Girovların dəyişdirilməsi danışıqlar prosesinə müsbət təsir etməyəcək 


Ermənistan silahlıları tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlunun Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı Karapetyan Zaven Avanesoviçlə dəyişdirilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərini razı salıb.
Hətta o dərəcədə ki, həmsədrlər birgə bəyanatlarında bu faktı xüsusi vurğulayıblar. Bəyanatda iyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraq azad etmələri alqışlanır və tərəfləri belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyləri də yüksək qiymətləndirilir.

Bəyanatda bu da vurğulanır ki,"həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar».
Nədənsə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfindən illərdir Dağlıq Qarabağda girov saxlanılan, qanunsuz məhkəmənin hökmü ilə barələrində ömürlük həbs cəzası kəsilmiş Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bu məzmunlu birgə bəyanatla çıxış etməyi «ağıllarına» gətirmirlər. Yadlarına düşmür, yəqin. Digər tərəfdən, həmsədrlərin «pozitiv» birgə bəyanatının danışıqlar prosesində müsbət irəliləyişə səbəb olacağını düşünənlər də var.
Millət vəkili Elman Məmmədov isə «Şərq»ə açıqlamasında girovların qarşılıqlı qaytarılmasının və həmsədrlərin birgə bəyanatının hansısa müsbət dəyişikliyə səbəb olacağına o qədər də ümid etmədiyini bildirdi:
- Əsir və girovların qarşılıqlı dəyişdirilməsi münaqişə şəraitində olan ölkələrlə bağlı beynəlxalq hüquq normasıdır. Bunun danışıqlar prosesinə müsbət təsir edəcəyinə inanmıram. Dilqəm Əsgərov və Şahbaz Quliyev 5 ildir ki, ermənilərin girovluğundadır. Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri onları girov kimi tanımır. ATƏT həmsədrləri üçün onlar cinayətkardır. Amma bu adamlar hansı cinayəti törədib, bunu aydınlaşdırmaq istəyən də yoxdur. Bu adamlar öz doğma yurdlarını ziyarət edərkən Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlıları tərəfindən girov götürülüb. Bir ölkə ki, işğalçı ola, onun məhkəməsi qanuni ola bilərmi? Amma bu qanunsuz məhkəmə iki şəxs barəsində hökm çıxarıb. Biri ömürlük həbsə, digəri 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesinin irəliləməsini, Azərbaycan ərazilərinin işğaldan azad edilməsini istəyirsə, niyə bir dəfə Dilqəmlə Şahbazın adını çəkib onların azad olunmasını tələb etmirlər? Niyə bu iki nəfərin girovluqdan azad edilməsi üçün düşmən tərəfə təzyiq göstərmirlər? Mən bir dəfə də bunu demişəm, yenə təkrar edirəm, Rusiya vətəndaşı Dilqəm Əsgərov azərbaycanlı yox, hansısa başqa millətin nümayəndəsi olsaydı və qanunsuz şəkildə girov götürülsəydi, Rusiya həmin ölkəyə hər cür təzyiq göstərib vətəndaşının azadlığını çoxdan təmin etmişdi. Deməli, Rusiya öz vətəndaşlarına milliyyətinə görə fərq qoyur. İndiyədək Rusiya bu şəxsin girovluqdan azad edilməsi üçün barmağını da tərpətməyib. Ayrı-seçkilik göz önündədir. 
E.Məmmədov girovların qarşılıqlı qaytarılmasının danışıqlar prosesinə hansısa formada müsbət təsir göstərəcəyinə dair bəzi fikirlərlə razılaşmadığını söylədi:
- Hərənin bir baxış bucağı var, ola bilər, kimlərsə belə hesab edir ki, girovların qarşılıqlı dəyişdirilməsi danışıqlar prosesində Ermənistan tərəfinin yumşalmasına işarə ola bilər və sairə. Mən bu fikirlərlə qətiyyən razılaşmıram. Həmsədrlər hər dəfə bəyanat verirlər. Hansı məzmunda olur bu bəyanatlar; təmas xəttində gərginliyi azaldın, xalqları sülhə hazırlayın, atəşkəs rejiminə riayət edilsin. Bu bəyanatlar ancaq Ermənistanın lehinə işləyir. Ermənilər bu məzmunlu bəyanatların verilməsindən məmnun qalırlar.
Çünki mövcud şərait onların xeyrinədir. Torpaqlarımızı işğal ediblər, ərazilərimizdə qeyri-qanuni məskunlaşma aparırlar, tarixi abidələri dağıdır, bəzilərini özününküləşdirir, Azərbaycan torpaqlarında Azərbaycanın izini silirlər. Həmsədrlərə də yalmanırlar ki, bilirik, siz qoymazsınız Azərbaycan hərbi yola əl atsın. Ona görə də həmsədrlər «münaqişə yalnız sülh yoluyla həll olunmalıdır» deyir. Ermənilərlə ATƏT-in Minsk Qrupu həmfikirdilər. Bəs bizə sərf edirmi bu - nə müharibə, nə sülh şəraiti? Əlbəttə, yox.
Biz nədən razı qalmalıyıq? O vaxt razı olarıq ki, torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan dövləti öz ərazisində konstitusion hüquqlarını bərpa etsin. Ancaq düşmən oturub bizim torpaqlarda, biz də razılaşmalıyıq ki, gəlin, sülhə hazırlaşaq? Belə fikirlər bizə qətiyyən yaramır və Azərbaycanın əleyhinədir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu