Müharibə istəməyən İran


Hazırda dünyanın əsas diqqət mərkəzində olan ölkələrdən biri də İrandır. Nədən ki, cənub qonşumuz Amerika ilə burun-buruna dayanıb. Hər an müharibə ehtimalının ola biləcəyindən söz açılır. Bu günlərdə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu İrana səfər edib. Bir həftə ərzində Tehranda önəmli görüşlər keçirən mərkəz rəhbəri artıq ölkəyə qayıdıb. İranın hazırkı durumunu, sanksiyalardan sonra daxildə yaşadıqlarını və son durumunu dəyərləndirən politoloq bölgədə vəziyyətin gərgin olduğunu söyləyib. Onun sözlərinə görə, hörmüz boğazında neft tankerlərinə hücumlar olub, İran ABŞ-ın pilotsuz təyyarəsini vurub: “Bölgədə müharibə baş verə bilərmi, İran hakimiyyəti və cəmiyyəti müharibə haqqında nə düşünürmü, İran uranın zənginləşdirməsinə başlayacaqmı, Amerikanın sanksiyaları fonunda İran iqtisadiyyatı necə inkişaf edəcəkmi? Bu və digər suallara cavab tapmaq məqsədilə bir həftə ərzində İranda oldum, siyasi ekspertlər, deputatlar və keçmiş diplomatlarla görüşlər keçirdim. Görüşlərin təşkilində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin böyük rolu oldu. 
“İran öz neftini sata bilməsə...”
Analitik bildirib ki, ilk görüş İran Parlamentinin Araşdırma Mərkəzində oldu: “Ümumiyyətlə İranda araşdırmalara xüsusi diqqət yetirilir, araşdırma və təhlillərlə məşğul olan xeyli mərkəz var. İran Parlamentinin nəzdindəki Araşdırma Mərkəzi 25 il əvvəl yaranıb. Mərkəzin sədrinin 4 müavini var. Həmin müavinlər siyasət, iqtisadiyyat, ictimai məsələlər bölmələrinə başçılıq edirlər. Mərkəz İran parlamenti üçün müxtəlif mövzularda araşdırmalar, təhlillər hazırlayır, təkliflər verir. İranda nazirliklərin də ayrıca mərkəzləri var. Ancaq həmin nazirliklər parlament üçün hazırladıqları təklifləri əvvəlcə parlamentin araşdırmalar mərkəzinə göndərməlidirlər. Buna görə də İran parlamenti nəzdindəki araşdırma mərkəzinin statusu daha böyükdür. Bu mərkəz dünyanın müxtəlif ölkələrindəki eyni tip mərkəzlərlə əməkdaşlıq edir. Bunlardan Böyük Britaniya və Cənubi Koreya Parlamentləri nəzdindəki mərkəzlərin adını çəkmək olar. İranda və bu ölkənin parlamentində partiyalar yoxdur. Çoxpartiyalı ölkələrdə siyasi qurumların özlərinin araşdırmaları olur və partiyalar təkliflər verirlər. İranda bu olmadığına görə əsas təkliflər Parlament nəzdindəki araşdırma mərkəzində hazırlanır. Buna görə də mərkəzin işi çoxdur.
İran parlamentinin statusu böyükdür. Məsələn parlamentin deputatları hansısa naziri hesabat vermək üçün parlamentə çağıra bilərlər və nazir bu çağırışı qularqrdına vura bilməz. Məsələn mən parlamentdə olduğum müddətdə orada sosial müdafiə nazirinin deputaların suallarına cavab verdiyini gördüm. Bu baxımdan Parlament nəzdindəki Araşdırma Mərkəzinin nazirlər üzərindəki təsir imkanları kifayət qədərdir. Dəfələrlə olub ki, parlament prezidentin təyin etdiyi hansısa nazirin istefasına nail olub. Deputatlar nazirlərə etirazlarında araşdırma mərkəzinin hazırladığı müxtəlif hesabatlara da istinad edə bilərlər. Parlamentdən danışmışkən, İranda görüşlərim sırasında bir daha o qənaətə gəldim ki, bu ölkədə mühafizəkarlar və liberallar arasındakı bölgü şərtidir, dünənki mühafizəkar bu gün liberal, bugünkü liberal isə bir müddət sonra mühafizəkar mövqeyə keçə bilər. Məsələn əgər keçmiş illərdə İran parlamentinin sədri Əli Larincani mühafizəkar siyasətçi hesab edilirdisə, bu gün onu şərti olaraq liberal adlandırırlar”.
Siyasi ekspert daha sonra parlament nəzdindəki Araşdırma Mərkəzinin iqtisadi bölümünə başçılıq edən Məhəmməd Qazsuni ilə görüşdüyü deyib:
“O dedi ki, rəhbəri olduğu bölmə İranın iqtisadi vəziyyətinə dair analiz və təkliflər hazırlayır və bu hesabatları parlamentə və ayrı-ayrı deputatlara göndərirlər. Məhəmməd Qazsuni mənim “İran sanksiyalara görə neft sata bilməsə iqtisadi problemlər necə həll edəcək” belə cavab verdi: “İran öz neftini sata bilməsə büdcənin ildə 10 milyard itkisi olacaq. Bu itkini ortadan qaldırmaq üçün 10 xüsusi proqram hazırlayırıq. Hər bir proqramın reallaşdırılması büdcəyə 1 milyard dollar gəlir gətirəcək. Bu 10 plan 10 milyard dollar itkini qarşılamaq üçündür. Birinci proqramda 2020-ci ildə benzinin və elektrik enerjisinin qiymətlərini qaldırmağı planlaşdırırıq”. İranlı ekspertin sözlərindən anlaşılır ki, Tehran postneft dövrünə hazırlaşır. İranda benzinin qiyməti sudan ucuzdur. Bu baxımdan benzinin qiymətlərinin artırılması sosial narazılğa səbəb olmazmı?
Məhəmməd Qazsuni mənim bu sualıma belə cavab verdi ki, büdcə kəsirini azaltmaq üçün bəzi addımlar atmaq məcburiyyətindədirlər,digər tərəfdən benzinin qiyməti çox artmayacaq ki, bu əhali arasında narazılığa səbəb olsun. İranlı ekspert daha sonra bunları dedi: “Benzinin qiymətinin qaldırılması insanların xeyrinədir, çünki büdcə əlavə maliyyə vəsaiti əldə etməlidir ki, iqtisadi və sosial problemləri həll edə bilsin. Digər planlarda vaxtilə diqqət yetirilməyən sənaye sahələrinin inkişafını sürətləndirəcəyik”.
Növbəti sualım beləydi: “İranın xarici borclarını ödəməsi problemə çevrilməzmi?”
İranlı ekspert bu sualımın cavabında dedi ki, İranın uzunmüddətli xarici borcları 40 milyard dollar civarındadır və bu borcu qaytarmaq iqtidarındadır. Ekespert misal üçün dedi ki, Türkiyənin xarici borcunu İranın xarici borcundan 12 dəfə çoxdur. İranlı ekspert bu sözlərinə onu da əlavə etdi ki, o İranın iqtisadi gələcəyi üçün nigaran deyil, fürsətləri istifadə etməyə çalışıb iqtisadiyyatın müxtəlif qollarını canlandırmağa çalışacaqlar. İranlı ekspertə Rusiya nümunəsini xatırladım, söylədim ki, Rusiya prezidenti Vladimir Putin də Qərbin ölkəsinə qarşı sərtləşən sanksiyalarını ölkə iqtisadiyyatı üçün fürsət kimi dəyərləndirir, buna rəğmən Rusiya iqtisadiyyatı inkişafa nail ola bilmir. İranlı ekspert buna cavab olaraq dedi ki, Rusiya İrandan çox enerji resurslarının satışından asılıdır. İranlı ekspertin diqqətinə bir məqamı da xatırlatdım: “Axı ABŞ yalnız İrana qarşı deyil İranla əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı da sanksiyalar tətbiq edir. Məsələn Fransanın “Total” şirkəti İranı tərk etmək qərarı verdi. Bu proses İran iqtisadiyyatına mənfi təsir etməyəcəkmi?”.
A.Şahinoğlunun sözlərinə görə,  İranlı ekspert bu itkiləri də hesabladıqlarını və ciddi problemlərlə üzləşməyəcəklərini deyiblər: 
“Görüşdüyüm ekspertlərin, diplomatların və deputatların çoxu eyni fikri təkrarladı: “Amerika sanksiyaları İrana təsir etməyəcək”. Eyni sözləri Təbrizdə görüşdüyüm zavod direktorları da mənə dedilər. Ancaq İranda inflyasiyanı da hiss etməmək olmur. İranın pul vahidi mövqelərini itirir, ölkədə valyuta çatışmazlığı var. İranda korrusiya ilə mübarizənin vacibliyi haqqında fikirlər səslənir. Bunu İranın ali dini lideri də gizlətmir. İran islam inqilabından bu yana Amerikanın sanksiyaları altındadır. İran buna öyrəşib. Ancaq hazırki sanksiyalar daha sərtdir. Odur ki, sanksiyalardan İran iqtisadiyyatını canlandırmaq və fürsətlərdən istifadə etmək kimi fikirlərin necə reallaşacağını zaman göstərəcək.
“Tankerləri vuranlar...”
Analitik İran parlamenti nəzdindəki Araşdırma Mərkəzinin digər sədr müavini və siyasi təhlillər bölümünün rəhbəri doktor Ədyani ilə İran ətrafındakı gərginliyi də müzakirə edib: 
“Bu bölüm İranın Daxili və Xarici İşlər Nazirliyi əməkdaşlıq edir. Ayrıca bu bölüm Parlamentin təhlükəsizlik komissiyasi üçün hesabatlar hazırlayır.Doktor Ədyaninin sözlərinə görə siyasi bölümün son vaxtlar əsas çalışdığı sahə bəlli səbəblərdən Amerika Birləşmiş Ştatlarıdır: “Vaşinqtondakı araşdırma mərkəzləri İranla bağlı ABŞ Konqresi üçün müxtəlif hesabatlar və təkliflər hazırlayırlar. Bizim vəzifəmiz həmi hesabat və təkilərfi dəyərləndirib İran Parlamenti və müvafiq nazirliklər üçün hesabat və təkiflər hazırlamaqdır. Məsələn İran ABŞ-ın pilotsuz uçağını vurduqda bununla bağlı hesabatları və təkifləri bizim struktur hazırlayıb”. Bunu eşitdikdə doktor Ədyaniyə belə bir sual verdim: “İranlı generallar dedilər ki, onlar ABŞ-ın pilotsuz raketi ilə bərabər içində 35 nəfər olan hərbi təyyarəsini də vura bilərdilər, ancaq bunu etmədilər. Belə bir qərarın verilməsində İran-Amerika münasibətlərini daha çox gərginləşdirməmək məntiqimi dayanırdı?” Doktor Ədyani cavabında dedi ki, İran üçün əsas insan faktorudur və İranın ordu rəhbərliyi qarşı tərəfin hərbçilərini öldürmək istəməyib. Doğrusu, mən yenə də öz fikrimdə qaldım ki, ikinci təyyarənin vurulmamasının arxasında dayanan məntiq bundan ibarət olub ki, ikincə təyyarənin vurulması ABŞ-ın İrana raket zərbələrini və bununla İranla müharibənin başlamasına rəvac verərdi. Sadəcə, Tehran müharibə istəmir və ona görə ikinci təyyarəni vurmayıb.
Doktor Ədyaniyə bu mövzuda növbəti sualımı verdim: “Sizin bölmə Amerikanın siyasətini və mümkün addımlarını analiz edir və proqnozlar hazırlayır. Hansı nəticəyə gəlmisiz, Amerika İrana qarşı müharibəyə başlaya bilərimi?”
İranlı ekspert müharibə ehtimalının böyük olmadığını dilə gətirdikdə, əvvəlki sualımı daha da konkretləşdirdim: “Axı Hörmüz boğazlarında tankerlərə hücuma məruz qalırlar, bunlar müharibə risqini artırmırmı?”
İranlı ekspert belə cavab verdi: “Tankerlərə hücumu təşkil edənlər İrana qarşı müharibənin başlamasını istəyənlərdir”.
“Konkret hansı dövlətləri nəzərdə tutursunuz?” sualıma iki dövlətin adını çəkdi: “Səudiyyə Ərəbistanı və İsrail”. İranlı ekspertlə söhbətimdə müharibə risqini artıra biləcək başqa bir vacib məqama diqqəti çəkdim: “İran yenidən uranı zənginləşdirməyə başlayıb. Tehran Avropanı da xəbərdar edib ki, Amerikanın nüvə sazişindən çıxmasına baxmayaraq, Avropa İttifaqı vədinə sadiq qalaraq İrana qarşı sanksiyaların ortadan qaldırılmasına çalışmalıdır. Ancaq Amerikanın Avropa İttifaqına təsir imkanları böyükdür. Mənə elə gəlir ki, Avropa İrana vəd etdiyini reallaşdıra bilməyəcək, ona görə də Tehran uranı zənginləşdirməkdə davam edəcək. Ancaq bu prosesin davamı çətin ki, gərginliyin azalmasına yardımçı olsun”. İranlı ekspert uranın zənginləşdirilməsi ilə bağlı konkret fikir söylməsə də anlaşılan odur ki, Tehran Amerika ilə dişə-diş siyasətinə hazır olduğunu nümayiş etdirməyə çalışır. Tehranın geri addım atmayacağını görüdüyüm digər ekspertlərin sözlərindən də aydınlaşdırdım. Ancaq İran hakimiyyəti və cəmiyyəti İraqla 8 illik müharibənin yaralarını da unutmayıb.
“Netanyahu Bakıya necə dəfə gəlib?”
İran parlamentində iki deputatla görüşdüm. İran-Azərbaycan dostluq qrupunun sədr müavini Neməti Bəhruz əslən azərbaycanlıdır, Tehrandan deputatdır. O parlament sədrinin yanında 6 nəfərlik rəasət heyətinin üzvüdür. Neməti Bəhruz İranla Azərbaycan arasındakı əməkdaşlıqdan məmnun qaldığını söylədi, İranda 35 kilometr dəmiryolunun inşaatı tamamlandıqdan sonra şimal-cənub nəqliyyat dəhlizinin işə düşəcəyini bildirdi. Nemət Bəhruzi tez-tez Bakıya gəldiyini və Azərbaycanda xeyli dostu olduğunu bildirdi.
Mən də öz növbəmdə İran-Azərbaycan münasibətlərinin son 5 ildə böyük məsafə qət etdiyini, iqtisadi əməkdaşlığın artdığını, ayrıca prezidentlərin və rəsmilərin də çoxsaylı qarşılıqlı səfərlərini xatırlatdım. Tehranda bir çox görüşdə məndən Azərbaycanın xarici siyasəti haqqında soruşurdular. Açıq deyirdim ki, Ermənistanın xaricində qonşularımızla münasibətlərdə problemimiz yoxdur, eyni zamanda Amerika və İsraillə əməkdaşlıq etdiyimizi gizlətmirdim. İranlılara bu əməkdaşlığın Azərbaycanın təhlükəsizliyini diqtə etməyə anlatmağa çalışırdım. Sözlərimə onu da əlavə edirdim ki, Azərbaycan-İran münasibətləri Amerika əleyhinə olmadığı kimi Azərbaycan-ABŞ və ya Azərbaycan-İsrail münasibətləri də İrana qarşı deyil. Tehranda məni dinləyənlərin bəziləri bu fikrimi sükutla qarşılasalar da, digərləri etirazlarını da səsləndirməkdən çəkinmirdilər. Bunlardan biri də Neməti Bəhruz oldu və Amerika mövzusunu bu şəkildə izah etdi: “Ailədə qardaşlardan biri düşmənlə dostluq edərsə, bu o biri qardaşın narahatlığına səbəb olar”. Bu iradı cavabsız buraxmadım: “Bəs narazı qalan qardaşın özü də o biri qardaşın düşməni ilə dostluq edərsə, onda necə olsun?”. İranlı deputat nəyə işarə etdiyimi anında anladı və belə bir cavab verdi: “Biz Ermənistanla dosluq etmirik, həmsərhəd dövlətdir, əladələr də bununla bağlıdır, bu qədər”.
Ermənistan mövzusu mənim üçün Azərbaycanı narahat edən bir başqa mövzuya keçid üçün imkan yaratdı:
 “Azərbaycan cəmiyyəti işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehrandakı zallardan birində ermənilərin “Qarabağ Ermənistanındır” şüarının açılmasından narazı qaldı. Əlbəttə, bu ermənilərin təxribatı idi. Ancaq ümumiyyətlə Paşinyanı Tehrana dəvət etməmək olardımı?” Parlamentdəki iclasa tələsən Neməti Bəhruz görüşü yekunlaşdıraraq ayaqüstü bunu dedi: “Netanyahu Bakıya neçə dəfə gəlib?”. Yəni deputat bunu demək istədi ki, Siz də bizim düşmənimizi Bakıya dəvət edirsiniz. İranda İsraili düşmən dövlət kimi qəbul edən fikirlərini çox eşitdim. Əsas da Fələstinə görə belə hesab edirlər. Ancaq mən yenə də hər yerdə eyni fikri təkrarladım: “Azərbaycanın Amerika və İsraillə əlaqələri İrana qarşı yönəlməyib”. İranlı bir diplomata onu da xatırlatdım ki, dəstək verdiyiniz Fələstinin lideri Mahmud Abbas belə zaman-zaman İsraillə dialoq aparır.
Bakı ilə Təbriz arasında iqtisadi əlaqələri genişləndirmək lazımdır
İran Parlamentində Təbriz şəhərini təmsil edən qadın millət vəkili Zəhra Sai ilə görüşdüm. Təbrizli millət vəkili Təbrizlə Bakı arasında iqtisadi və ticarət əlaqələrinin inkişafının vacibliyinə diqqət çəkdi. Məsələn dedi ki, nədən sanksiyalar altında olan İranın kənd təssərrüfatı məhsulları Azərbaycan üzərindən Rusiya və Avropa bazarlarına çıxarılmasın, eyni ilə Azərbaycan da İranın imkanlarından istifadə edərək öz mallarını Şərq ölkələri bazarına çıxarmasın.Bu ideyanın maraqlı olduğunu, ancaq sanksiyalarla üzləşən İranın bu düşüncəsinin bəlli çətinliklərlə üzləşə biləcəyini xatılatdım. Digər tərəfdən Azərbaycan öz məhsullarını birbaşa xarici bazarlara çıxarmaqda maraqlıdır. Buna rəğmən, Bakı ilə Təbriz arasında iqtisadi və ticarət əlaqələlərinin artmasının faydalı olacağını düşünürəm. Məsələn Təbrizli işadamlarının Azərbaycanın müxtəlif bölgələrində açılan sənaye parklarında da müəssisələri yaratması ikitərəfli əlaqələrə töhvə verərdi. Onu da vurğulamağı lazım bilirəm ki, Təbrizdə peyda olan erməni işadamlarının mal sifarişləri artır. Təbrizin böyük sənaye parkı var. Təbrizdə həmin parka baş çəkərər iki böyük zavodun direktoru ilə görüşdüm. Zavodlardan biri gübrələr üçün qablar, digəri isə plastik pəncərələr istehsal edir. Sanksiyalara baxmayaraq, hər iki zavodun kifayət qədər sifarişçisi var, ən çox da Türkiyə və Rusiyadan sifarişlər alırlar.Təbrizdən Bakıya təyyarə ilə qayıtmaq istəyirdim. Ancaq Təbrizdə öyrəndim ki, həftədə bir neçə təyyarə iki istiqamətdə uçur. Halbuki, Bakı ilə Təbriz arasında gediş-gəliş artıb. Təyyarə biletləru ucuzlaşsa insanların böyük əksəriyyətinin bu marşruta üstünlük verərlər. Əks halda bir gün görəcəyik ki, İrəvandan Təbrizə təyyarə reysləri açılıb.
“İran Ermənistanla niyə əməkdaşlıq edir?”
Tehranda İranın iki keçmiş diplomatı ilə görüşüb araşdırma apardığım mövzular barədə onlara suallar verdim. Hər iki diplomatı birləşdirən odur ki, hər ikisi müxtəlif vaxtlarda Azərbaycanda səfir olublar və hazırda hər ikisi araşdırmaçı kimi təhlillər hazırlayırlar. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin hazırda ekspert kimi çalışır və onun hesabatlarından hətta xarici işlər naziri Cavad Zərifi də istifadə edir. Möhsün Pakayin İranla Azərbaycan arasındakı münasibətlərin indiki səviyyəsini yüksək qiymətləndirsə də, fərqli xarici siyasətlərlərin var olmasından da yan keçmədi. Həmişəki kimi ABŞ və İsrailin adı çəkildi. Bu suala verdiyim hər zamankı qarşılıqlı sual da eyni idi: “Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir?”Möhsün Pakayinin cavabı belə oldu: “Ermənistan İrana qonşu ölkədir. Biz Ermənistanla əməkdaşlıq etmək məcburiyyətindəyik. Keçmiş illərin birində Misirdə səfərdə olanda bu ölkənin nədən İsraillə diplomatik əlaqələrinin olduğunu soruşdum. Cavabları bu oldu ki, İsrailin Misirlə sərhəddi var, deməli münasibətlər olmalıdır. Eyni ilə biz də Ermənistanla qonşu olmaığımız səbəbindən bu ölkə ilə əlaqə saxlayırıq. Biz Ermənistanla sərhəddi bağlasaq bu ölkə Amerikanın müttəfiqinə çevriləcək. Biz bunu istəmirik”.
Möhsün Pakayinə Ermənistanla sərhəddini qapadan Türkiyə örnəyini xatırlatdıqda o sərhəddin qapalı olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında ticarət mübadiləsinin İranla Ermənistan arasındakı ticarət mübadiləsini dəfələrlə üstələdiyini iddia etdi. Ümumiyyətlə Tehrandakı görüşlərdə və fikir mübadilələrində Türkiyə mövzusu bir neçə dəfə dilə gətirilirdi. Mən onlara Azərbaycan torpaqlarının işğalına görə Türkiyənin qətiyyətli mövqeyini xatırlatdıqda onlar mənə Türkiyənin Ermənistanla qeyri-rəsmi əlaqələrinin var olduğunu xatırladırdılar. Tehranda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə dair sualların çoxluğu ilə üzləşdim. Mən bu müttəfiqliyin vacibliyini nə qədər arqumentləşdirməyə çalışsam da, hər dəfəsində tərəf müqabillərimin arqumentlərimi qəbul etmədiklərini müşahidə edirdim. Bu baxışlarda anlaşmazlıq ondan yaranır ki, bir tərəf üçün təhlükəsizlik siyasətində dini və məzhəb amili ön plandadırsa, digər tərəf öz siyasətində dini və məzhəb amilinə deyil milli və təhlükəsilzik amilinə üstünlük verir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qaçılmaz reallıqdır, bunu inkar etməyin, şübhə altına almağı faydası yoxdur. Əslində Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı və bu format çərçivəsində liderlərin görüşləri və birgə layihələr haqqında danışmaq daha faydalıdır.
Möhsün Pakayin Tehranın Azərbaycanı Ermənistandan üstün tutduğunu rəqəmlərə izah edərək dedi ki, İran prezidenti il ərzində Azərbaycan prezidenti ilə daha çox görüşür, nəinki Ermənistan prezidentli ilə: “Bizim üçün Azərbaycan dəyərlidir. İran Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkəyir, bütün sənədlərdə Azərbaycanın xeyrinə səs vermişik”.
Möhsün Pakayinlə bölgədəki gərgin vəziyyəti də müzakirə etdik. Keçmiş səfir “ABŞ-la İran arasında müharibə mümkündürmü” sualıma belə cavab verdi: “Amerika İranla müharibə istəmir. Biz də istəmirik. Ancaq Vaşinqton İranda rejim dəyişikliyi arzulayır. Bunu İran xalqı da anlayır. Ona görə də xalq rejimə qarşı çıxmayacaq. Amerika onu da istəyir ki, İran “Hizbullah” kimi təşkilatlara dəstək verməsin. Bu da mümkün deyil. İran iqtisadiyyatı zəifləsə belə İran “Hizbullah” və digər bu kimi qruplaşmalara dəstəkdən vaz keçməyəcək”.
Möhsün Pakayinin “Hizbullah”la bağlı mövqeyini görüşdüyüm başqa ekspertlərin dilindən də eşitdim. “Hizbuallaha” dəstək İran xarici siyasətinin qırmızı xəttidir. Həm də bu xarici siyasət məsələsi də deyil, bu dəstəyin arxasında İranın ali dini lideri və İslam Keşikçiləri Korpusu dayanır. Yəni İran prezidenti Həsən Ruhani bu siyasətdə nəyisə korrektə etmək istəsə belə, bu onun imkanı xaricindədir. “Hizbullah”a dəstək davam etdikcə isə Amerikanın İrana qarşı siyasəti dəyişməyəcək. Çünki Vaşinqton İranla nüvə sazişidən çıxması Tehranın əsla bu sazişə əməl etməməsiylə bağlı deyildi, elə bütün məsələ Tehranın “Hizbullah” və bu kimi təşkilatlara verilən dəstəklə bağlıdır.
“Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir?”
İran Xarici İşlər Nazirliyi nəzdində də Araşdırma Mərkəzi var. Həmin mərkəzin böyük binası və bir neçə konfrans zalı var. Mərkəzdə əsasən keçmiş səfirlər və tanınmış ekspertlər çalışır. Bunlardan biri də İranın Azərbaycanda və Türkiyədəki keçmiş səfiri Əlirza Biqdelidir. Keçmiş səfir mərkəzin aparıcı analitikidir. Onun da hazırladığı hesabatlar Pakayin kimi hakimiyyətin ən yüksək eşelonlarında oxunur.
Əlirza Biqdeli ilə söhbətdə əsas diqqəti “İran sanksiyalar altında necə inkişaf edəcək” sualına yönəltdim. Məlum oldu ki, Biqdeli və onun çalışdığı mərkəz hazırda elə bu sualın üzərində işləyir və planları hazırdır. Bu planın nədən ibarət olduğunu elə Biqdelinin öz dilindən eşidək: “İran 15 dövlətlə həmsərhəddir. Amerikanın İrana qarşı sanksiyaları getdikcə sərtləşir. Buna görə də biz ilk növbədə qonşu dövlətlərlə əməkdaşlığı genişləndirməliyik. Bizə aydındır ki, bir sıra dövlətlər Amerikanın İranla əməkdaşlığına görə sanksiyalardan çəkinirlər. Ona görə də biz elə təkflilər hazırlayırıq ki, qonşu dövlətlər İranla əməkdaşlıqdan çəkinməsinlər və bu əməkdaşlıq həmin ölkələrə və onların şirkətlərinə qazanc gətirsin. Məsələn, Türkiyə Amerikanın sanksiyalarına baxmayaraq İranla əməkdaşlığını genişləndirir. Biz inanırıq ki, Azərbaycan da İranla iqtisadi əməkdaşlığı artırmaqdan çəkinməyəcək”.
