Həkimlər ağır xəstələrə marixuana yaza biləcək



Avropa ölkələri biri-birinin ardınca narkotika tərkibli dərmanların istifadəsini qanuniləşdirir

Adil Qeybulla: "Narkotik tərkibli dərmanlar perspektivsiz xəstələrə verilir ki, ağrıları yüngülləşsin. Azərbaycanda da həkim resepti əsasında apteklərdən narkotik tərkibli dərman preparatları almağa, əlbəttə icazə var"



Marixuanadan müalicə məqsədilə istifadəyə rəsmən icazə verən ölkələrin sayı artır. Bu günlərdə İsveçrə Federal Şurası ölkənin 
həkimlərinə öz xəstələrinə müalicə məqsədilə marixuana yazmaq icazəsi verməyə hazırlaşır. Məlumatda bildirilir ki, Federal Şura “Narkotik maddələr haqqında Qanun”a müvafiq dəyişiklik etmək istəyir. Lakin tibbi sığorta şirkətləri bu preparat təyin olunmuş xəstələrə heç bir ödəniş etməyəcək.
Qeyd edilib ki, dünyanın bir sıra ölkələrində xərçəng və ya dağınıq skleroz xəstəliyindən əziyyət çəkən minlərlə xəstə marixuana qəbul edir və həkim təyinatı əsasında bu maddədən istifadə leqal sayılır. Eləcə də İsveçrədə Federal Səhiyyə İdarəsi hər bir xəstəyə ərizə əsasında marixuananın qəbulu icazəsi verir. 2018-ci ildə FSİ təxminən 3000 belə icazə verib.

Alternativ yoxdursa – marixuana?

Ötən illərdə bu ərizələrin sayı getdikcə artıb. Tərkibində 1 faizdən artıq tetrahidrokannabinol (THC) mövcud olan preparatın istifadəsinə icazə almaq üçün həkimlər xəstənin alternativ müalicələrdən yararlanmasının mümkün olmadığını izah etməlidirlər.
FSİ-dən verilən məlumata əsasən, tibbi marixuana xərçəng xəstələrinin xroniki ağrıları, kimyaterapiya zamanı ürəkbulanma və iştahsızlıq əleyhinə istifadə oluna bilər. Dağınıq skleroz zamanı bu maddə spazmaların azaldılmasına yardım edir. İndi Federal Şura prosesi asanlaşdıraraq müalicə həkiminin birbaşa qərar verməsini və marixuana təyin etməsini qanuniləşdirmək istəyir. Marixuana tərkibli vasitələrin həqiqətən müalicəvi təsir göstərməsi elmi cəhətdən hələ tam sübut olunmayıb. Bu səbəbdən də tibbi sığorta şirkətləri adıçəkilən vasitələri çox nadir hallarda ödəyir. FSİ bu qaydanın dəyişdirilməsinin hələ nəzərdə tutulmadığını qeyd edib.

O da qeyd edilir ki, marixuana 1951-ci ildən etibarən İsveçrədə qadağan olunub.

Marixuana hətta marketlərdə satılır  

Əgər qanun dəyişikliyi baş tutarsa, İsveçrə marixuanadan müalicə məqsədilə istifadəyə rəsmi icazə verən ilk ölkə olmayacaq. 
Elə ölkələr var ki, orada marixuananın istifadəsi qismən və ya tam olaraq artıq qanuniləşdirilib. Şəxsi qəbul üçün - Çexiya, Hollandiya, Belçika, İsveçrə, İngiltərə, yalnız tibbi müalicə üçün - Avstraliya, ABŞ, Kanada, İsrail. Hansı ölkədə ki, marixuana tam qanuni şəkildə icazəlidirsə, həmin ölkədə hər bir kəs azad şəkildə marixuananı üzərində, evində saxlaya, istədiyi zaman qəbul edə bilər. Əgər qanunsuz olaraq onu evində saxlayarsa, heç bir cinayət işi açılmadan həmin vasitəni yalnız müsadirə edirlər.

1850-ci ildən 1942-ci ilədək marixuana ABŞ-da ürəkbulanmaya, revmatizmə qarşı və ağrıkəsici dərman kimi bütün aptek və marketlərdə xüsusi qablaşdırılmış formada əldə etmək mümkün idi.

Həkimlər özləri xəstələrə marixuana verirmiş  

Həkimlər tibbi marixuananı SPİD, qlaukoma, xərçəng, skleroz, epilepsiya və xroniki ağrılardan və xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün əvəzolunmaz tibbi preparat hesab edirlər.

2003-cü ildə Kanada ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün marixuanadan ən çox istifadə edən ölkələr siyahısında birinci yerdə idi. 1996-cı ildə Kaliforniya həkimləri qanuni şəkildə marixuananı tibbi preparat kimi pasiyentlərə qəbul etdirən ilk Amerika ştatı olub.
Dünyada marixuana qəbulundan dünyasını dəyişən heç bir ölüm hadisəsi qeydə alınmayıb. Hətta hansı dozada ölüm hadisəsi baş verə biləcəyini öyrənmək üçün itlər üzərində əməliyyat aparılıb. Atlar üzərində aparılan əməliyyatlarda da heç bir ölüm hadisəsi qeydə alınmayıb.
Qonşularımızda da fərqli vəziyyətdir. Məsələn, Gürcüstanın Konstitusiya Məhkəməsi “Vətəndaş Givi Şanidze Gürcüstan Parlamentinə qarşı” işi üzrə irəli sürülmüş iddianı təmin edərək, marixuananın istifadəsinə görə cinayət cəzasını ləğv edib. Bu isə marixuananın Qafqazda leqallaşması istiqamətində ilk presedentdir.
Çox zaman marixuanadan tibbi məqsədlə istifadəni bu vasitənin istehsalı, satışı ilə qarışdırırlar. 

Xərçəng xəstələri marixuana istifadə edə bilir 

Marixuananın əkilməsi, istifadəsi və ya satışı başqa-başqa anlayışlardır. Onun bir çox ölkələrdə sərbəst satışı ya tamamilə qadağandır, ya da lisenziya ilə mümkündür. İstifadəsinə gəldikdə isə müəyyən istehlak miqdarına qədər bu, cinayət sayılmır. Azərbaycanın özündə bir insanın üzərində 5 qrama qədər marixuana tapılsa, bunun üçün o, cinayət məsuliyyətinə cəlb olunmur. Fərqli ölkələrdə bunun qramına görə cinayət məsuliyyətinə cəlbolunma fərqlidir. Məsələn, Ukraynada 5 q, Rusiyada 6 q, Estoniyada 7.5 q, Çexiyada 15 q, İtaliyada 10 q, Kolumbiyada 22 q və s. cinayət məsuliyyəti yaratmır. Bu, istifadə üçün nəzərdə tutulan miqdardır. Bəzi ölkələrdə isə qanunvericilikdə onun əkilməsinə də icazə verilir. Məsələn, İsveçrədə 4 kol, İtaliyada 5 kola icazə verilir, Hollandiyada isə ümumiyyətlə marixuana əkilməsinə məhdudiyyət yoxdur. Avropada marixuananın ən çox istifadə edildiyi ölkə İslandiyadır, belə ki, buradakı əhalinin 19 faizi marixuana çəkir.
Dünyada yalnız 4 ölkədə - Nepal, Kamboca, Peru, Kanadada marixuana sərbəst satışdadır. ABŞ-ın ştatlarının bəzilərində marixuananın istifadəsi və əkilməsi icazəlidir, bəzilərində isə sərbəstdir. Məsələn, Alyaskada 4 kola qədər əkib ondan istifadə etməyə icazə verilir. Paytaxt Vaşinqtonda isə istifadə baxımından 15 qrama qədər məhdudiyyət var, satışı isə qadağandır. Federal mülkiyyətdə marixuananın çəkilməsi yolverilməz hal hesab olunur. Bəzi ölkələrdə isə xərçəng xəstəliyindən əziyyət çəkən insanlara marixuana istifadəsi sərbəstdir. Çünki o, ağrıları müəyyən dərəcədə azaldır.

«Narkomaniya cinayət deyil, xəstəlikdir»

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla «Şərq»ə açıqlamasında narkotik tərkibli vasitələrin tibdə istifadə tarixinin çox qədim olduğunu dedi:

- Tarixin dərinliklərinə ensək, qədim zamanlardan təbiblərin narkotik tərkibli vasitələrdən, keyləşdiricilərdən geniş istifadə etdiyini görərik. Həkimlər əməlliyatdan əvvəl və əməliyyat sonrası ağrıkəsici vasitə kimi narkotik tərkibli maddələrdən istifadə ediblər. Eləcə də ağır xəstəliklər zamanı, kəskin ağrılar olduqda pasiyentlərə ağrıkəsici vasitə kimi narkotik tərkibli maddələr təyin ediblər. Bunlara «opiak» - opium tərkibli dərmanlar da deyilir. Narkotik tərkibli dərmanlar perspektivsiz xəstələrə verilir ki, ağrıları yüngülləşsin. Azərbaycanda da həkim resepti əsasında apteklərdən narkotik tərkibli dərman preparatları almağa, əlbəttə icazə var. Sadəcə, Avropa ölkələrində narkomaniya cinayət yox, xəstəlik sayıldığından narkotik aludəçisi olan birisi aptekdən, məsələn, metadon alıb istifadə edə bilir. Bəzi ölkələrdə narkomaniya müalicəsi məqsədilə xüsusi proqramlar var və proqramın iştirakçıları dərman vasitələrini əldə etməkdə sərbəstdir. Belə vəziyyət narkotik tərkibli dərman vasitələrindən sui-istifadə hallarının qarşısını almağa kömək edir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu