Uşaq pulunun bərpası gündəmdədir



Hər bir valideyn dövləti yanında hiss etməlidir
Başlanğıc üçün 3 yaşadək uşaqlara müavinətin ödənməsinin reallaşması da ailələrə böyük dəstək olar

İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tok-Şousunda çıxış edən iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
Vüqar Bayramov əlavə edib ki, təkliflər dövlət qurumlarına təqdim edilir: “Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Nəzərə alsaq ki, əməkhaqqı və pensiyalarda artım davam edir, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiya çıxış imkanlarında müəyyən çətinliklər var.
Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var.Əməkhaqqı artımları zamanı sektoral olaraq aşağı əməkhaqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə, Bakı və regionlar arasındakı əməkhaqqı məbləğində iki dəfəyə yaxın fərq var, ona görə də əməkhaqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq.
Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik”.
Sosioloq Lalə Mehralı uşaq pulunun (uşaqlara sosial müavinət) yaxın zamanlarda bərpa ediləcəyinə ümidlidir:

- Belə söhbətlər vardı ki, uşaq pulları 3 yaşadək uşaqlarla bağlı tətbiq edilsin. Əlbəttə, çox yaxşı olar ki, sosial müavinətlər uşaqlar yetkinlik yaşına çatana qədər ödənsin. Başlanğıc üçün 3 yaşadək uşaqlara müavinətin ödənməsinin reallaşması da ailələrə böyük dəstək olar. Biz də istəyirik ki, dövlət övladlarımızın böyüdülməsində yardımçımız olsun. Məsələn, çox müsbət haldır ki, yeni doğulan uşaqlara görə birdəfəlik yardımların məbləği artırılaraq 200 manata çatdırılıb. Əvvəlcə məbləğ 100 manata çatmırdı. Bunun özü də ailəyə hardasa yardımdır, dəstəkdir. Həm də valideyn dövləti yanında hiss edir. Görür ki, dövlət onu tək buraxmayıb. Övladının, daha bir vətəndaşının dünyaya gəlməsini nəyləsə alqışlayır. Düşünürəm ki, uşaq pulları da ilkin zamanlarda minimum məbləğ də ola bilər. 50-100 manat arası. Uşağın gündəlik tələbatı minimum səviyyəsi hesablanıb müavinətlər ödənə bilər. Bunun özü ailələrin maddi təminatına kömək edər. Dövlətimiz çoxuşaqlı ailələrə, qayğıya ehtiyacı olanlara müavinət ödəyir. Amma axı ölkədə çoxuşaqlı ailələr o qədər də çox deyil.
Çoxuşaqlı ailə hesab edilməsi üçün uşaqların sayı 5-dən artıq olmalıdır. Belə ailələr bəlkə də barmaqla sayılasıdır. Əksər ailələr 2 uşaqla kifayətlənir. Nadir hallarda ailədə 3 və daha artıq uşağa rast gəlinir. Siz gəzintiyə çıxsanız, dənizkənarı parka getsəniz, bunun şahidi olarsınız. Valideynlər bir və ya iki körpə ilə gəzir. Ailələr 2, 3 uşaq dünyaya gətirməkdən çəkinir, qorxurlar. Maddi problemlərlə üz-üzə qalacaqlarını düşünürlər. Düzdü, bizdə demoqrafik problem yoxdur. Amma hələ ki, yoxdur. İrəlidə belə bir problemin yaşanmaması üçün düşünmək lazımdır. Məsələn, Rusiyada 3-cü uşağa görə ailələrə mənzil hədiyyə edilir, torpaq sahəsi ayrılır. Doğrudur, bizim demoqrafik vəziyyət Rusiya ilə müqayisə oluna bilməz. Amma məncə, biz də irəlini, gələcəyi düşünməliyik.
Uşaq pullarının bərpası ilə bağlı mexanizmlərin işlənməsinə ehtiyac var. Tələblər və imkanlar dəqiq öyrənilməlidir. Çünki uşaq pulları dövlət büdcəsinin əhəmiyyətli hissəsini əhatə edəcək. Son zamanlar biz əmək haqlarının, pensiyaların artımını müşahidə edirik. Bunlar hamısı dövlət büdcəsi hesabınadır. Başa düşürük, amma biz anaları da düşünsələr yaxşı olar. Minimum məbləğdə uşaq pulu bərpa edilsə, heç olmasa məktəb ləvazimatının alınmasına dəstək olar. Xatırlayıram ki, sovet illərində sayından asılı olmayaraq uşaqlara uşaq müavinəti verilirdi. 90-cı illərin əvvəllərinə qədər müavinətlər verildi. Anam danışır ki, uşaq pulu o zamanın məzənnəsi ilə 9000 manat idi. O zaman rus rublu milli valyutayla əvəzlənmişdi və cüzi bir məbləğ alınmışdı.
Buna baxmayaraq bəzi ailələr o pulu hər ay almır, bankda saxlayır, bir neçə ildən sonra aldıqda əməlli-başlı kapital əldə etmiş olurdular və uşağın hansısa probleminin həllinə sərf edirdilər. Yenə də biz valideynlər yüksək məbləğdə müavinət gözləmirik. Lap simvolik müavinət olsun, amma dövlətimizi yanımızda hiss edək. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu