“Paşinyan gələndən sonra danışıqlar prosesi ciddiyyətini itirdi” – Nə etməli ?

 Həsrət Rüstəmov: “Ölkəmiz ərazilərimizin işğaldan azad edilməsi üçün müttəfiqlər axtarmalı və döyüş əməliyyatlarına hazır olmalıdır”


“Ermənistan danışıqlarda heç zaman müstəqil və ardıcıl olmayıb”. 
Bunu “Sherg.az”a açıqlamasında ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyib. 
Partiya nümayəndəsi bildirib ki, Ermənistanı idarə edənlər təkcə rəsmi hakimiyyət təmsilçiləri deyil: 
“Erməni rəhbərliyinin əsasən xaricdə yaşayan erməni lobbisinin, Daşnaksütyun Partiyasının və Moskvanın ciddi təzyiqi altında hərəkət etməsi heç kimə sirr deyil. Digər tərəfdən hakimiyyət dəyişiklikləri dövlətin adından qəbul edilən qərarlara təsir etməməlidir. Amma Ermənistanda hər hakimiyyət dəyişikliyi danışıqlar prosesini sıfırdan başlamağa vadar edir. Paşinyan hakimiyyətə gələndən sonra isə danışıqlar prosesi Ermənistanın ucbatından ümumiyyətlə ciddiyyətini itirib”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan baş naziri gah yeni format təklif edir, gah da danışıqların davam etdirilməsi ilə uyğun gəlməyən digər variantlar irəli sürür: 
“Beləliklə də bu ölkənin işğalçılıq siyasətindən əl çəkməyəcəyini hər vəchlə nümayiş etdirir. Ona görə də hazırkı dövrdə danışıqlar prosesinin hər hansı müsbət irəliləyişə gətirib çıxarmayacağı tamamilə aydındır. Məncə, Azərbaycan danışıqları davam etdirmək əzmini göstərməklə yanaşı, bu danışıqların nəticələrinə heç cür bel bağlamamalıdır. Ölkəmiz ərazilərimizin işğaldan azad edilməsi üçün müttəfiqlər axtarmalı və döyüş əməliyyatlarına hazır olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu