“Su-30 SM” tez qəzaya uğrayan təyyarələrdəndir” - Ekspert



“Rusiyanın Azərbaycana Su-34 və Su-35 kimi yeni nəsil döyüş təyyarərələrini təklif etməsi Moskvanın hazırkı şəraitdə Azərbaycan kimi böyük bir bazarı əldən buraxmamaq cəhdidir”. 
Bunu “Sherg.az”a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. 
Ekspert bildirib ki, Birləşmiş Aviatikinti Korporasiyasının rəsmiləri onunla söhbətində bir çox maraqlı məqamlara toxunub: 

“Bu barədə danışmaq hələ tezdir. Rusiya bundan əvvəl Su-30 SM və MiQ-35 təyyarələrini təklif etmişdi. Azərbaycan isə imtina etmişdi. Bunun bir neçə səbəbi var. Birincisi, adıçəkilən təyyarələrin Azərbaycanın müharibə teatrına uyğun olmamasıdır. Bunu müdafiə naziri Zakir Həsənov da ötən günlərdə açıq bəyan etdi. İkincisi, Su-30 SM tez qəzaya uğrayan təyyarələrdəndir. Qiyməti də kifayət qədər bahadır. Rusiya digər tərəfdən Ermənistanla Su-30 SM satışına dair müqavilə imzaladı. İndi Azərbaycanın həm könlünü almaq, həm də üzləşdiyi maliyyə problemlərini silah satışı hesabına qapatmaq üçün yeni təkliflərlə çıxış edir”. 
Hərbi ekspert vurğulayıb ki, yeni təkliflər arasında tək təyyarələr deyil, digər məhsullar da var: 
“Fikrimcə bu, sadəcə təklifdir. Təklifin reallaşması üçün hələ bir çox prosedurlar lazımdır. Bu gün Azərbaycana Pakistan JF-17 “Thunder” təyyarəsini, “Eurofighter” Avropa konsorsiumu “Typhoon”, İsveç “Grippen” döyüş təyyarələrini təklif edir. Alternativ olan Qərbin daha müasir və yeni texnologiyalarını qoyub bu təyyarələrini almaq əslində Azərbaycan Ordusunun hələ uzun illər köhnə sovet-rus texnologiyasından asılı olması deməkdir”.
Qeyd edək ki, Rusiya Ordu-2019 (Army-2019) Forumunda Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatını keçirib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları