“Qonşu ölkələr ermənilərin təxribatına uymasın !” – Təşkilat sədrindən çağırış 



İran, Türkiyə və Gürcüstan Azərbaycanın işğal altında olan Qarabağ ərazisində keçirilən panerməni oyunlarına nümayəndə heyəti göndərməkdən imtina edib.
Bu məlumatı “Jamanak” qəzeti yayıb. Nəşrin yazdığına görə, İran nümayəndə heyəti də panerməni oyunlarında iştirak etməyəcək: “Məsələ odur ki, oyunlar Qarabağda baş tutacaq və İran hakimiyyəti bunun üçün Azərbaycanla münasibətləri pozmaq istəmir. Hazırda bəllidir ki, Gürcüstan və Türkiyədən olan erməni nümayəndə heyətləri də oyunlarda iştirakdan imtina ediblər”. Qəzet həmçinin, bu ölkələrdəki erməni icmalarının Ermənistan hökumətinə müraciət edərək, onların bu tədbirlərdə nümayəndələrinin iştirakının təmin olunmasını xahiş etdiklərini vurğulayıb. 

Düşmənin növbəti təxribatı ilə bağlı “Sherg.az”a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu məsələnin hər zaman diqqət mərkəzində olduğunu deyib. 

QAT rəhbərinin sözlərinə görə, bununla bağlı dəfələrlə xəbərdarlıq edilib, mövqe ortaya qoyulub: 

“Hökumətə müraciət etmişik ki, qonşu ölkələrdəki səfirliklərə müvafiq tapşırıqlar verilsin. Erməni mediasının yazdığına görə, Gürcüstan öz vətəndaşlarına Qarabağa getməyi qadağan edib. İddialara görə, İran tərəfi də buna bənzər addım atıb. Hesab edirəm ki, həm dövlət, həm də cəmiyyət səviyyəsində düzgün iş aparmaqla bu təxribatın qarşısını ala bilərik. 

Ancaq ermənilərin oyunu davam edir. Xatırladım ki, bir müddət əvvəl Türkiyənin Hatay vilayətində, Musa dağının ətəyində olimpiya oyunları ilə bağlı Ermənistanla yanaşı, qondarma rejimin də “bayrağı” qaldırıldı, məşəl yandırıldı. 

Daha sonra həmin məşəli Şuşada, Pənahəli xan qalasında yandırdılar. Yəni düşmən tərəf təxribatçı oyunun keçirilməsində israrlı olduğunu nümayiş etdirdi”. 

Birlik sədri vurğulayıb ki, panerməni oyunlarının keçirilməsinə cəhd edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan tərəfdən çox böyük bir təhdiddir: 

“İndiyə kimi bu cür oyunları Ermənistan ərazisində keçirirdilər. Budəfəki oyunu Dağlıq Qarabağda keçirməklə işğal olunmuş torpaqların Ermənistan ərazisi olduğunu göstərməyə çalışırlar. 

Ona görə də qətiyyən arxayın olmamalıyıq və çalışmalıyıq ki, qonşu ölkələr ermənilərin təxribatına uymasın. Elə etməliyik ki, Qarabağa bir nəfər də getməsin və düşmənin oyunu alınmasın. 

Paralel olaraq beynəlxalq idman mərkəzlərinə də müraciət etməliyik ki, ermənilərin idmandan siyasi məqsədlər üçün istifadə etməsinə imkan verməsinlər”. 

İsmayıl Qocayev 


Paylaş
Bizi Facebookda izləyin
menu
menu