“Azərbaycan vətəndaşları bu artımdan faydalanacaq”


“Dövlət rəhbərliyi tərəfindən aparılan islahatlar və artımlar bundan sonra da davam edəcək”. 
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib. 
Ekspert bildirib ki, islahatlar nəticəsində Azərbaycan əhalisinin bir çox problemləri həll olunacaq, sosial rifahı daha da artacaq: 
“Sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edəcək. Pensiya məsələsində bir məqamı xatırlatmaq istəyərdim.
Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, “Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq”. Hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır: “Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq”. Yəni pensiyaların artırılması üçün, insanların rifahının artırılması üçün daimi iş gedir və bu proses davam edəcək. Əmək haqqına dair isə baş nazirin müavini Əli Əhmədovun açıqlamasını xatırlatmaq istərdim. O məlumat verib ki, dövlət sektorunda çalışanlarla yanaşı, özəl müəssisələrin işçiləri üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur. Həm də bildirib ki, ölkənin iqtisadi imkanları, dövlət büdcəsinə daxil olan vəsaitlər artdıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq”.
A.İmanovun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir: 
“Bu ilin ilk aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları çoxalıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaq. Hökuməti üçün vətəndaşların rifahının yüksəlməsindən ali məqsəd yoxdur. Vurğulamaq lazımdır ki, son artımlardan sonra Azərbaycan MDB məkanında ən yüksək minimum əməkhaqqısı olan ölkələr kateqoriyasına daxil oldu. Və bu, dediyim kimi, son deyil. İqtisadiyyatımız inkişaf etdikcə Azərbaycan vətəndaşlarının sosial rifahının artımı üçün lazımi tədbirlər bundan sonra da davam etdiriləcək”.



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu