Jurnalistikaya giriş asandır, amma jurnalist olmaq çətin...


Ekspertlərin əksəriyyəti artıq qabiliyyət imtahanlarının da özünü doğrultmadığını iddia edirlər


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi mediamıza yeni nəfəs gətirmək vəzifəsini davam etdirir. Deyə bilərsiz ki, jurnalistika fakültəsinin işi jurnalist ixtisasına yiyələnmiş kadrlar hazırlamaqdır. Doğru. Amma bir var, sadəcə, ixtisasa yiyələnən, bir də var, jurnalist kimi yetişən kadrlar.

Dövrümüzdə məhz dövrün tələblərinə cavab verən ixtisaslı kadrların yetişdirilməsi isə elə də asan iş deyil. Nəzəriyyəni öyrəndik, bəli, bəs praktika? Hər kəsə bəllidir ki, praktikasız yetişkin kadr kimi üzə çıxmaq mümkün deyil. Jurnalistika fakültəsini əla qiymətlərlə bitirib, hətta müəllimlərinin sevimlisi olan tələbələr var ki, jurnalistikada özlərini tapa bilməyib. Bu elə bir sahədir ki, çalışdıqca püxtələşirsən, peşəkarlaşırsan. Nəzəriyyəni praktikada uğurla tətbiq edənlər peşəkar jurnalist kimi özünü təsdiqləyir. 

Son illərdə jurnalistikaya qəbulda qabiliyyət imtahanının tətbiq edilməsinin səbəbi kimi test imtahanlarında müəyyən bal toplamış abituriyentlərin başqa fakültələrə qəbul olunmadıqda «əlacsız» qalıb jurnalistikanı seçdikləri göstərilirdi. Deyirdilər ki, qabiliyyət imtahanı olarsa, kimin yazı qabiliyyətinin, jurnalistikaya marağının olduğu bilinəcək və bu abituriyentlər gələcəkdə seçdikləri ixtisası daha yaxşı mənimsəyəcək və bu ixtisas üzrə ürəklə, sevərək təhsil alacaqlar. Amma təcrübə artıq bunu göstərir ki, qabiliyyət imtahanı heç də hər zaman işə yaramır. Bir yazı, yaxud abituriyentlə aparılan bir neçə dəqiqəlik söhbət insanın jurnalistikaya nə dərəcədə maraqlı olduğunu, bu ixtisasa sevərək və könüllü seçərək gəlmək istədiyini aydınlaşdırmaq üçün kifayət etmir. Abituriyent qabiliyyət imtahanında yaxşı bir yazı, tələblərə cavab verən esse və sairə yaza bilər. Jurnalistika haqqında  hansısa məlumatlara malik ola bilər. Amma bu abituriyentin gələcəkdə peşəkar jurnalist olacağına, öz ixtisasına uyğun çalışacağına kimsə təminat verə bilməz. 
    
Cəmiyyətə peşəkarlar lazımdır
        
Dünyanın hazırkı durumunda ölkəmizə peşəkar media adamları çox lazımdır. Torpaqları işğal altında olan, münaqişə və müharibə şəraitində yaşayan Azərbaycanın həqiqətini dünya ölkələrinə və vətəndaşlarına çatdıracaq peşəkar jurnalistlərə ehtiyacı var. Bəli, bu gün mediamızda peşəkarlar var və hətta yetərincədir, deyə bilirik. Bəs sabah necə olacaq? Bu günün tələbəsi sabah ölkəmizin haqq səsini dünyaya yaya biləcək səviyyədə peşəkar kadr kimi yetişə biləcəkmi?

BDU-nun Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə keçirilmiş buraxılış işlərinin müdafiəsi fakültəni bitirən tələbələrin ixtisasa yiyələndiyini göstərdi. Bunu xüsusi qeyd etmək istəyirik ki, buraxılış işlərinin məzmunu müasir medianın tələblərinə uyğun seçilmişdi. Məsələn, «Blogerlik vətəndaş jurnalistikasının yeni formatı kimi», «Marketinq, neyromarketinq və media», «Humanitar hüquq və silahlı münaqişələrin «Vaşinqton rost» və «Dailu Telegraph» qəzetlərində işıqlandırılması problemi", «TV-də tematik verilişlərin strukturu (siyasət, sosium, kriminal)» və sair oxşar məzmunlu buraxılış işləri jurnalistika fakültəsinin müasir dövrün tələblərinə cavab verəcək səviyyədə kadr hazırlamaq iqtidarında olduğunu göstərirdi.  
Bir halda ki, tələbələr jurnalistikanın sirlərinə yiyələnmək və müasir dövr mediasının tələblərinə uyğun peşəkarlıqlarını artırmaq üçün 4 illik uzun bir yol keçirlər, qabiliyyət imtahanı nəyi dəyişir?        

Cahangir Məmmədli: «Qabiliyyət imtahanının qaydaları ya dəyişməlidir, ya da…»
 
Qeyd edək ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiqi ilə bağlı fikirlər müxtəlifdir. Qabiliyyət imtahanlarını lazımlı, gərəkli hesab edənlər də var, bunun lüzumsuz olduğu fikrini irəli sürənlər də. Amma Azərbaycanda müasir jurnalistika məktəbinin yaradıcısı və peşəkarları sayılanlar qabiliyyət imtahanlarının gərəksiz olması üzərində dayanır.  

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bu fikirdədir ki,  jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərir: 

- Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab etdim. Amma vəziyyət təkrarlandıqda və eyni vəziyyət təkrar yaşandıqda bu halın təsadüf olmadığını düşündüm. Əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı iki il eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var. Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər. Bu fikri ötən il səsləndirdiyimiz üçün elə bilirdik ki, Dövlət İmtahan Mərkəzi imtahan prosesində müəyyən dərəcədə dəyişiklik edəcək. Ərizə verən və qabiliyyət imtahanından keçmək arzusunda olanların böyük hissəsi yenə keçmədi. Bu o deməkdir ki, qabiliyyət imtahanı özünü doğrultmur.

Professor Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "qabiliyyət imtahanı olacağı halda fakültəyə bilikləri zəif olan abituriyentlər gələcəklər" fikrinin özünü doğrultduğunu vurğulayıb: 

- Həqiqətən də aşağı bal yığan abituriyentlər jurnalistikaya gəldilər. Onların ümumi dünyagörüşü, bilik səviyyəsi bizi təmin etmədi. Bu hal narahatlıq yaradır. Jurnalistika fakültəsində dərs deyən bir müəllim kimi bunun şahidiyəm. İstərdim ki, qaydaların üzərində yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin. Əgər mümkün deyilsə, növbəti ildən qabiliyyət imtahanı tamamilə götürülsün.

«Jurnalistika xüsusi qabiliyyət tələb edən sahədir» 

Jurnalist Nigar Məhərrəmova isə hesab edir ki, jurnalistika da yaradıcı sahədir və aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur:

- Jurnalistika fakültəsinə daxil olmaq istəyən abituriyentlərdən xüsusi qabiliyyət tələb olunmalıdırmı?

Hazırda bir sıra universitetlərdə fəaliyyət göstərən jurnalistika fakültələrinə nəzər salaq. Qapını açıb içəri daxil oluruq. Bu zaman qarşımıza 20, 40, 60 nəfərdən ibarət böyük bir auditoriya çıxır. Kim bu ixtisası könüllü olaraq seçib sualını verdikdə isə acınacaqlı bir faktla rastlaşırıq. Bu böyüklükdə olan auditoriyada qalxan əllər barmaqla sayılası qədər olur: 7, 8, 10. Sözsüz ki, bu ixtisasa qəbul olunmaq üçün qabiliyyət imtahanı keçirilsəydi, bu acınacaqlı halın qarşısı alınardı. O zaman bu fakültədə ixtisaslı və könüllü olaraq bu peşəni seçən gənclər oxuyardı.
İxtisas seçimi zamanı hər bir abituriyent 8 ixtisası kodlaşdırır. Öncəki iki sırada hər kəs ən çox arzuladığı istiqaməti qeyd edir. Həmin yerlərə qəbul ola bilməyən tələbələr beşinci, altıncı, yaxud da ən son sıralarda kodlaşdırdıqları fakültələrə düşürlər.
Jurnalistika bütün dövrlər üçün məsuliyyətli peşədir. Lakin bu ixtisası arzulamayıb, «əsas odur ki, hansısa ali məktəbə daxil olum, bir ilim boş keçməsin, zaman itirməyim» prinsipi ilə qəbul olunanlar az deyil.

Həqiqətən jurnalistikanı özünə peşə seçmiş tələbə kimi mən də qabiliyyət imtahanının keçirilməsinin tərəfdarıyam. Təsəvvür edək ki, rəssam deyib adlandırdığımız birisi əlində fırça tutmağı bacarmır. Yaxud bəstəkar olmaq istəyən şəxsin notlardan xəbəri yoxdur. O zaman onların hansı birisindən peşəkar sənətkar çıxa bilər? Hansı birisini sevərək əsərlərinə baxıb zövq almaq olar?

Jurnalist də eləcə. O da yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri biz jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır. Bu mənada jurnalistdən xəbəri hazırlayarkən yüksək peşəkarlıq, ixtisası mənimsəməklə yanaşı, insanları inandıra bilmək bacarığı da tələb olunur.      

Zeynal Məmmədli: «Jurnalistikada əsas ünsiyyət yaratmaq bacarığıdır»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə  qabiliyyət imtahanının keçirilməsini önəmsiz hesab edir: 

- Mən bunun əleyhinəyəm. 17 yaşında olan bir gənc nəyi dərk edir ki, nəsə bir şey də yazsın. Jurnalist yazıçıdan fərqli olaraq yalnız həqiqətləri yazmağı bacarmalıdır. Əvvəllər qabiliyyət imtahanında hər hansı bir mövzuda inşa verilirdi. Məgər inşanı yazmaq qabiliyyəti olmaq deməkdir? Qabiliyyət imtahanının önəmsizliyini qeyd edən müsahibimiz bunun əvəzində gənclərin psixoloji testdən keçirilməsini önəmli hesab edir: «İstedadlı gəncləri yetişdirmək üçün öncə onları psixoloji testdən keçirmək lazımdır. Bu zaman uyğun situasiyalar yaradılmalıdır. Məsələn, hansısa nömrəni yığıb dəstəyi həmin gəncə uzatmaq və bununla da onun tanımadığı şəxslərlə necə ünsiyyətə girmək məharətini yoxlamaq. Yaxud da baş verən ən son olayın o şəxs tərəfindən hansı sürətlə axtarıldığını yoxlamaq.

Z.Məmmədli bu fakültəyə daxil olmaq istəyənlərin ünsiyyətcil və sağlam psixikaya malik olmasını xüsusilə vurğuladı: 

- Keçirilən psixoloji testlə həmin gəncdə bu keyfiyyətlərin olub-olmadığını, həmçinin də onun müşahidə qabiliyyətini yoxlamaq olar.
Fikir müxtəlifliyinə baxmayaraq, bir məsələdə mövqelərimiz üst-üstə düşür ki, jurnalistika ixtisasını seçmək üçün yalnız test imtahanları ilə kifayətlənmək olmaz.
 
Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu