Mənə dəniz verin !


Bakı meri Eldar Əzizov dənizi əhaliyə qaytarmaqda qərarlı görünür

Eyyub Hüseynov: "Heç bir sahibkara dənizi hasarlayıb ata malı kimi ondan yararlanmaq hüququ verilməməlidir"


Eyyub Yaqubovun «Mənə dəniz verin» mahnısı bir vaxtlar çox populyar idi; 
Mənə dəniz verin, o, tənha qalıb.
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir…

Mahnının populyarlığı həm də əhalinin dənizə həsrət qalmasından qaynaqlanırdı. Əhali sanki bu mahnını dəniz həsrətini ovutmaq üçün əzbərləmişdi. Xüsusilə də «gedirəm dənizə, dəniz mənimdi» deyiləndə, böyürdən biri çıxıb «hardan sənin oldu?! Dənizin yiyəsi var e, o dey, hasarlayıblar. Bacarırsan, get» deyib yayın istisində adamın canına bir az da artıq od salırdı. Xəzər dənizinin hasarlanması, çimərliklərə girişin şlaqbaumlarla qadağan olunması, giriş üçün 10-20 manat  qiymət «oxunması» əhalinin aztəminatlı təbəqəsini yayda dənizə həsrət qoymuşdu. Uzun müddət bu məsələ müzakirə predmeti oldu, dəfələrlə Milli Məclisdə, millət vəkilləri tərəfindən də qaldırıldı. Amma həllini tapmadı.  

İndi isə Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov dənizi əhaliyə qaytarmaqda qərarlı görünür. Verilən məlumatlara görə, BŞHİ Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «Şərq»ə açıqlamasında BŞİH-nin bu addımını qeyri-rasional və səmərəsiz hesab etdiyini dedi:

- Bakı Şəhər İcra Hakimiyyətinin bu cür səmərəsiz qərarlarını və fəaliyyətini illərdir seyr edirik. Mən dəniz sevən, üzgüçülüklə məşğul olan və dünyanın bir çox qatı kapitalist ölkələrinə səyahət etmiş şəxs kimi deyirəm ki, nə Portuqaliyada, nə İtaliyada, nə Cənubi Afrika Respublikasında, nə Avstraliyada, Yeni Zelandiyada çimərliklərə giriş məhdudiyyəti yoxdur. Söhbət istisnasız olaraq bütün çimərliklərdən gedir. Necə yəni, qaydalar özəl çimərliklərə aid deyil? Bəs hansı çimərliklərə aid ediləcək? Başqa çimərlik var ki?! Harda qeyri-özəl çimərliklər qalıb ki, əhaliyə ora pulsuz daxil olmaq hüququ verirlər?! Bir-iki, o da çirkli, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin çimməyi qadağan etdiyi çimərliklərdir. Onlara heç pulsuz da gedilməməlidir. Hələ üstəlik deyirlər, gedin, pulsuz çimin, o qadağan olunmuş çimərliklərdə. Mən bir vətəndaş və ictimai fəal kimi BŞİH-nin bu addımını tənqid edirəm. İstər özəl olsun, istər qeyri-özəl (əgər varsa - E.H.) bütün çimərliklərə giriş sərbəst və pulsuz olmalıdır. Heç bir sahibkara dənizi hasarlayıb ata malı kimi ondan yararlanmaq hüququ verilməməlidir. Sahibkar obyekt – yeməkxana, restoran, kafe, bar, otel, əyləncə mərkəzi, nə bilim, «Aqvapark» tikib onun istifadəsinə görə qazanc əldə edə bilər.

Kim bu xidmətlərdən istifadə edirsə, əlbəttə, ödəniş etməlidir. Yoxsa, kimsə dəniz sahilini hasara alıb «bura mənimdir» deyib dənizi əhalinin əlindən almamalıdır. BŞİH belə cürətlidirsə, buyurub dəniz sahilindəki hasarları söksün və dənizi camaata qaytarsın. Həm görüntü olaraq, həm də çimmək üçün, dəniz havasından sərbəst istifadə etmək üçün. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu