaq, hüquqi mexanizm işə düşür

Maarifləndirmə yetmədi, cəza gəlir - sosial mediada yeni mərhələ başlayır

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.

Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, belə xırda xuliqanlıq əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, otuz günədək müddətə inzibati həbs tətbiq olunacaq. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi ölkəmizdə geniş müşahidə olunur. Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyatımıza ciddi zərər vurur. Mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Sherg.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişiklik cəmiyyətdə uzun müddətdir müşahidə olunan davranış boşluğunun hüquqi çərçivəyə salınması baxımından mühüm addımdır. Onun fikrincə, son illər ictimai yerlərdə açıq hörmətsizlik nümayiş etdirən, lakin fiziki zorakılığa və ya əmlaka zərər vurmağa keçməyən hərəkətlər faktiki olaraq cəzasız qalırdı və bu da cəmiyyətə yanlış mesaj verirdi: “Sözügedən qanun layihəsi cəmiyyətin uzun müddətdir formalaşan gözləntilərinə tam cavab verir. Son illər xüsusilə sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə zidd, açıq-aşkar cəmiyyətə hörmətsizlik ifadə edən paylaşımların sayı nəzərəçarpacaq dərəcədə artıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda bu cür qeyri-etik və əxlaqsız məzmunlar geniş auditoriya qazanaraq adi hal kimi təqdim olunur.

İndiyədək hüquq-mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyi bu halların qarşısını almaq məqsədilə “TikTok” sosial şəbəkəsində mütəmadi tədbirlər həyata keçirib. Əxlaqi dəyərlərə zidd paylaşımlar edən tiktokerlər saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və sonradan sərbəst buraxılıblar. Lakin bu yanaşma problemin köklü həlli üçün yetərli olmayıb. Yeni qanun layihəsinin qəbulundan sonra Azərbaycanda sosial şəbəkə mühiti keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Maarifləndirici tədbirlər gözlənilən effekti vermədiyi üçün artıq daha təsirli hüquqi mexanizmlərin tətbiqi qaçılmaz idi. Dəyişikliklər hüquq-mühafizə orqanlarına daha çevik reaksiya imkanı yaradacaq, eyni zamanda cəza mexanizminin mövcudluğu əxlaqa zidd və qeyri-etik paylaşımlar edən şəxslər üçün ciddi çəkindirici faktor olacaq və bu tip blogerlərin sayı tədricən azalacaq.”

H.Heydərli xüsusilə vurğulayıb ki, qanun layihəsində hər hansı qeyri-müəyyənlik mövcud deyil: “Sənəddə açıq şəkildə göstərilir ki, hansı hərəkət və paylaşımlar cəmiyyətə açıqca hörmətsizlik kimi qiymətləndirilir. Bu isə həm hüquq-mühafizə orqanları, həm də sosial şəbəkə istifadəçiləri üçün aydın və şəffaf hüquqi çərçivə yaradır. Bu dəyişikliklər söz azadlığının məhdudlaşdırılması deyil, əksinə, sosial mediada məsuliyyətli davranışın formalaşdırılmasına xidmət edir və sağlam ictimai mühitin qorunması baxımından vacib addımdır. Yəni bu yanaşma cəza sərtləşdirməsindən daha çox, ictimai məsuliyyət anlayışının gücləndirilməsi kimi dəyərləndirilməlidir”.