Azərbaycan İranla əməkdaşlıqdan çəkinmir. Bu özünü Azərbaycanla İran arasında artan ticarət mübadiləsində və birgə müəssisələrin yaranmasında göstərir. Üstəgəl Azərbaycan şimal-cənub nəqliyyat dəhilizinin qısa müddətdə işə düşməsini istəyir. Təsadüfi deyil ki, Azərbaycan, Rusiya və İran prezidentləri avqustun sonunda Soçidə görüşərək əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər.
İkinci nüvə sazişi olmayacaq
İranda Amerikanın və İsrailin hər işə qarışdığını, hətta Gürcüstanı da Vaşinqtonun qarışdırdığına inanırlar. Hətta diplomatlardan biri belə bir fikir də söylədi ki, bölgədə İŞİD terrorunun yaradılmasının və “könüllülər” hesabına çoxalmasının arxasında Amerika və İsrail dayanır. İranda Rusiyanın siyasəti haqqında mənfi heç nə eşitmədim. Halbuki, Cənubi Qafqazdakı proseslərə Rusiyanın təsir imkanları böyükdür, nəinki Amerika ilə İsrailin.İranda eşitdiklərimdən və müşahidələrimdən gəldiyim qənaət budur ki, İrana rəhbərlik edənlər mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Onlar onu da anlayırlar ki, neft satışı azaldıqca İranın gəlirləri azalacaq. Tehranda onu da bilirlər ki, bəzi dövlətlər və bu dövlətlərin şirkətləri sanksiyalar ucbatından İranla əməkdaşlığı genişləndirməyə risq etmirlər. Bir çox dövlət turizmə vacib gəlir mənbəyi kimi baxır. Ancaq Tehranda və İranın başqa şəhərlərində turistlər gözə dəymir. Məsələn Rusiya İranın əsas tərəfdaşlarından biri olsa da, Tehranda rusiyalı turist görmədim. İran hakimiyyəti daxili turizmin təşviqinə fikir verir. İran şəhərlərindəki tarixi muzeylərdə yalnız İran vətəndaşlarını görmək olar. Hər yerdə olduğu kimi İranda da gənclər arasında işsizlik hallarına rast gəlinir. Ona görə də əhalinin bir hissəsi iş dalınca paytaxta Tehrana axışır.
Sanksiyalar həm İrana zərər vurur, həm də bölgədə gərginliyi azaltmır. ABŞ prezidenti Donald Tramp Tehranla dialoq istəyir. Ancaq İranın ali dini lideri dialoqun əleyhinədir. Çünki, Tehranda düşünürlər ki, bir dəfə güzəştə gedib Amerika ilə saziş imzaladılar, ancaq aldandılar. Ona görə də ikinci dəfə aldanmaq istəmirlər. Həm də İranın hazırki rejimi Ağ Ev administrasiyasının istəyinə görə nə Bəşər Əsəd rejiminə və ya “Hizbullah” kimi qruplaşmalara dəstəkdən vaz keçəcək, nə də ki İsrail dövlətinin varlığını qəbul edəcək. İranın və gərginliyin azalmasını istəyənlərin arzusu odur ki, bölkə Donald Tramp növbəti prezident seçkisində məğlub ola və onun yerinə gələn heç olmazsa Barak Obamanın xarcisi siyasətini davam etdirə. Bu isə sadəcə arzudur.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu