“S-400 Türkiyə səmalarını Qərb təyyarələrinin üzünə bağlayacaq” - Təlatüm


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 
Analitik bildirib ki, Ərdoğan eyni zamanda Türkiyəyə yüz F-35 döyüş təyyarəsinin tədarük edilməsinin zəruri olduğunu da xatırladıb: 
“Ankara hökuməti Suriya ilə sərhədin qarşı tərəfində kürdlərin nəzarət etdiyi ərazilərin yaranmasını istəməz. Bu məqsədlə Suriyada ABŞ tərəfindən dəstəklənən silahlı qruplaşmalara hava zərbələri endirilir. Müşahidələrə əsasən, Türkiyə artıq bir neçə ildir ki, havadan müdafiə sistemlərinin hədəf dairəsini genişləndirməyə səy göstərir. 2013-cü ilin sentyabr ayında Ankara yeni silah növləri sahəsində Pekinlə əməkdaşlığa üstünlük vermişdi. O zaman Çinin təklifi Avropanın EUROSAM və Patriot sistemi üzərində qurulmuş Raytheon və Lockheed Martin şirkətlərinin rəqib layihələrinə qalib gəldi. Bu qərar NATO üzrə müttəfiq ölkələr arasında narahatlıqla qarşılanmışdı. Ankara Pekinlə əməkdaşlıqdan imtina edərək ABŞ-Aİ konsorsiumu ilə danışıqlara başladı”. 
Siyasi şərhçi vurğulayıb ki, praktiki baxımdan S-400 texnologiyasının NATO-nun əlinə keçməyəcəyinə qarantiya yoxdur: 
“S-400 “Triumf” hədəfləri 40 kilometrlik məsafədə aşkar edə bilir. Bu məsafədən saniyədə 4, 8 metrədək sürətlə uçan aerodinamik hədəfləri məhv etməyə qabildir. Bunlar qanadlı raket də ola bilər, strateji və taktiki aviasiyanın təyyarələri də. S-400 Türkiyə səmalarını Qərb təyyarələrinin üzünə bağlayacaq və bu, bütün silah bazarında tektonik təlatüm yaradacaq. Türkiyə bundan əvvəl raket sistemləri və texnologiyalarını ABŞ, İtaliya və Fransadan almağa cəhd göstərmişdi. Lakin Ankara bildirirdi ki, bahalığı bir yana, Türkiyəyə satılacaq Qərb silahlarına ciddi istifadə məhdudiyyətləri qoyulurdu. Məsələn, bu raketlərin Ermənistan sərhədini, Egey dənizi sahilini və Yunanıstan sərhədini hədəfləməsinə blok qoyulurdu. Türkiyə Moskva ilə S-400 sövdələşməsinə girməsinin səbəblərini məhz bu məqamlarla izah edirdi”. 
A.Rəşidoğlunun sözlərinə görə, indi Rusiya mediasının yazdıqları təsdiq olunarsa, Ankaranın strateji istəklərinin yenə də yerinə yetmədiyi aydın olar: 
“Ankara hələ 2015-ci ildə ABŞ-dan Türkiyədəki “Patriot” raketlərini çıxarmamasını rica edirdi. Vaşinqton onların təkrar sazlanmaya ehtiyacı olduğunu bildirirdi. “Patriot” raketləri hazırda heç də ABŞ-ın bütün müttəfiqlərinin cəbbəxanalarında yoxdur. Hələlik "Patriot" yalnız 12 ölkənin arsenalına daxildir. Bunlar Hollandiya, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu