"Təsəvvür edə bilirsinizmi insan ac qaldığına görə ölür"  


Volterə azərbaycanlı redaktorun cavabları


Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.
“Metbuat.az”ın müsahibi  "Şərq" qəzetinin redaktoru Ayyət Əhməddir.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?
- Sevgi bilə-bilə özünü bir anda görüb, məftun olduğun birindən asılı vəziyyətə salmaqdır, məncə. Bu mənada sevgi həm də bir az sərbəstliyini və xarakterini itirməkdi. Bərk sevən insan bəzən prinsiplərinə xəyanət etmək məcburiyyətində qalır. Yəni, sevgi də qurban tələb edir. Möhkəm sevən adam çox hallarda özünü müti, mötədil və kölə vəziyyətinə salır. Bu dəmdə şairin bir misrası yerinə düşür: “Mən ki, kölən idim, kölən əlində”. Saf, pak sevgiyə görə, kiminsə təpiyini də, şilləsini də “yemək” olar. Fəqət, əsas odur ki, səni sevgi şillə, təpik yağışına tutmasın. Bax, bunun acısı söz yarası kimi dözülməz olur. Göz yaşı kimi duru, ana südü qədər halal, söz qədər uca sevginin göbəyi göydə kəsilir, zənnimcə. Xub, belə sentimental və günəş kimi ləkə götürməyən inci - sevgi niyə iyrənc nəticələr doğurur? Bunun günahını niyə sevgidə axtaraq ki?! Sevgi bizim iç dünyamızın zahirimizdəki inikasıdır. Canımızdakı sevgi yaralarının günahını özümüzdə axtarmalıyıq. Şair yaxşı deyib: “Hər kim ki, yüz yaşamır günah onun özündədir”. Baxın, əksəriyyət sevgini həmişə bahar ətrində, göyün ənginliklərində, kəhkəşanda, çiçəklərin qoxusunda, bülbüllərin cəhcəhinə bürünmüş bir yaz səhərində, günəşin doğmağında, narın yaz yağışında, bir “sabah kahvaltısı”nda , özünü qayalara çırparaq parçalanan coşqun dalğaların damlalarında, üstünə səhər şeyi düşmüş qızılgüldə axtarır və ya sevgini orada görür. Sevgi o məkan və məqamlarda doğulur, bəlkə də. O məsum, tifil, isti, həlim sevginin çiskinli payız yağışını, qılınc kimi kəsib keçən qış soyuğunu, çovğununu, sərt üzünü ağlımıza belə gətirmirik, gətirmək istəmirik. Faciəmiz də elə buradan başlayır. Məhz ona görə də sevən gənclər ilk aylarda biri-birinə şeir yazırlar. Artıq üstlərinə yorğan kimi örtülmüş həsrətə son qoyub, vüsala qovuşub, ocaq çatıb, ailə qurduqdan sonra şeirdən imtina edib, nəsr yazmağa başlayırlar. Nəsrdə isə qayğı, iztirab və ağrılar süzülür qara qələmin ucundan ağ kağıza. Və bəzən bu nəsr onlar üçün məşum nəticələr doğurur. Bu sevgi bir anın içərisində nifrətə çevrilir. 13 il sevgili olub, “can deyib, can eşidənlər”in evləndikdən 13 ay sonra “qan deyib, qan eşitmələrinin” az şahidi olmamışıq. Sevginin payız üzünü düşünmürsənsə, o üzə hazır olmursansa, sevgini yalnız çiçəklərin doğulmasında və ya şair demiş “Hələ əl dəyməmiş dodaqlarda” axtarırsansa, deməli, o sevgini ağlınla yox, hissinlə yaşayırsan. Hisslər də, adamı çox vaxt yarıyolda buraxır. Əlqərəz, sevgi çiçəkdi, o odun olmaq istəmir, odun olmaqdansa, solub ölməyi seçir. Onun gözdən itməsi isə sənə ölümdən də betərini yaşadır. Ömrünə, həyatına qış fəslinin ən sərt küləyini əsdirir. Səni buza döndərir, bir küncə sığınıb, dizlərini sinənə yığıb, qanı qaçmış əllərinə “hu” edib isti nəfəs verəcəyin qədər üşüdür. Ondan sonra kişisən di, gəl yaşa... Sevginin tərifini belə verərdim: Sevgi illər boyu ürəklərdə göyərən arzuların bir gün bir üzük vasitəsilə bir barmağa axıb dolmasıdır”.
- Sevgi öldürməyə qadirdir?
- Köksünə sevgi doldusa, bircə çıxış yolun var: sevməlisən! Sevgi bəzən ağrıyan diş kimidir, çıxarmasan rahatlana bilmirsən. Sevgi belədir. Çıxacaq qanı damarda saxlaya bilmədiyimiz kimi, sevgini də ürəkdə boğub saxlaya bilmərik. O ali və ümdə hiss qəlbinizə hakim kəsildisə, sevin! Amma unutmayın ki, sevgi hər iki tərəfin təmənnasız istəyi zamanı daha ali və sarsılmaz olur. Təktərəfli sevib, özünü sevginin quluna çevirmək qan verən sağalmaz yara kimi həmişə insanı incidir. Şübhəsiz, sevgi qana işləyərsə, öldürməyə qadir olur. Bunun çoxsaylı nümunələri var. Amma ümumən, sevgi ölümə təşnə deyil. Psixologiya elmi insanı temperament və xarakterinə görə, 4 kateqoriyaya bölür: sanqvinik, fleqmatik, melanxolik, xolerik. Bəli, sevgi melanxolik insanları dərhal öldürə bilir. Çünki melanxoliklər sevgini bəzən dərd və ya yük kimi yaşayırlar. Nəinki, sevgiyə, hətta özlərinə belə inanmırlar. Ən xırda problemi özlərinə elə böyük yük edirlər ki... Bax belə insanlar bircə dəfə sevginin sərt üzünü görəndə artıq onun aciz qurbanına çevrilirlər. Onların ən böyük üstünlükləri odur ki, canlarına qıyırlar, amma sevgilərinə yox! Amma sanqviniklərdə tam əksini müşahidə edirik. Onlar üçün həyat rəngarəngdi, həmişə davam edir, həmişə yenilənir. Sanqviniklər sevgiyə ağac budağı kimi yanaşır çox vaxt. Onlar bu sevgidən o sevgiyə asanlıqla qona bilirlər. Bu xarakterli insanlar həyatlarını fransızsayağı - doya-doya yaşayırlar. Fleqmatiklər də sevəndə olduqca möhkəm sevirlər, lakin çox soyuqqanlıdırlar. Bir addımlarını 100 yox, milyon dəfə ölçüb, sonra biçirlər. Sevgi onları öldürə bilmir. Xoleriklər isə inadkardılar, başlatdıqları işi yarımçıq buraxmırlar, tez hiddətlənirlər, amma sevgi ilə bağlı problemləri yarandıqda məsələni intiharsız, ölümsüz tənzimləyə bilirlər. Sevginin öldürməsi və ya öldürə bilməməsi xarakterdən asılıdır. 
- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?
- Azadlıq amilinə həmişə şərti və nisbi bir anlayış kimi yanaşmışam. Azadlıq beyin, düşüncə, şüur işlədikcə, daha dərinə və uzağa gedə bilən bir dəyərdir. Azadlığın üfüqləri o qədər geniş və açıqdır ki... Bu mənada hesab eləmirəm ki, mütləq bir azadlıq var. Dünyanın heç bir ölkəsində azad insan yoxdur. Məsələn, hər kəs nə vaxtsa öləcəyini bilir və özü etiraf etməsə belə, bundan daim qorxur, hürkür. Təkcə bu fakt insanın azad olmadığını göstərir. İnsan həmişə kimdənsə, nədənsə, asılıdır. Razılaşıram ki, sərbəst insanlar var. Sərbəstliklə azadlığı qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir. Sərbəstliklə, biveclik və özbaşınalığın isə sərhədləri arasındakı məsafə 10 santimetrə qədərdir. Bu sərhədləri də identifikasiya edə bilməyəndə kanallar qarışır və anarxiya yaranır. Volterin “Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun” fikrinə qoy, elə fransız atalar sözünün gözü ilə baxaq. Fransızlar deyir “Pouvoir c’est vouloir, vouloir, c’est pouvoir”(istəmək bacarmaqdı, bacarmaq da istəmək) Görünür, bu atalar sözü məhz elə Volterin dönəmində yaranıb. Doğrudur, istəkdən çox şey asılıdır, amma hər şey istəkdən asılı olmur axı. Hər şey istəməklə reallaşsa idi, yaşamağa nə vardı ki... İstədiyimiz hər şeyi bacararıqsa və ya bacardığımız hər şeyi istəyə biləriksə, onda dünyada problemlər, qarşıdurmalar, silahlı toqquşmalar, qarğınlar, qətliamlar olmazdı. Məsələn, Qi dö Mopassan da Fransada Eyfel qülləsinin tikilməsini istəmirdi. O və başqa 300 nəfər ziyalı bunun inşasına qarşı idi. Onu dəmir yığını adlandırırdılar. Onların da istəyi Eyfel qülləsinin tikilməməsinə nail olmaq idi. Bu istəklərinə çatmağı bacardılarmı? Xeyr. Volterdən fərqli olaraq Mopassan bunu daha dəqiq dərk etmişdi. Eyfel qülləsini görməsin deyə, gedib onun birinci mərtəbəsindəki kafedə oturub yemək yeyərmiş, ara-sıra da yazı-pozu işlərini görərmiş. Ona görə də istəklə bütün niyyətlərə müyəssər olmaq hər zaman mümkün olmur. Buna mühit mane olur.
- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?
- Mən elə bilirəm ki, yeni dünyanı hər kəsin özü kəşf etməlidir. Məni xoşbəxt edən, həyata sıx tellərlə bağlayan odur ki, özümü yeknəsək dünyadan, həyatdan uzaqlaşdırmağı bacarıram. Məsələn, mənim üçün yeni dünya hər işdən evə gələndə mağazadan qızımın daha çox sevdiyi şirniyyatları seçməkdir. Bilirəm ki, o bu şirniyyatları görəndə sevinci göyə dirək olacaq. Mənim üçün yeni dünya qapı döyüləndə qızımın “Ayyətdi?” deyə soruşub “Hə, qızım, mənəm” cavabını alandan sonra atılıb-düşməsidir. Məni görcək boynuma sarılmasıdır. Onunla oynadığım gizlən qaçdır. “Həkim qızım, məni yoxla” deyəndə oyuncaq tibb çantasını çıxarıb, mənə nəfəs verməsidir. Mənsiz yatmamasıdır. “Ayyət ürəyimdi” deməsidir. Bu sadaladıqlarımın hər biri məni hər gün yeni və fərqli bir dünyaya aparır. Bəzən yeni dünyamı hansısa yazıya qoyduğum çəkici və yaradıcı bir başlıqda tapıram. Yeni dünyamı tələbələrimin əhval-ruhiyyəsində, aralarındakı fikir mübadiləsində tapıram. Bir də görürsən yeni dünyamı fransız dilinə tərcümə etdiyim bir şeirin ən sadə bir misrasında ilişib qalıb, Moşu kimi “xoşbaxlıq-xoşbaxlıq” deyə-deyə gəzməyimdə tapıram. Yeni dünyanı bizə heç kim yaratmayacaq. Yeni dünyanı insan özü yaratmalıdır. İnsan həm də öz həyatının memarı olmalıdır. Həyatını, dünyanı elə inşa etməlisən ki, ən azı orada yaşamaq sənə istibdad, məşəqqət göstərməsin. Əksinə, zövq və entuziazm versin. Kimsə öz yeni dünyasını qura bilmirsə, o adam melanxolikdir və o melanxoliyanı dərisində yaşadır. Yeni dünya insanın öz beynində olmalıdır. Beynin monotondursa, yaxşı çalışmırsa, innovativ quruluşlara qapı açmırsa, artıq o yeni dünya da kəşf edə bilməyəcək. Məsələn, yaxşı şeir özündən sonra yaxşı bir şeirin doğulmasına rəvac verir. Yeni və kreativ düşüncə də elədir. Amma yeni düşüncəni və dünyanı qəbul etməyənlərin həyatı yalnız küydən ibarət olur. Və o adam heç vaxt səs ola bilmir. Mən özüm üçün yaratdığım yeni dünyamda palitranın pozulmasına imkan vermirəm. Yeni dünyamda saatın əqrəblərini ailəmin, qızımın, şeir tərcümələrimin, yazılarımın üzərində qururam. Bu məni çox xoşbəxt edir.
- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?
- Məncə, Volter indi yaşasaydı, bu cümlələri heç yazmazdı. Qoy ruhu inciməsin bizdən, amma onların öz patronlarını özlərinə qarşı işlədəcəm. Fransanın milli devizi “la liberté » (azadlıq), “l‘egalité “(bərabərlik) et “la fraternité”(qardaşlıq)dur. Bu gün Fransa bu devizlərə əməl edirmi? Xeyr! Demokratiyanın beşiyi sayılan, qədim və zəngin mədəniyyəti olan bir ölkədə “sarı jilet”lilər öz qardaşları olan polislər tərəfindən ən amansız işgəncələrə məruz qalır. Bir ölkənin daxilində, eyni qan və candan olan qardaşlar arasında qardaşlıq, bərabərlik yoxdursa, bu bərabərliyi daha böyük masştabda axtarmaq sadəlövhlük və əbləhlik olardı. Dünyada bərabərlik olsaydı, Suriya və digər münaqişə bölgələrində insanlar acından ölməzdilər. Təsəvvür edə bilirsinizmi, insan ac qaldığına görə ölür. Bu cümləni duyub, dərk edəndə beyin “error” verir. Dünyanın hansı ədalətindən danışaq? 20 faiz torpağımız işğal altındadır, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Tarixi abidələrimizi erməni vandallar məhv edib. Volterin də doğulub, boya başa çatdığı ölkə bu vəhşəti törədənləri keçmişdə də dəstəkləyib, indi də dəstəkləyir. Buna dünya birliyi də susur. Volter hansı dünyəvi və bəşəri bərabərlikdən danışır? Dünyanın ədaləti budur: gücün və pulun varsa, ədalət də səndədi, sərvət də, reputasiya da... Və bu ədalətsiz yanaşma ovqatımı ciddi şəkildə təlx edir. Buna rəğmən düşünürəm ki, güclü və haqsızın yanında durub, “böyük” görünməkdənsə, gücsüz, lakin haqlı olanın yanında dayanıb, “balaca” görünmək daha şərəfli işdir. 
- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?
- Buna da fransızların bir atalar sözü ilə cavab verim. “La vie passe il ne nous reste qu les traces” (Həyat keçir bizə yalnız izlər qalır). Bir az alt qata ensək görərik ki, bu atalar sözü insanı həyatdan zövq almağa, sevdiklərindən qopmamağa və həyatını yelə verməməyə çağırır. Yəni sənə bəxş edilən o ömrü elə yaşamalısan ki, özündən sonra iz qoya biləsən. Elə iz ki, o iz səni unutdurmasın və səni ölümsüz etsin. Fərz edək ki, hamı Volterin dediyi kimi edir. Dünyaya gəlir, böyüyür özünü qanan, həyatı dərk edən vaxt “Mən heç nəyə və heç kimə lazım deyiləm“ deyir və özünü öldürür. Bu çox ziyanlı düşüncədir. Əlbəttə, həyat fanidir, bu dünyada hamımız qonağıq, bir gün hamının yüyürüyü yırğalanacaq. Onsuz da ölümdən qurtuluş, qaçış yoxdur. Bir gün cənabi Əzrayıl xırtdəyimizə çöküb bizi haqlayacaq. Amma bu ömrü elə yaşamalıyıq, elə nəsnələr, əməllər, işlər qoyub getməliyik onlar bizi daim qəlblərdə və beyinlərdə yaşatsın. Özümüzü yalnız doğum tarixi olan şəxsiyyətə çevirməyi bacarmalıyıq. Son aylar ölüm barədə çox düşünürəm. Onu anlamağa çalışıram. Onunla üz-üzə qalacağım və pəncəsi altına düşəcəyim son günümü düşünürəm. “Bu gün necə olacaq, ora varmı? Varsa, haradadır, necədi? Doğrudan da qara paltarlı qadın kirimədikcə, qəbrim damacaqmı?” suallarının cavabsız qalması məni çox yorur. Beynim “bəlkələr” qəbiristanlığıdır. Vaqif Səmədoğlunun təbirincə desək, təəssüf edirəm ki, öləndən sonra ölümün nə olduğunu heç kimə anlada bilməyəcəm. Yanımda heç mobil telefon da olmayacaq ki, məlumat verim. Adamı bircə bu yandırır. Həyat insana bir dəfə verilir. Onu yaşayıb, dadını çıxarmalısan. Bizə o izləri buraxmaq gərəkir ki, ölüm bizi unutdura bilməsin. Biz də ölümdən intiqamımızı bu cür almış olarıq. Bu ömrü elə yaşamaq gərəkir ki, evdən deyil, eldən gedən adam olasan. Axı ölüm yox olma deyil, qəfil gözlərdən qeybə çəkilmədir.
- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?
- Adı nihilizm və eqoizm, dadını bilmirəm, amma güman kimi ağı dadar. Doğrudur, mütləq gözəllik də yoxdur. Bəzən hər hansısa bir gözəllikdə də tənqid etməli nələrsə ortaya çıxır. Söhbət sağlam və qərəzsiz tənqiddən gedir. Sağlam tənqid və mühakimə tərəqqiyə aparır. Amma hər şeyi top-tüfənglə qarşılayan adamlar, sadəcə, qərəzli, eqosuna yenik düşən adamlardır. Rəhmətliklərdən biri deyib: “Sən nə çalırsan çal, mən heyvagülü oyanayacam”. İndi beləsinə nə ərz edirsən et, nə təlqin edirsən elə, nə aşılayırsan aşıla, yenə də öz havalarını çalıb oynayacaqlar . Belə adamları sərbəst buraxmaq lazımdır, onsuz da sonda öz eqoları öz evlərini yıxacaq. Bu cür nihilistlər heç vaxt uğur da qazana bilmirlər. Gözəlliyə, gözəllik deməyi bacarmalıyıq artıq.
- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?
- Ola bilər ki, görüntüdə emosiyalar, hisslər, jest və mimikalar açıq-aydın görünür deyə, insan faciəni, o faciəni yaşayanın hiss və həyəcanını daha yaxşı anlayır. Yazı isə təhtəlşüurda bu effekti yarada bilmir, bəlkə də...
- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Dünya belə gəlib, belə də gedir. Heç düzələn də deyil!
Hazırladı: Tural İsmayılov
Paylaş
Bizi Facebookda izləyin
menu
menu